Ağ Partiya namizədi: “Abşeronda Nigar Məmmədovanı görən olmayıb, onu heç kim tanımır”
“48 saylı Abşeron birinci seçki dairəsində bircə rəqibim YAP-ın namizədi Nigar Məmmədovadır, demək olar, başqa rəqib yoxdur.
İndiyə kimi Nigar Məmmədovanı keçmiş ədliyyə naziri Fikrət Məmmədovun qızı bilirdik. Sonradan məlum oldu ki, onun qızı deyilmiş. Təəssüf ki, Nigar Məmmədova YAP-ın inzibati resurslarından istifadə edir, öz partiya üzvləri ilə Abşeronda görüşlər keçirir. Bir qəsəbədən başqa heç bir qəsəbədə Nigar xanımı görən olmayıb. Onu heç kim tanımır. Halbuki sosial şəbəkə profilində paylaşır ki, qəsəblərdə görüş keçirir...”
Bu sözləri Pravda.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Ağ Partiyanı 48 saylı Abşeron birinci seçki dairəsində təmsil edən Rəhim Əhmədzadə deyib.
“Görüşdə iştirak edənlərin biri təsadüfən tanışım çıxdı. Dedi ki, eyni adamlar “fərqli-fərqli qəsəbə görüşü adı ilə” Nigar xanımın görüşlərinə qatılır. Onsuz da bunu hamımız bilirik. Digər 3 namizəddən biri Azərbaycan Xalq Partiyasını təmsil edən Məzahir İsrayılov tanıdığımız şəxsdir. Ümumiyyətlə, heç bir görüşə qatılmayıb. Özü də dedi ki, buklet paylamamışam, görüşümüz olmayıb. Digər iki namizəd isə adi namizəddir. Heç bir görüşə getməyiblər. Dairədə də dedim ki, heç olmasa Nigar xanımın şəkillərini yapışdıranda birini “skoç”la, birini “kley”lə, birini də “knopka” ilə yapışdırardınız. O, inzibati resursundan istifadə edib güclü görünür. Biz isə öz şəxsi imkanlarımızla vətəndaşlarla görüşə getmişik. Abşeronda 10 illik iş təcrübəm var. Bütün Abşeronu tanıyıram. Nigar xanım isə YAP-ın Abşeron ofisindən başqa heç yerə çıxmayıb. Reallıq budur. Təbliğat-təşviqat kampaniyası mənim özüm üçün yaxşı gedir. Bütün gün küçə-küçə, məhəllə-məhəllə gəzmişəm. Abşeronda 5 qəsəbə var, hamısında olmuşam. Qapılara buklet paylamışıq",- o bildirib.
Bu xəbər üçün şərh yazın