"27 sentyabrla başlayan Qələbələrimiz davam edir"

"27 sentyabrla başlayan Qələbələrimiz davam edir" -DEPUTAT

"2003-2020-ci illər ərzində Azərbaycan Prezidenti hər zaman deyirdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmasa, biz onu müharibə yolu ilə həll edəcəyik.

Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.”

Bunu mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, Azərbaycanın son üç il ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməyib, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırıb: “Azərbaycanın cari ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir aqibətlə qarşılaşacağı barədə dəfələrlə xəbərdarlıq almışdı. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Bu günə qədər Ermənistanın təxribatları nəticəsində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Sonuncu dəfə, sentyabrın 19-da erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı həlak olmuşdur. Buna görə də elə həmin gün cənab Ali Baş Komandanın əmri ilə Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başladı, qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdilər ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq.”


Kamaləddin Qafarov vurğulayıb ki, bu gün ölkəmizdə şəhid ailələrinə və müharibə qazilərinə göstərilən diqqət və qayğı bir daha dövlətimizin hər zaman öz əsgərinin yanında olduğunu əyani şəkildə nümayiş etdirir: “Bu gün Azərbaycanda şəhid ailələri, müharibə qaziləri və iştirakçıları dövlətimizin ən yüksək səviyyədə diqqət və qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, qazilərimizin reabilitasiyası və normal həyata qaytarılmaları istiqamətində görülən işlər sübut edir ki, dövlət hər zaman öz əsgərini yüksək qiymətləndirir. Azərbaycan xalqı, Azərbaycan dövləti mübariz oğul və qızlarının şücaətini təqdir edir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsi ilə həm də Azərbaycanda milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunmuşdur. O da qeyd edilməlidir ki, Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da Qələbəmizin əbədiləşdirilməsi məsələsinə və müharibə iştirakçılara göstərilən dövlət diqqətinin növbəti təcəssümüdür”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi