Qadınları niyə bezdirirsiz?..

Qadınları niyə bezdirirsiz?..

Kişi ilə qadının fərqini doğulandan ta ölənədək başımıza o qədər vururlar ki..."Kişi(oğlan) belə olmalıdır","qadın(qız) elə olmalıdır" fikrini yediyimiz mədəyə düşəndə də, oturanda da, duranda da, hər açdığımız səhər və qaraltdığımız gecədə də deyirlər. Buna sərf edirik ömrümüzü. "İnsan necə olmalıdır" qaydalarını isə qoyurlar boynumuza. Yaşayın, özünüz adam olun! Qoy bunu bir də deyim, qadınla kişi fərqlənir! Qadın dünyaya insan gətirir, bunu hansı kişi edə bilər ki?

Azərbaycan qadınına qərəzin dozası yüksəlib. Ölən, öldürülən qadınlar. İnsanlar filmlərdən gəldiyi dəhşətləri eşitdikləri real həyat xəbərlərində artıq duya bilmirlər. Duyğusuz insan yetişir, meyvəsi xarab, yarpağı yaşıllaşmamış saralan. Bu qənaətə ötən gün Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin hesabatına baxanda gəldim. Çox çətinliklə aparılan araşdırmada Daxili İşlər Nazirliyinin və yerli medianın məlumatlarına əsaslanılıb. Bu yekun rəy ölkədə qadın zorakılığının yalnız qeydə alınanıdır. Yaxşı bilirik ki, bu sahədə statistik məlumatlar əldə etmək çox müşkül məsələdir, çünki  Dövlət Statistika Komitəsinin bu məsələdə canfəşanlığını, pomidor, xiyarın istehsalı gücünü hesablamaq qədər görmürük. 

Hesabata baxsaq, (2010-cu ildə 91, 2011-ci ildə 120, 2012 -ci ildə 96, 2013-cü ildə 101, 2014-cü ildə 144) 2015-ci ildə 99 qadın qətlə yetirilibsə, 2016-cı ildə bu göstərici 110 olub. Yenə öldürülmə səbəbində qarşı cinsin qısqanclıq amili dayanır, qadınlar ərləri, keçmiş ərləri ya da sevgililəri tərəfindən öldürülüb. İlbəil qadına qarşı sui-qəsdin sayı artır. Ötən 6 ilə baxaq. 2010- 74, 2011- 67, 2012-72, 2013-66, 2014-90, 2015-ci ildə isə 69 qadına ölüm arzulanıbsa, 2016-cı ildə bu rəqəm 97-yə çatıb. Hələ bu üzdə olan faktlara nəzərən deyilir. İntihara gəlincə, 2010-89, 2011-59, 2012-114, 2013-93, 2014-94, 2015-ci ildə 66 qadın, 2016-cı ildə isə onun hardasa iki qatı 121 qadın intihar edib. 2015-ci ildə 38, 2016-da isə yenə 69 qadın canına qıysa da, həyata qaytarılıb. 2010-cu illə müqayisədə(37 qadın) ilbəil artan canına qəsdlərdən, qadınların bezdiyini demək olar. Bütün bu rəsmi(qeyri-rəsmi daha çoxdur) rəqəmlər Azərbaycan qadınının, ailəsinin, kişisinin vəziyyətini təzahür edə bilər. 

Doğrudur, ölüm, qəsd dünyanın hər yerində var, amma bizdə bu əndazəni aşmış durumdadır. Sosial-iqtisadi səbəbləri gətirənlər qadınının döyülməsi, alçaldılması, öldürülməsinə də göz yumurlar. Azərbaycanda qadını dövət səviyyəsində qoruyacaq sütun yoxdur, uydurulmuş qanunlarsa, qadınların əzilməsinə gözəl fürsətlər verir. Bunu hüquqşünaslar da etiraf edir. Bir qrup qadının öndə olmasını, uğurunu tez-tez deməklə, onların ümumi vəziyyəti haqqında qəşəng rəy yaratmaq olmaz! Azərbaycanda qadın olmaq nə deməkdir? Xoşluqla, ya candərdi dünyaya gələn qadının da missiyası nəsilvermə qabiliyyətinə malik olmasıdır. Hansı kişi doğmaq qabiliyyəti olmayan qadın istəyər ki? Qadın həmin xüsusiyyəti xaricində deyiləni, söyüləni həzm etməlidir, ağzı nədir, ətrafın arzuları, qınaqlarından kənara çıxsın. Ailə qurdusa bir dərd, qurmadısa başqa dərd. Tək-tük xoşbəxt qadınlar bu fikirləri anlamaqda əziyyət çəkər. 

"Xoşbəxt qadın" hər şeylə razılaşan, qəbul edənidir. Amma hər ay 1000-ə qədər boşanmadan sonra dul qalmış qadınlar, ürək boşaltmaq istəyər. Erkən qocaldılan, başı ağardılan, beli bükülən qadınlar ölüdürülən qadınlardan dəfələrlə çoxdur. Bilmirik ana bətnində öldürülən qadına yanaq, ya yekəlmiş qadın ölümünə. Bu barədə boğaz quruyana qədər danışmaq olar. 

Qadınları niyə bezdirirsiz, niyə öldürürsüz? İstəmirsiz, istəməyin də. Sevmirsiz, sevməyin də. Qadını mənəvən, ruhən və cismən öldürməyin!