Xətai icra hakimiyyətindən prezidentə sayğısızlıq: “Ağ şəhər”də vətəndaşların qara günləri

Birinci vitse-prezidentin adından istifadə edərək Prezident sərəncamını pozan kimlərdir? “Ağ şəhər” və Xətai rayon icra hakimiyyətinin məsul əməkdaşları paytaxt sakinlərini dövlət başçısından narazı salır.

“Ağ şəhər” layihəsi “Qara şəhər” sakinlərinin həyatını yaşadıqları şəhərin rənginə boyayıb. Onlar yerli idarəetmə orqanlarının yaratdıqları bürokratik əngəllərdən şikayətlənirlər. Redaksiyamıza Xətai rayonu Turşsu küçəsində yaşayan 40 ailədən giley-güzar dolu şikayət məktubu daxil olub. Sakinlərin cumhuriyyet.az-a ünvanladığı məktubda bildirilir ki, həmin ailələr artıq 20 ilə yaxındır ki, Babək prospektindəki “Dəniz Mebel” deyilən obyektin arxasında, Turşsu küçəsində, sakinlər arasında “Ərzurum” deyilən ərazilərdə min bir zəhmətlə, balalarının, özlərinin boğazından, əynindən-başından kəsərək zülmlə ev tikiblər.

 Lakin Xətai rayon İcra Hakimiyyəti və özünü “Ağ Şəhər” layihəsinin məsil şəxsləri kimi təqdim edən bir neçə nəfər çox az məbləğ ödəyərək bu evləri uçurmaq istəyirlər.Sakinlərin bildirdiyinə görə rəsmi şəxslərin və kimlikləri dəqiq bəlli olmayan qrupun təklif etdiyi vəsaitə normal şəraiti olan ev almaq mümkün deyil: “Hətta bəzi şəxslərə pul belə verməkdən imtina edirlər. Evlərin sahələrini də düzgün ölçmür, yaşayış sahələri real ölçüdən az göstərilir, ticarət məqsədilə tikilən obyektlərə isə ümumiyyətlə pul ödənilməyəcəyi bildirilir. Axı bu obyektlər həmin ailələrin çörəkpuludur. Bəzi sakinlərin hasarları onların evdə olmadığı vaxtlarda fürsət bilinib sökülüb”. 

Sakinlər cumhuriyyet.az-a ünvanladıqları şikayətdə bildirir ki, bu barədə dövlət başçısı zati-aliləri İlham Əliyevə, ölkənin birinci-vitse prezidenti Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dəfələrlə məktub yazsalar da, heç bir reaksiya verilməyib. Rəsmi poçtla yolladıqları müraciətlər cavabsız qaldığından mediaya üz tutmağa məcbur qalıblar. Ümid edirlər ki, tezliklə onların müraciətinə müsbət cavab veriləcək. Ancaq mətbautda getmiş məlumatı da dövlət başçısından gizlətsələr, məcbur qalıb Prezident Administrasiyasının qarşısına gedərək şikayətlərini birbaşa zati-alilərinin özünə çatdırmağa çalışacaqlarını bildirirlər: “Məktubumuzun birbaşa ünvanına çatdırılmadığından əminik. Ola bilməz ki, dövlət başçımız və digər mötəbər dövlət adamları cənab Prezidentin və Mehriban xanımın adından istifadə edilərək camaata zülm olunduğunu bilsinlər və bu faciəyə diqqət göstərməsinlər. Axı dövlət başçısı Azərbaycanın paytaxtında-mərkəzi məhlələrdə sökülən binaların hər kvadrat metri üçün 1500 azn ödəniləcəyini açıq mətnlə demişdi.

 Zati-alilərinin bu göstərişini bütün respublika eşitmişdi. Necə ola bilər ki, dövlət başçısı belə bir göstəriş versin, lakin aşağı ranqlı hansısa məmur söküntü üçün ayrılmış pulu mənimsəsin və sonra da birinci-vitse prezident Mehriban Əliyevanın adından danışaraq zati-alilərinin iradəsinə qarşı çıxış etsin. Bu məmurlar belə cəsarəti kimdən və haradan alırlar? Öz ciblərini düşünən həmin “Ağ şəhər” məsulları bu addımları ilə seçiciləri cənab Prezidentdən narazı saldıqlarının fərqində deyillərmi, həm də seçkilərə az müddət qalmış? 

Onlar “kimin dəyirmanına su tökürlər?” Niyə xalqı öz seçdiyi Prezidentindən narazı salmaq istəyirlər? “Ağ şəhər” məmurlarının təhdidlərindən cana doymuş, hər an evlərinin söküləcəyi qorxusu ilə gecələyən, sabahı açan sakinlər Prezidentdən bu özbaşınalığı dayandırmağı xahiş edirlər”.Qeyd edək ki, 2012-ci ilin aprelin 16-da prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi müşavirədə Azərbaycanda verilən kompensasiyanın ən yüksək səviyyədə olduğunu xatırladıb və məmurlara tapşırıq verib ki, əhali bütün hallarda narazı qalmamalıdır.

 Bundan sonra kvadrat metrə görə 1500 manat ödənilməsi nəzərdə tutulub. Amma məmurlar əksər hallarda prezidentin tapşırığına əməl etmirlər.Xatırladaq ki, 2011-ci ildə təməlqoyma mərasimi olan “Ağ şəhər” layihəsi Xətai rayonunda 221 hektarlıq ərazini əhatə edir. “Qara şəhər” kimi tanınan yaşayış massivi “Ağ şəhər” statusu aldıqdan sonra ərazini əhatə edən 850 evin plana düşməsi planlaşdırılıb. 

Dəyəri milyonlarla manat ölçülən yeni layihədə 10 yaşayış kompleksinin və sosial obyektlərin tikintisi nəzərdə tutulur. “Ağ şəhər” layihəsi üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya), “Foster + Rartners” və “F+A Architects” kimi məşhur memarlıq şirkətləri də prosesə cəlb edilib.