Keçmiş FTB direktoru Trampa ittihamlar yağdırdı: “Mafiya bossu”, “əxlaqsız”, “ağlasığmaz yalançı”... 

Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi yeni kitabında ABŞ prezidenti Donald Trampı “mənəviyyatsız” və yalançı olmaqda suçlayıb, onu tabeliyində olanlardan tam sadiqlik tələb edən mafiya bosuyla müqayisə edib.

Aprelin 12-də kitabın bəzi hissələri mediaya sızdırılıb. Kitabda iddia olunur ki, Tramp bir videonun düşkünüdür. İddiaya görə, həmin videoda Trmpın tutduğu rusiyalı fahişələrin Moskvada bir otel otağında çarpayının üstünə sidik ifraz etdiyi görünür.

“BOSS HƏR ŞEYƏ NƏZARƏT EDİR”

Trampın təxminən bir il öncə işdən çıxardığı Kominin kitabı aprelin 17-də buraxılacaq. “The Washington Post”un yazdığına görə, kitabda deyilir ki, ABŞ prezidenti “alternativ reallıq baraması”nda yaşayır və ətrafındakıları da ona sürükləməyə çalışır. Komi yazır ki, Trampla görüşləri ona “karyerasının ilk vaxtlarında mafiyaya qarşı təhqiqat apardığı dönəmləri xatırladıb”.

“Təslim olanların sükut halqası. Boss hər şeyə tam nəzarət edir. Sadiqlik andları. Dünyaya “biz onlara qarşı” baxışı. Təşkilatı mənəviyyatdan və həqiqətdən yuxarı tutan sadiqlik xidməti göstərmək üçün hər şey barədə yalan danışmaq…” kitabda deyilir.

Kominin fikrincə, Trampın doğruyla yanlışı ayırd edəcək təbii hissiyyatı yoxdur. Bunu “New York Times” kitaba istinadla yazır. “Bu prezident əxlaqsızdır, həqiqət və institusional dəyərlər vecinə deyil. Onun liderliyi bir sövdələşmədir, eqoya, şəxsi sadiqliyə əsaslanır”, – kitabda deyilir.

“YALANÇI KOMİ” VEBSAYTI YARADILIB

“Ali Sadiqlik: Həqiqət, Yalanlar və Liderlik” adlı kitab artıq Ağ evi narahat etməyə başlayıb, onun Trampın prezidentliyinə və nüfuzuna zərbə vura biləcəyindən əndişələnirlər.

“Frans Pres” agentliyi yazır ki, Ağ ev artıq Kominin reputasiyasına şübhə toxumları səpməkdən ötrü addım atıb: Respublikaçı partiyası bu həftə “Yalançı Komi” adlı vebsayt yaradıb. Tramp Komini yalançı və şöhrətpərəst adlandırsa da, o, üç prezidentin dövründə hüquq-mühafizə orqanlarında rəhbər vəzifədə olub, Konqresdə, bütün ölkədə hörməti var.

Komi ötən il bildirmişdi ki, Tramp ona təzyiq göstərib, keçmiş milli təhlükəsizlik müşaviri Mayk Flinnlə bağlı təhqiqatı dayandırmasını istəyib. Buna nail olmayan prezident mayın 9-da Komini işdən çıxarıb, o zaman Trampın seçki kampaniyası ilə Rusiyanın mümkün əlaqələri üzrə aparılan təhqiqatdan şikayətlənib. Ondan bir həftə sonra Ədliyyə Departamenti Robert Muelleri xüsusi prokuror təyin etdi. O, indiyədək Trampın yaxın ətrafında olanlara qarşı 19 ittihamnamə irəli sürüb. (Azadlıq Radiosu)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi