Yuxuda görüb ki, test yaxşı şey deyil...

Xalamın təkbaşına böyütdüyü yeganə oğlu xalq çalğı alətləri festivallarında(tar ifası üzrə) bir neçə dəfə qalib olmuşdu. Uşağın pul mükafatlarını yeyib əvəzində elektron hədiyyələrlə başını qatmışdılar. Bu barədə çox istədim səslərini çıxardım, xalam tar müəllimlərinin xətrinə məsələni böyütməməyimi xahiş etdi. İndi konservatoriya tələbəsidir, amma qabağa çəkəni yoxdur. Fərasətsizmiş.

Bu yaxında elə xalaoğlu ilə yaşıd bir gəncin şəhər mərkəzində icarəyə götürdüyü kafesində oturmuşduq. Kafe karifey musiqiçilərin taxta üzərindəki oyma rəsmləri ilə bəzənmişdi. Yəqin etdim ki, bu uşağın musuqi sevdası var. Öyrəndim ki, həmin gənc də muğam ifaçılğı üzrə müsabiqə qalibi olub, amma təhsilini yarımçıq qoyub. Küsüb istedadından, özünü verib ticarətə. Niyə? Təhsil sistemi gənclərə arxa dura bilmir. İndi o istedad hərbi xidmətdədir. Beləsinin sağ-salamat qayıtması üçün dua edirəm, bəlkə gələnə qədər haqq-ədalət, yaradıcı, istedadların qapısına vurulan kilid açıla. Utopiyadayam, yenə.

İndi ölkədə öz təhsili, peşəsi üzrə işləməyənlərin dramı var. "Diplomlu gəlin", "diplomlu kürəkən" kimi diləklərin kökü kəsilmək üzrədir. Hamı işi olan, pul gətirən insanla yaşamaq, qohum olmaq istəyir. Artıq ana, ata da pullu övlad tərəfə(istisnalar var!) əyilir. Təhsilli insanın hörməti  keçib arxa plana. Təhsilli - hər şeydən qabaq məlumatlı, bilikli olmaqdır. Bizim sistem orta təhsilin də qıçını sındırıb. Təhsilsizlik sindromu ilə üz-üzəyik. Təhsil nazirlik yaratmaq deyil. Ştat yığını ilə şöbələrini dolduran, gündə bir qərar kəşf edən qurum da deyil. Ağlına nə gəldi təhsil sisteminə yamamaq, şagird, tələbə vətəndaşı çaş-baş salmaq. Yenilik adı ilə insanların beynini çürütmək  təhsil sistemi ola bilməz! Təhsil naziri Mikayıl Cabbarov kimi olan, xarici dildə təhsil alan amma öz anadilli təhsilini neçə ildir çözə bilməyən, şəxs də deyil. Əziyyəti valideyn və şagird çəksin, sonra  nazir qismində 700 bal toplamışları qucaqlayıb şəkil çəkdirəsən, adam bilmir nə desin.
İndi Dövlət İmtahan Mərkəzi yatıb yuxuda görüb ki, test yaxşı şey deyilmiş. Söz-söhbət buraxıb, insanları təhsilə söydürmək adətləridir. Mərkəzin rəsmisi deyir ki, hələ düşünürük, işçi qrup Təhsil Nazirliyi ilə işləyəcək. Hansı ürəklə, hörmətlə işləyəcəksiz, cənablar? Ömürboyu nazirliklə dava- savaşda olan, bir-birinə kompromat hazırlayan təhsil "cəngəvar"ləri, nə istəyirsiz bizdən? Bu havada asılı xəbərinizlə saysız insanı, təhsil planını, üstəlik dövlətin illərdir çəkdiyi xərci zədələdiyinizin fərqində deyilsiz yəqin? Test -ədalət idi, aşkarlıq idi, nisbətən şəffaflıq idi. Nə modeli düşünürsüz? Sizin təhsil modeliniz olmayıb, bu gedişlə heç vaxt da olmayacaq. Sizin olsa-olsa model kimi dolaşan "işbaş"larınız ola bilər. Təhsil üçün məntiqli islahatlar olar. Test modelini ləğv etmək milyonlarla pulu və yüzlərlə kadrı tullamaq deməkdir. İllərdir, bu sistem üzrə püxtələşmiş insanlara şapalaq vurmaqdır. Təhsillə bağlı yarımçıq işlər  elmə can atanların gələcəyini sual altında qoyur. Təhsil sistemi tək dərs vermir, cəmiyyət üçün aparıcı insan hazırlayır. Yarımçıq insanlarla sistem qurmazlar, əvvəl özünüzü test edin cənablar!