ƏBƏDİYYƏT QALASISAN İSMAYIL!!!-

ƏBƏDİYYƏT QALASISAN İSMAYIL!!!- Əbədilik qalasısan İsmayıl...

(Türk dünyasının böyük oğlu , qüdrətli qələm sahibi İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə...)

İsmayıl Şıxlının boynumda haqqı-sayı böyük olduğundan onun 100 illik yubileyi ərəfəsində daha ətraflı danışmaq fikrindəyəm. İlk dəfə İsmayıl Şıxlı ilə Yazıçılar birliyində onun iş otağında görüşəndə (onda İsmayıl Şıxlı Yazıçılar Bilirinin birinci katibi idi)o, məndən bir neçə şeirimi söyləməyi xahiş etdi. Əvvəlcə “Yadda saxlar ellər məni” gəraylımı dedim:

Qalxdım uca dağ başına,

Salamladı güllər məni.

Düşdüm leysan yağışına,

İtirmədi ellər məni.

Nə ipəyi bezə verdim,

Nə dərdimi üzə verdim.

Ömrü günü sözə verdim,

İtirmədi ellər məni.

Hava çalmaz saz qırığı,

İşə keçməz söz sırığı.

Fəzailəm haqq aşığı,

Yadda saxlar ellər məni.

Gülümsəyib dedi: “Niyə haqq aşığı olmaq istəyirsən, xalq şairi olmaq istəmirsən?” Cavab verdim: “Haqq aşığı olmayandan, xalq şairi çıxmaz”. “Eləsə bir gəraylı da söylə” - dedi. Atama həsr etdiyim “Yenə sığar ocağına” gəraylımı söylədim:

Ata məni endirəmməz,

Hökümdar da ayağına.

Ömrüm vaxtsız söndürəmməz,

Min dərd gəlsə, ha yaxına.

Oğlum gələr hala, dəmə,

At nisgili, batma qəmə.

Bircə nolar yazma-demə,

Ürəyimin varağına...

Şair ollam sözüm qalsa,

Həkim ollam can sağalsa.

Fəzailin Şah da olsa,

Yenə sığar ocağına

Sənin ata qucağına.

İsmayıl Şıxlı heyranlıqla dilləndi: “Deyə bilərsənmi ata ocağına həsr etdiyin bu gəraylının sonuncu bəndində bir misra niyə artıq oldu?” Cavab verdim: “Çünki atamı dünyada hamıdan çox istəyirəm. Ona görə də bir misranı artıq demişəm”. Eləsə atana həsr etdiyin ən gözəl bildiyin şeirini söylə” – dedi. Baş üstə deyib “Atam gəldi, atam getdi” şeirimi söylədim:

Atam gəldi, uzaq yolu,

Gözü dolu, könlü dolu.

Kəndimizdə körpələnmiş,

Bakımızda səpələnmiş.

Dörd baladan olsun halı,

Atam gəldi, gətirdi əynində

Dörd il əvvəlki paltarı,

Atam gəldi, gətirdi ürəyində,

Ata həsrəti, ata intizarı...

Atam gəldi, bu gəlişdən

Duydum nələr, duydum nələr...

Bunu yazsam çatan deyil, qələm-dəftər,

Yazmasam da ürəyimi ağrı dələr...

Bu gəlişdən mən oxudum 

–Ağıl sərvət, zəhmət sərvət.

Bu gəlişdən mən oxudum,

harınlara sonsuz nifrət.

Çox şükür ki, atam mənim 

–xəsis deyil, xəbis deyil.

Müftəxorlar məclisinə

 -doğma deyil, əziz deyil.

Atam deyər:

- Pulu səpən insan qolu sınmalıdır,

Atam üçün 

–Bir qəpik də gərəklidir, mənalıdır.

Atam gəldi,

Bircə gecə qala bildi,

Bunu bizim gen Bakıda,

Qəhqəhəli şən Bakıda,

Bir dar daxma,

Bir yatacaq,

Bir də dördcə bala bildi.

Atam getdi –

Amma bilmirəm niyə, nədən?

Qabarlı əllər tikən,

Adam deyə haray çəkən.

Üzü bər-bəzəkli,

İçi tər-təzəkli.

Saraylara söymədi getdi,

Şükürlər olsun Allaha!!!-

Alçaqların qapısını döymədi getdi.

