"Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri “ifşaedici” səs yazıları yaydıraraq..."

"Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri “ifşaedici” səs yazıları yaydıraraq..." -İDDİA

Bir ara mediada Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun qohumbazlığı barədə də davamlı məlumatlar yayıldı.

Bildirilirdi ki, Mədət Zeynalov 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayonun təhsil işçilərini təbrik etmə kampaniyasına humanitar liseydə işləyən həyat yoldaşı Təhminə Zeynalovadan başlayıb və onun “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması üçün təqdimat yazıb. Amma bu hədiyyə yerli tərəqqipərvər pedaqoji işçiləri narazı salıb. Çünki hədsiz imtiyazlara malik həmin xanımla müqayisədə fəxri ad və mükafatlara daha çox layiq olan təhsil işçiləri də vardı ki, gözləri önündə baş verən bu haqsızlıqla barışmaq məcburiyyətində qalıb mənəvi iztirab keçiriblər.

Lakin bugünkü yazıda ehtiva olunan məsələ belə düşünməyə əsas verir ki, Mədət Zeynalovun arvadı o hədiyyəni haqq etməsə belə, yenə də qane olası əhvalda deyil. Həyat yoldaşının pozulmuş ovqatını düzəltmək üçün bəlkə hələlik “əməkdar müəllim” fəxri adı yetərli ola, ya olmaya.

"Deryaz.az" saytının sadiq oxucuları, eləcə də Ağstafa rayon təhsil ictimaiyyəti yaxşı xatırlayarlar ki, bir ara Mədət Zeynalovun öz katibəsi Afaq Mustafayevanın əri Bayram Mustafayevə 8000 manat rüşvət müqabilində Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsini satdığı barədə məlumat dolaşdı. Bax, yəqin elə Mədət Zeynalovun öz katibəsinə bunca dərin (!) diqqət və qayğı göstərməsi Təhminə xanımın qəlbində şübhə toxumu səpmişdi.

Etibarlı mənbədən Deryaz.az-a verilən məlumata görə, bu günlərdə Təhminə Zeynalova qısqanclıq zəminində ərinin katibəsi ilə telefon mübahisəsi edib, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər. Təhqirlərə məruz qalan Afaq idarədə səsini başına atıb. Səs küyə qonşu otaqlardan əməkdaşlar katibənin başına yığılıblar. Bunu eşidən Afaqın əri Bayram Mustafayev də məsələni ayırd etmək üçün Mədət Zeynalovun üstünə yeriyib və şöbə müdirinin and-amanından sonra təklif edib ki, katibənin otağını müdir kabinetindən aralıda yerləşdirsin. Deyilənə görə, qalmaqal hətta icra başçısının da qulağına çatıb.

Təbii ki, Mədət Zeynalov bu məsələdə həddindən artıq ehtiyatlı olmalıdır; çünki Afaq Mustafayeva katibə olaraq onun demək olar ki, bütün maxinasiyalarından, ümumtəhsil müəssisələri və kolleclərdə çevirdiyi korruptiv əməllərindən xəbərdardır. Odur ki, müdir həmişə katibəsinə müstəsna səlahiyyətlər verib; məsələn, birinci siniflərə qeydiyyat məsələsində valideynlərdən təmənna ummasına göz yumub.

Ümumiyyətlə, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun korruptiv siyasəti, vəzifələri və dərs bölgüsünü, dərs saatlarını alver predmetinə çevirməsi, qohumbazlığı barədə dəfələrlə KİV-də, o cümlədən “Deryaz.az” saytında tənqidi yazılar dərc olunub, hətta şöbə müdirinin korruptiv şərtlərinə boyun əyməyən məktəb direktorlarını, Yenigün, Qacaq Kərəm, Həsən su kənd orta məktəblərinin və yeni təyin olunan məktəb direktorlarını müəllimlərin əli ilə “ifşaedici” səs yazıları yaydıraraq “zərərsizləşdirməsinə” dair məlumatlar yayılıb. Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova (M.Məmmədova M.Zeynalovun özünə də dərs deyib) ilə məktəbin müəlliməsi (deyilənə görə iki illik kurs bitirib) Vüsalə Məmmədova arasında məlum səs yazısı qalmaqalını buna əyani misal göstərmək olar.

Elə indi də aktualdır ki, Mədət Zeynalov məktəb direktorlarına “haqq” qoyub, Regional Təhsil İdarəsi rəhbərliyinə çatdırdığını deyir. “İpə-sapa yatmayan” məktəb direktorlarının barəsində isə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova yalan məlumatlar ötürür. Təbiət etibarilə mərdimazar adam olmayan cənab Seymur Orucov bəlkə də Mədət Zeynalovun ötürdüyü hər donosa inanmazdı. Amma Mədətə bu məsələlərdə İcra Hakimiyyətinin məsul işçisi, başçının çox inandığı vəzifəli şəxslərdən başçının müavini Lalə Eyyubova kömək edir, təhsil müdirinin sözünə qüvvət verir, tələ qurduqları məktəb direktorunu quyuya salmaq üçün yoxlama komissiyasının təşkil edilməsinə nail olur.


Məqalədə qeyd olunan faktlara aydınlıq gətirmək üçün Mədəd müəllimə zəng vurub səsləndirilən ittihamlara mövqeyini bildirməsini xahiş etdik. Cənəb Zeynalov qol qoyduğu bu qədər nöqsanları görməzlikdən gələrək yazdığımız mesajda bir hərfin səhvini kişi göydə tutub bizi bizdə nöqsan tapdı. 

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Mənbə: Deryaz.az saytı


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi