“İslami terror” yoxsa “İslamofobiya”?

“İslami terror” yoxsa “İslamofobiya”? - Məgər Qərb dövlətlərinin İslamın mahiyyəti haqqında təsəvvürləri yoxdur?!

Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verdi.

Onun bu hərəkəti bütün müsəlman ölkələri tərəfindən narazılıqla qarşılandı. Makron Məhəmməd peyğəmbər haqda nəşr edilən təhqiramiz karikaturaları dəstəklədiyinə görə, zamanla tənqid olunub. Amma belə görünür ki, o müsəlmanları narahat edən bu mövzudan hələ də nəticə çıxarmayıb. Artıq onun təkrar islam dini barəsində əsassız fikirləri fransızlar tərəfindən də yaxşı qarşılanmır. Məsələn, məşhur fransız aktyor Jerar Depardye də müsəlmanlara qarşı gəldiyi üçün prezident Makrona etirazını bildirib.

Jerar Depardye: "Lənət şeytana, niyə mən həmişə siyasətə qarışmalıyam? Fransız olaraq, ölkəmizdə baş verənlərdən narahatam, müsəlmanlar nə ediblər ki, siz onları təhqir edirsiniz? Nə üçün siz onların dininə hörmətlə yanaşmırsınız, onların inancına qarışırsınız? Mən bilirəm kibizim respublikanın prezidenti homoseksualistdir,ancaq bu mövzuya heç kimheç zaman toxunmurOnun təcrübəsizliyi üzündən yeritdiyi siyasət bizi uçuruma aparır. Müsəlmanlara qarşı edilən təhqirlərə görə şəxsən öz adımdan üzr istəyirəm".

Son illər isə Avropada yaşamaq istəyən müsəlmanların sayına müxtəlif bəhanələrlə məhdudiyyətlər qoyulur. Yeri gəldikdə, islam dini terror kimi qələmə verilir, bilərəkdən İslam adının mənası başqa cür yozulur.

İslam dininin fundamental qayəsi - Sülh, Boyun əymək, itaət etmək (Allaha) olduğu halda, insanları elm öyrənməyə, xeyirli işlər görməyə, bir-birini sevməyə, ayrı-seçkilik salmamağa çağırdığı halda, islama qarşı qərəzli münasibət Avropanın bəzi şəhərlərində hələ də qalır. Guya İslam insanları qeyri-demokratikliyə, qeyri-sabitliyə çağırır, inkişafa qarşı çıxarır, onları cəhalətə, tənəzzülə sürükləyir. Bir sözlə, son illər qərb dünyasında İslamla bağlı yanlış fikirlər formalaşdırılır.

Bəzi qərb rəsmi dairələrinin, kütləvi informasiya vasitələrinin bu qədər aqressiv, hətta bəzən təhqiredici münasibətinə səbəb nədir? Bu qərbin İslam haqqında məlumatsızlığının nəticəsidir, yoxsa bu ssenarini kimlərsə hazırlayıb həyata keçirməkdədir?

           Desək ki, Qərb dövlətlərinin İslamın mahiyyəti haqqında təsəvvürləri kifayət qədər yoxdur, səhv etmiş olarıq. Çünki, İslam dininin araşdırılmasında qərb alimləri müsəlmanlardan geri qalmır. Qərbdə İslamı və şəriəti öyrənən, bu dinin tarixi ilə maraqlanan, Quran yazılarını oxumuş kifayət qədər tədqiqatçılar vardır. Bəs onda bu qarayaxmaların səbəbi nədir? Arxasında hansı məqsəd dayanır?

               Cavab çox sadədir. Bütün bunları qərb dövlətlərinin müstəmləkəçilik siyasətinə təhlükə sayılan İslam mədəniyyətinin dirçəlişinə qarşı reaksiya kimi qiymətləndirmək lazımdır. Fikir verin, keçən əsrin sonları qərbdə İslam dünyasına maraq sürətlə artmaqda idi. Qərb ictimaiyyəti İslama ciddi maraq göstərir, bir çox insanlar Quranda göstərilən həyat tərzinə üstünlük verirdi. İslam ideyalarının və mənəvi dəyərlərinin inkişafı cəmiyyətin bütün təbəqələrinə öz təsirini göstərmişdi. Avropa və Amerikada İslam dinini qəbul edənlərin sayı sürətlə artmaqda idi. Onların içində xeyli tanınmış insanlar vardı. Bütün bunlar İslamın dünya dininə çevriləcəyindən xəbər verirdi. Bu isə Qərb dövlətlərinin Şərq ölkələri ilə bağlı planlarından əl çəkmələri demək idi. Buna görə də onlar müxtəlif bəhanələrlə İslam dininə və müsəlmanlara qarşı şiddətli hücumlara başladı.

 İslam və onun atributlarına qarşı olan hücum qərbin İslam mədəniyyətinin, nüfuzunun minimuma endirilməsini təmin etmək üçün xarici siyasət kursu idi. Bu siyasətin həyata keçirilməsində qərb mətbuatı xüsusi rol oynayırdı. Onlardan Fransanın “Le Monde”, ABŞ-ın “Poçt kuryeri”, “Uolf-Strit Journal”qəzetləri xüsusilə seçilirdi. Terror hadisələri barədə xəbər və yazılar dərc edilərkən, qruplaşmaların qarşısında “İslam” sözü əlavə edilirdi. 

2006-2007-ci illərdə baş vermiş məşhur karikatura olayını da xatırlamaq yerinə düşər. Danimarkada çıxan jurnalda çap edilmiş və İslam peyğəmbərini təhqir edən karikaturanın çap edilməsi Avropanın müsəlmanlara olan münasibətinin göstəricisi idi. Böyük etirazlara səbəb olsa da, qərb mediasında bu karikaturanın təkrar çap olunmasına yol verildi. Həmin karikatura sonradan Fransada nəşr olunan “Liberation” qəzetində çap olundu. Avropanın bəzi ölkələrində minarə tikintisinin yasaqlanması, müsəlman qadınların geyindiyi çadraların qadağan edilməsi həqiqətən qərbin İslam dininə qarşı olan qorxu və nifrətinin göstəricisi idi.

Terrorçular müsəlman adları daşısa da, onların törətdikləri cinayətlər “İslam terroru” kimi qələmə verilməməlidir. Çünki, ilahi bir din adına günahsız insanların öldürülməsi yolverilməzdir.

Əslində qərbdə də bilirdilər ki, terrorun dini və milliyəti olmur. Ondan da xəbərdardırlar ki, İslam digər dinlər kimi terroru yasaqlayır, terrorizmi, vəhşiliyi, bütün antiinsani əməlləri, amansızlığı, qəddarlığı haram buyurur. Bütün bunlar barədə qərbdə az-çox məlumatı olanlar şərqşünaslardır. Lakin, təəssüflər olsun ki, qərbdə şərqşünaslıq elmi müstəmləkəçilik siyasətinin həyata keçirilməsi üçün yaradılmış bir vasitədir. Bu səbəbdən də, İslamın öyrənilməsində əsas məqsəd həqiqəti bilmək deyil, əksinə bu dinə qarşı mübarizəni daha effektiv təşkil etməkdən ibarətdir.

Qərb və Avropa İslam adını terrorla bir çəksə də, əslində İslamda terrora yer olmaması onlara gün kimi aydındır. Bir də ki, xristian dövlətlərində də kifayət qədər terror təşkilatları vardır. Onlar zamanla terror hadisələri törədiblər. Onlardan misal olaraq, Yunanıstanda “17 Noyabr”, Almaniyada “RAF”, İspaniyada “ETA” və s. göstərmək olar. Terror hadisəsini törədən müsəlman olsa da, “İslam terroru” deyilə bilməz, “Xristian terroru” deyilmədiyi kimi.

Digər tərəfdən, qərbin müsəlmanları terrorçuluqda ittiham etməsi absurd görünür. Çünki, terroru xristian ölkələri zamanla, hətta dövlət səviyyəsində həyata keçirmişdir. Fransanın Əlcazairdə törətdiyi qətliam nəticəsində ölkə əhalisinin 15%-i məhv edilmişdir. Qərbin Əfqanıstanda, İraqda antiterror əməliyyatı adı ilə apardığı müstəmləkəçilik müharibəsi əslində terrora ən yaxşı nümunədir. Ötən əsrin ortalarında Avropanın mərkəzində nasistlərin yəhudiləri kütləvi şəkildə soyqırıma məruz qoymasını görməzliyə vurmaq bəşəriyyət üçün böyük ədalətsizlikdir.

 Əgər qərb terrora qarşı belə barışmazdırsa, niyə onda Türkiyədə 50 mindən çox türkün ölümünə səbəb olmuş PKK haqqında tədbir görmür? Üstəlik Avropa Birliyi Məhkəməsi onun adını terror təşkilatları sırasından çıxarır. Bu terror təşkilatı müxtəlif adlar altında hələ də bəslənilir.Bəs qərbin Ermənistanda türklərə qarşı yaradılmış “Daşnaksütyun”, “Erməni gizli azadlıq ordusu”(ASAO), “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA), “Erməni azadlıq hərəkatı” (AOD), “Gənc ermənilər ittifaqı” və s. terror təşkilatlarından xəbəri yoxdur? Niyə qərb dövlətləri Ermənistanın Qarabağı işğal etməsinə göz yumur, ermənilərin Xocalıda, Gəncədə törətdiyi soyqrımı, vəhşiliyi görmək istəmir? Niyə Fransa dövləti başda olmaqla, bir çox avropa ölkələri, qərb dövlətləri terrorçunu şərqdə, İslam dünyasında axtarır, XXI əsrin özündə Ermənistan ərazisindən atılmaqla, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Tovuz və digər şəhərlərində mülki əhalinin qadağan olunmuş raket silahları ilə öldürülməsinə,körpə uşaqların valideyinsiz qoyulmasına göz yumur, bu "dövlətə" hansısa bir sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq belə edilmir?! Azərbaycan dövlətinə, onun mülki vətəndaşlarına qarşı edilən soyqırım məgər terror deyil?! Bunun da İslamla bağlılığı var?

Terror kimi bir vəhşiliyi törədənlər hansısa dinə mənsub olduqlarını iddia etsələr də, bunu ancaq dinə təcavüz məqsədilə etmiş ola bilər. Onların məqsədi dini insanların gözündən salmaq, insanları dindən soyutmaq və sağlam din adına nifrət yaratmaq ola bilər. Buna görə də günahsız insanlara qarşı din adı altında hər bir təcavüz, əslində dinin özünə qarşı edilmiş bir təcavüzdür. Bunu qərbdə də yaxşı bilirlər. Sadəcə onlara Şərqin neftinə, qazına sahiblənmək, orada hegomonluğunu sürdürmək üçün “düşmən” lazımdır. Eynən, Fransanın hazırkı prezidentinin sərgilədiyi "siyasət" kimi.

Fuad İsgəndərov 

Faktinfo.az saytının baş redaktoru