“Atam gəldi, atam getdi” seirimi dinləyib İsmayıl Şıxlı dilləndi: - “Oğlum daim belə şerilər yaz səninlə ömürlük dost olum. Bu şeirin yazılma tarixini danış. İsmayıl Şıxlıya dedim: “Atam I-ci qrup hərbi əlildir. Onun beş qızı, bir oğlu var. Mən Tibb İnstitutunda, üç bacımsa universitetdə oxuyurlar. Mən Tibb İnstitutunun yataqxanasında qalıram. Üç bacım da mən qaldığım yataqxanaya yaxın kirayə yaşayırlar. Tibb İnstitutunun yataqxanası təmirə bağlandığından mən də bacılarımla birgə kirayədə qalmalı oldum. Atam Bakıya yanımıza gəldiyi gün mən təcili yardımda növbədə idim, evə gec gəldim. Atamla görüşüb, öpüşüb, yatmağa yer olmadığından o gecəni sübhə qədər şirin-şirin söhbət etdik. Sabahısı atamı kəndə yola salandan sonra xəyalımdan təcili yardım stansiyasında  işlədiyim vaxt ərzində Mərkəzi Komitə katiblərinin, birinci katiblərin, nazirlərin, məhkəmələrin, prokurorların və bu zümrədən ağır xəstələnənlərin çağırışına gedəndə onların hansı mənzillərdə, hansı millətdən olanlarla hansı şəraitdə yaşadıqlarını xatırladım... Bir sözlə, ağaların tənəzzülünü və gədaların tərəqqisini təhlil edərək bu şeirimi qələmə aldım. İsmayıl Şıxlı çox dərin fikrə gedərək dedi: “Deməli, sənin atan da əsilzadə nəslindəndir”. “Bəli, həm atam, həm də anam əsilzadə nəslindəndir” – deyə cavab verdim. Beləliklə, mən İsmayıl Şıxlıyla ömürlük dost oldum. Elə həmin günün sabahısı Yazıçılar Birliyinin Şüvəlan Yazıçılar Evində İsmayıl Şıxlının adına olan otağı özünün göstərişiylə mənə verdilər.

 İsmayıl Şıxlı tez-tez yaradıcılıq evinə gələrdi. Orada şairlərlə, yazıçılarla, tənqidçilərlə görüşlər keçirərdi. O, görüşlərdə mən də yazdığım təzə şeirləri oxuyardım. Bəyənilən şeirlərim “Ulduz”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində və rus dilinə tərcümə edilərək “Molodyoj Azerbaijan” və digər qəzetlərdə dərc edilərdi. Bir sözlə İsmayıl Şıxlının YB-nə rəhbərlik etdiyi dövr mənim yaradıcılığımın qızıl dövrüdür.

İsmayıl Şıxlıyla ilk dəfə görüşəndən sonra o, Yazıçılar Birliyinin ədəbiyyat fondunun sədri Adil Hacıyevi çağırıb dedi: “İndi gedib, Fəzailə ədəbiyyat fondunun birinci mükafatını verərsən. Sonra da hər ayda 150 manat pul kömək edərsən”. “Ehtiyacım yoxdur” – deyə dilləndim. İsmayıl Şıxlı gülümsəyərək dedi: “Şairin könlü səxavətli olduğu kimi, əli də səxavətli olmalıdır”. Adil müəllim məni öz ötağına apardı və mənə 400 manat pul verərək dedi: “Bu pul İsmayıl Şıxlının təzə nəşr olunan kitabının qonorarının pulundandır. Yəni, bu pulun ədəbiyyat fondunun pulana dəxli yoxdur. Əslində bu pula İsmayıl Şıxlı təqaüdü deyilsə daha doğrudur. Yəqin ki, hər ay da sənə verdiyi 150 manat pul da İsmayıl Şıxlı təqaüdünə aid olan puldan olacaqdır”. (Mən o vaxt yazıçılar birliyinin üzvü deyildim. Həm də ədəbiyyat aləmində indiki qədər öz bəhrəmi verməmişdim.Təzada baxın ki, dövlətimizin müstəqil olmasından 28 il keçməsinə baxmayaraq, Yazıçılar Birliyindən zəhmət haqqı olaraq, bir qara qəpik də almamışam, daha üzləşdiyim haqsızlıqları da yada salmaq istəmirəm). Doğrusu, İsmayıl Şıxlının alicənablığına heyran qaldım. Axı mən o vaxt heç Yazıçılar Birliyinin üzvü deyildim, Azərbaycan müstəqil dövlət olmadığı üçün Yazıçılar Birliyinə üzv olmaq fikrim də yox idi.

Bir dəfə İsmayıl Şıxlı Şüvəlan Yaradıcılıq Evində mən qaldığım otağa (yəni öz otağına) gəldi. Mən mütaliə etdiyim kitabları nəzərdən keçirərək dilləndi: “Əhsən zənninə, Şüvəlan Yaradıcılıq Evinin kitabxanasındakı oxunmalı kitabları düz seçib götürmüsən. Fikir verirəm ki, mütaliə etdiyin kitabların çoxu Avropa, ABŞ, Türkiyə, Yunanıstan, Yaponiya və digər ölkələrin yazıçılarının, şairlərinin kitablarıdır. Dostum, əslində insan beyni arı şanına bənzəyir, qədim yunan, hind, çin, yapon ədəbiyyatından tutmuş, Avropa, Amerika ədəbiyyatına qədər oxunulası bütün yaxşı kitabları imkanın daxilində oxuyub, öyrən və ordakı gözəl fikirləri beyninin şanələrinə doldur ki, onlar boş qalmasın, misraların daha salğarlı, fikirlərin daha dolğun və sanballı olsun. Görürsənmi, Şüvəlan Yaradıcılıq Evində nə qədər bədbəxt şair, yazıçı və tənqidçi var. Gündüz axşama qədər yazıb-yaratmaq əvəzinə, yeyib-içib laqqırtı vurub, boşboğazlıq eləyirlər. Nəbadə onlarla bir məclisdə oturasan. Elə bilmə ki, onlar istedadsız qələm sahibləridir. Mən onların çoxunu gənclik illərindən yaxşı tanıyıram. Onların içərisində vaxtilə çox istedadlı yazıçılar, şairlər, tənqidçilər olub. Onlar o vaxt həm abırlı, həm də həyalı adamlar idilər. Amma yaradıcılıq prosesində beyinlərinin şanələri boş olduğundan içkiyə qurşandılar, sonra ağıllarına gələn ağ yalanları, fantaziyaları uyduraraq camaata sırımağa çalışdılar. Nəticədə oxucu məhəbbəti qazana bilmədilər. Qazandıqları içki düşkünlüyü, əyyaşlıq və zavallı görkəm oldu. Biləsən Şüvəlan Yaradıcılıq Evində otağı olmayıb həyətdəki köşənlikdə yatan şairlər necə istedadlı idilər. Onlardan ibrət götür”. 

İsmayıl Şıxlını dinləyib dedim: “ O dediklərinizin içərisində ən çox da məni filan şairin (adını məlum səbəbdən işlətməyi məqsədəuyğun bilmirəm) taleyi daha çox incidir. Özü də Bakı xanlarının nəslindəndir. Şeirləri və nəğmələri dillər əzbəridir. Əfsus ki, içkiyə qurşandığından arvad-uşağı ondan üz döndərib. Bir dəfə onunla söhbət edəndə dedim: “Gəl səni müalicə elətdirim, sonra da hötmətli ağsaqqallarla evinizə gedib səni ailənlə barışdırım”. O,isə mənə bildirdi: “Yaxşı olar ki, mənə ya 3 manat pul ver, ya da bir araq al. Mənim dərdim paralanmış Vətən dərdidir. Bu dərdə nə dava-dərman kömək edər, nə də məni öz arvad-uşağım anlaya bilər”. İsmayıl Şıxlı bu söhbətimizin sonunda dərindən ah çəkərək bildirdi: “Dostum, atalar gözəl deyib, “Yay ki, oxundan çıxdı, o heç vaxt geri qayıtmaz”. Səncə o şairin elə ağlar günə düşməyinin səbəbi Vətən dərdidirmi? Axı, o, içkiyə qurşanaraq öz şəxsiyyətini, mənliyini itirməməli idi. Odur ki, öz həkimlik sənətinin qədrini bil, can sağlığını qoru, heç vaxt da nəfsinə qul olma və şöhrətə uyma, Vətənini də, millətini də ağılla sev. Anla ki, öz qədrini bilməyənlərin Vətəninə və millətinə heç bir faydası olmaz. Sənin yaradıcılıq evində qalmağının sənə ən böyük xeyirlərindən biri də elə qələm sahiblərindən ibrət götürməyindir”.

İsmayıl Şıxlıya sağlığında və haqqın dərgahına qovuşandan sonra çox şeirlər həsr etmişəm və ayrı-ayrı poemalarımda, dramlarımda İsmayıl Şıxlı haqqında məhəbbət dolu söhbət açmışam. İsmayıl Şıxlıya sağlığında həsr etdiyim “Xudafərin məramlıdır vuruşun!!!” qoşmamın birinci, ikinci, üçüncü bəndində ona belə müraciət edirəm: -

Sən yurdumun əzəməti, vüqarı,

Əziz-xələf balasısan İsmayıl!!!

Yaşat ölmü, öldür azar-bezarı,

Əbədiyyət qalasısan İsmayıl!!!

Böyük şeir çəkdi məni sınağa,

Fəqət düşdüm iblis dolu yığnağa.

Bir dağsan ki, söykənmişəm bu dağa,

Neylər bizə qopsa tufan İsmayıl?!!

Bağban olan bağça salar, bağ salar,

Haqq nahaqqın çəp gözünə ağ salar,

Məddahları of demərəm boğsalar,

İnsan kəsə canım qurban İsmayıl!!

“Səninlə yüz yaşda durum üz-üzə” şeirimin üçüncü, dörüncü bəndindəsə belə deyirəm:

Yamanca tələsdim, yamanca burda,

Qara torpaq belə cəllad olanmaz.

Şəkərin, şərbətin dinc dursun orda,

Əsəb də ömrümü məndən alınmaz.

Şöhrət gəzən kişi deyil, xanımdır,

Şöhrəti daş-qaş tək sanar möcüzə.

Səni məğrur görmək toy-bayramımdır!!!

Səninlə 100 yaşda durum üz-üzə!!!

Bu şeirlərimin hər ikisin doğma Azərbaycanımızı dünyalar qədər sevən, onu bütöv görmək istəyən sevimli yazıçımız İsmayıl Şıxlıya can sağlığı və ən azı 100 il ömür arzulamaqla qələmə almışdım. Amma təəssüf ki, bu arzularımı görmək İsmayıl Şıxlıya nəsib olmadı. 

İsmayıl müəllim şəkər xəstəliyindən əziyyət çəkərdi. Tez-tez əsəbi hadisələrlə üzləşdiyindən qanında şəkərin miqdarı həddindən artıq çox olurdu. O şəkər xəstəliyi haqqında belə deyərdi: “Bu şəkər xəstəliyi çox namərd xəstəlikdir. Mənim bu xəstəliyimin əsas səbəbi yaşadığım dövrün stresləridir.. Hərgah ruslar Azərbaycanı parçalamasaydı, millətimiz də kölə olmasaydı, mənə də şəkər xəstəliyi əziyyət verməzdi. Kölə xalqın xoşbəxt şairi, yazıçısı, xoşbəxt ziyalısı olmaz” - deyərdi İsmayıl Şıxlı. Onunla evində, xəstəxanada hər dəfə görüşəndə o söhbəti elə qurardı ki, mən təzə yazdığım şeirləri həvəslə ona oxuya bilim. O,mənim hər şeirimi əzbər deməyimi bəyənərək: - “Allah bu vergini hər şairə vermir” – deyirdi. İsmayıl Şıxlının digər mənsəb sahiblərindən ən əsas fərqi onun bir oğuz Türkü kimi şeiri çox uca tutması idi. O, bu haqda belə deyirdi: - “Əlbəttə, şairin hər şeiri şeir deyil, amma şairin şeiri şeirdirsə, o, şairdən uca bir kimsə yoxdur. Mən də yaradıcılığa şeirlə başladım, Allaha çox-çox şükürlər olsun ki, tez başa düşdüm, şeir yaza bilsəm də, şair deyiləm. Ona görə də şeir yazmağın daşını atıb, nəsrə keçdim. Nəsrdə  özümü tapdım. Amma sən haqq vergili şairsən bunu qətiyyən bacarmazsan”. “Bəli, mən bunu bacarmaram. Mən şeir yazmağın daşını atsam onda bağrım çatlayar, ölərəm,” – deyə cavab verdim.

O bir dəfə Yazıçılar Birliyinin qurultayında çıxışa hazırlaşarkən mənə  dedi: - “Mən bilmirəm, məni bu YB-nə kim sədr təyin elətdirdi. (Sizcə, İsmayıl Şıxlıdan əvvəllər və sonra Yazıçılar Birliyinə sədr olanlardan biri belə sözlər deyərdimi? Əsla, nəinki belə sözlər deyərdilər, heç düşünməzdilər də...) Bu mənim ürəyimcə olan iş deyil. Bu məruzəni də qətiyyən yazmaq istəmirəm. Axı mən niyə gədə-güdələrin dediyi ilə oturub-durmalıyam, ona-buna da şeir, poema, yaxud da hekayə, roman, dram yazmağı öyrətməliyəm?” Mən də İsmayıl Şıxlını dinləyib dedim: “Bir halda ki, bu iş ürəyinizdən deyil, növbəti seçkiyə qədər işləyin, bu müddət ərzində də imkanınız daxilində istedadlı qələm sahiblərinə arxa olun. Sonra ərizə yazıb, könüllü istefa verin. Nə çoxdu proletar ədəbiyyatının vintçiyi olan (Lenin ədəbiyyatı proletar diktaturasının vintçiyi adlandırmışdı) şair oğlu şair, yazıçı oğlu yazıçı, biri olar. YB-nin sədri İsmayıl Şıxlı gülərək: “Yaxşı bu məruzəni ya deyirsən yazım, sən də yaza bilirsənsə mənim bu əhvalıma bir baməzə şeir yaz. Bəlkə qalan o şeir oldu. Baş üztə dedim.

İsmayıl Şıxlının atası Qəhrəman müəllim Kosalar kəndində dərs dediyindən o, ailəsi ilə birlikdə orada kirayə ev tutub yaşayırdı. İsmayıl Şıxlı da 1-ci sinifə Kosalar kəndindəki orta məktəbə getmişdi. Onun ilk müəllimi də atası olmuşdu. İsmayıl Şıxlının atası Qori müəllimlər seminariyasını bitirmişdi. Onun müəllimi Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan klassik Azərbaycan ədəbiyyatının cəfakeş tədqiqatçısı Firudin bəy Köçərli olmuşdu. İsmayıl Şıxlının sonuncu əsəri olan “Ölən dünyam” romanında Firudin bəy Köçərli haqqında böyük coşqu ilə  söz açır.

Qəhrəman müəllimin evinə axşamlar tez-tez müəllim yoldaşları söhbət etməyə gələrmiş. O, bu söhbətlərində onlara deyərdi: “Məndən sizə əmanət. Bu sosializm hər necə binadırsa, bilin ki, onun himi əyridir. Bünövrəsi əyri olduğundan o buna yuxarı qalxdıqca istənilən vaxt uça bilər. Siz çalışın ki, o binanın altında qalmayasınız. Bir də anlayın ki, bu binanı quranların əksəriyyəti ali təhsil almayan elmi, əxlaqı, qabiliyyəti yerində olmayan naşı adamlardır. Çox da onlar Marks, Engilis, Lenin, Stalin deyə sayıqlayırlar. Amma heç bilmirlər ki, Marks, Engilis, Lenin, Stalin nə əməlin sahibləridir, kim olublar və nə deyiblər? Odur ki, onlara baş qoşmayın, bacardıqca gözəl işlər görün, xeyirxah əməllər tutun, onlar sizdən də soruşsalar ki, nə edirsiniz, onda cavab verin ki, Marks, Engilis, Lenin, Stalin deyənləri yerinə yetiririk. Qaldı kommunistlərin dediyi kommunzmə, getdikcə pulun sıradan çıxmasına, yağın, balın sel kimi axmasına, kimin kimdən xoşu gəlirsə, ondan kommunizm nəsili törətməsinə, bunlar axmaq adamların sərsəm fikirləridir. Və onlara inananlar da avamlardır.

Bu gün sovet dövlətinə başçılıq eləyən Stalinin kim oluğunu siz bilməsəniz də mən yaxşı bilirəm. Onu Qoridə oxuduğum vaxtlardan tanıyırdım. Qoriyə Batumdan köçdüyünü deyirdilər. İbtidai təhsilini Qoridə alandan sonra ruhani seminariyasını da bitirmişdi. İçki düşkünü olan çəkməçi atası onlarla yola getmədiyindən onları atıb Tiflisə getmişdi, orda da onu bıçaqlayıb öldürmüşdülər. Stalin gürcü sayılsa da gürcülərin ondan xoşu gəlmirdi. Deyilənə görə onun atası türk paşası olub. Onlar Batumdən Qoriyə köçəndə onların bir türk nökərləri də varmış. Onlar Qoriyə köçəndə çox varlı imişlər. Stalinin anası zər-zibaya bələnibmiş, Stalinin atası hər gün yeyib-içib pulu göyə sovururmuş. Camaata elə bir əyyaş adamın bu qədər sərvətə necə sahib durması çox maraqlı gəlirmiş, Qoridə olarkən Vissiarianın bir neçə uşağı anadan olsa da onların heç biri sağ qalmamışdı. Ona görə deyirdilər ki, Stalinin atası Vissiarian olmayıb, Türk paşası olub. Hətta bəziləri deyirdilər ki, Stalinin atası elə nökərləridir. Stalinin görkəmi, hərəkəti, davranışı da xoşa gələn deyildi. Onun boyu təxminən 165 sm olardı. Üzü cüzamlı xəstənin üzü kimi çopurla örtülü idi. Amma bu eybəcər görkəminə baxmayaraq, o çox müstəbeh, özündən razı və iddialı adam idi. Özünü elə aparırdı ki, guya ən uca dağ bu özüdür və ən alçaq dağları da bu yaradıb. Çox qürurlu adamlar olan gürcü knyazları da ona bu xüsusiyyətlərinə görə xoş üz göstərmirdilər. Ona görə də o 16-17 yaşlarından Qazaxın, Şəmkirin, Gəncənin imkanlı adamılarının ətrafında hərlənərək onların verdiyi sadağa ilə dolanardı, heç kim heç nə verməyəndə də qatarın gəldiyi vaxtlarda yalquzaq kimi dəmiryol vağzalında görünərdi.

 İsmayıl Şıxlının 1942-1945-ci illərdə qələmə aldığı “Cəbhə yolları”nda əsərin son hissəsinə diqqət yetirəndə görürük ki, atası Kosalar kəndində müəllim işləyərkən 20 ildən çox kirayədə yaşayıb, təzəliklə ona ev tikmək üçün torpaq sahəsi verilib. Lakin ev tikməyə imkanı olmadığından hələ qara damda yaşayıb. İsmayıl Şıxlı bir ilə yaxın qara daxmalarında yaşayıb müəllimlik etdikdən sonra 1946-cı ildə Bakıya gəlib Azərbaycan Pedaqoji İnstitutun aspiranturasına qəbul oldu. 1949-cu ildən APİ-də müəllimlik etməyə başlayıb. O, XVIII-XIX-XX əsrlər Avropa və ABŞ ədəbiyyatına dair dərsliklər yazıb. İsmayıl Şıxlının elmi fəaliyyəti və yaradıcılığı, ictimai fəaliyyəti haqqında ayrı-ayrı bölümlərdə ətraflı söhbət açacağam.

Keşməkeşli ömür yolu keçən İsmayıl Şıxlı 1952-ci ildə yaxın qohumu Məmməd Şıxlının qızı Umidə xanımla ailə qurdu. Onların Fərrux Şıxlı və Elçin Şıxlı adlı oğulları oldu.

Bütöv insan ömrü yaşayan əziz və istəkli dostum İsmayıl Şıxlının yaradıcılığı haqqında söhbət açmazdan qabaq onu deyim ki, İsmayıl Şıxlı o qədər də çox əsər yazmayıb. Bunun da səbəbi belə olub. Avropa ədəbiyyatına dərindən bələd olan İsmayıl Şıxlı bədii əsərin nə demək olduğunu çox gözəl bilib.

Ona görə də İsmayıl Şıxlı tarixi qabaqlayan yazıçı intiusiyası ilə ədəbi əsərləri olan əfsanələrini, rəvayətlərini və hekayələrini yazdı. İsmayıl Şıxlının iri həcmli əsərləri içərisində ikisi “Dəli Kür” romanı, “Ölən dünyam” romanı ölməz sənət əsərləridir.

İsmayıl Şıxlının “Dəli Kür” romanında Azərbaycan tarixində I dövran dəyişməsi nəticəsində baş verən həqiqətlər öz əksini tapıb. “Dəli-Kür” romanı haqqında çox danışıldığından, film çəkildiyindən, bu haqda müəyyən qədər məlumatımız var. Buna baxmayaraq bu qüdrətli əsər zaman-zaman oxucuların sevimli əsəri olaraq qalacaq. Ədəbi tədqiqatçılara da özü haqqında gözəl fikirlər dedirdəcək. Əlbəttə, əziz dostum İsmayıl Şıxlının 100 illik yubileyi keçirilən bu ildə ədəbiyyat tədqiqatçısı olmasam da bir qələm sahibi kimi “Dəli Kür” haqqında da mən də öz sözlərimi deyəcəyəm. 

Onun son və qüdrətli əsəri “Ölən dünyam” romanı haqqında bir neçə kəlmə bildirmək istəyirəm. Bu əsərdə baş verən hadisələr də “Dəli Kür” romanında olduğu kimi İsmayıl Şıxlının göz açdığı Qazax bölgəsində baş verir, həm də hər iki əsərində İsmayıl Şıxlı öz əsilzdə nəslinin faciəli taleyini qələmə alır. İsmayıl Şıxlının “Ölən dünyam” əsəri haqqında fikir bildirməzdən  əvvəl onun ömrünün sonuncu on beş ilində göstərdiyi ictimai-siyasi fəaliyyəti barədə danışım. Ağır şəkər xəstəsi olmasına baxmayaraq İsmayıl Şıxlının ömrünün bu illəri ən coşqun və ən yaradıcı illər kimi xarakterizə etmək olar. Bu illərdə o həm YB-nə rəhbərlik edirdi, həm bir-birindən gözəl əsərlər yazırdı, həm Azərbaycanın bütövləşməsi və Azərbaycan türklərinin istiqlalı uğrunda nəhəng Şər imperiyası olan Sovet dövlətinə qarşı 1987-ci ilin sonlarından başlayaraq öz fikirlərini Azadlıq meydanındakı tribunadan yüz minlərlə mitinq iştirakşıları qarşısında cəsarətlə söyləyirdi. İsmayıl Şıxlının ictimai-siyasi, elmi ədəbi yaradıcılığını akademik, dilçi alim, ədəbiyyat tədqiqatçı Nizami Cəfərov belə qiymətləndirir: “...Azərbaycan xalqının həyatında baş verən ən mühüm ictimai-siyasi hadisələr İsmayıl Şıxlının “əbədi” hərəkatına təsir edir, onda öz izini qoyur, ancaq bu hərəkat dayanmır və hərdən mənə elə gəlir ki, əbədilik keyfiyyəti nəsli bütövlükdə təyin etdiyi kimi, onun hər bir nümayəndəsinin xarakterinə, əxlaqına da aiddir: qeyri-adi təmkin, heç zaman, heç yerə tələsməmək, heç nəyə dərhal reaksiya verməmək, yeniliyi ancaq və ancaq keçmişin təcrübəsi əsasında qəbul eləmək, bu nəslin mən tanıdığım demək olar ki, bütün nümayəndələrinə xasdır. İsmayıl Şıxlı yetmiş illik yubileyi münasibəti ilə keçirilən təntənəli gecədə dedi: “Mən dostlarımın xoş sözlərinə görə nə qədər şad olsam da, yaxşı bilirəm ki, yetmiş yaş ömrün qurub çağıdır. Bir sıra sözlərimizi indi də deməyib nə vaxt deyəcəyik”.

Doğrudan da İsmayıl Şıxlıya ömrünün son on ilində amansız xəstəlik macal verdiyi qədər öz sözlərini mitinqlərdə, iclaslarda, parlamentdə, son hekayələrində və son romanı olan “Ölən dünyam”da dedi. İsmayıl Şıxlının gözləri görmədiyindən o “Ölən dünyam” romanını həyat yoldaşı Umidə xanıma diktə etdi və Umidə xanım bu romanı qələmə aldı. Bu çox ağır ədəbi proses olsa da, İsmayıl Şıxlı bu romanını da əbədiyyətə həkk etdi. İsmayıl Şıxlının “Ölən dünyam” romlanındakı hadisələr daha dramatik, böyük zaman kəsiyini əhatə etsə də o, fikirlərini çox sərrast və yığcam ifadə edərək misilsiz bir sənət əsəri yarada bilmişdir.  İstədiyi “Qanlı təpə” romanını da, “Ölən dünyam” romanına sığışdırmağı bacarmışdı. Bu onun nə qədər qüdrətli sənətkar olması anlamında yetərlidir.

FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ

Faktinfo.az


ƏBƏDİYYƏT QALASISAN İSMAYIL!!!-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi