Ağstafa RİH məktəbin təmirində maliyyə pozuntusuna yol verib,mühasibat uçotu Standartının tələblərinə əməl olunmayıb-

Ağstafa RİH məktəbin təmirində maliyyə pozuntusuna yol verib,mühasibat uçotu Standartının tələblərinə əməl olunmayıb- Hesablama Palatası

Hesablama Palatası Ağstafada 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri zamanı 80 min manatdan çox büdcə vəsaitinin artıq ödənildiyini aşkarlayıb. Məktəbin təmirinə isə 3 milyon manat xərclənib.

Audit 2014-2017-ci illər və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Ağstafa Rayon İcra Hakimiyyətinin sifarişinə əsasən tikinti-quraşdırma işləri aparılan “1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri” üzrə 2018-ci ilin dekabr ayının 3-dən 15-i tarixinədək aparılıb.

Sənəddə qeyd edilib ki, 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri obyektinin layihə-smeta sənədləri şirkət tərəfindən hazırlanıb, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində ekspertizadan keçirilərək müvafiq rəy alınıb. Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin 2016-cı ilin noyabr ayı üzrə artım əmsalı 26,97 olmaqla, ehtimal olunan müqavilə dəyəri 2 787,3 min manat və əlavə işlərin 2016-cı ilin dekabr ayı üzrə artım əmsalı 28,44 olmaqla ehtimal olunan müqavilə dəyəri 190,4 min manat müəyyən edilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında 2 milyon 977,7 min manat məbləğdə podratçı ilə birbaşa (birmənbədən) satınalma müqaviləsi bağlanıb, 2 972,1 min manat məbləğində işlərin yerinə yetirilməsi “İşlərin qəbulu haqqında Akt” larla rəsmiləşdirilib və vəsait ödənilib. Obyektin tikintisi 2017-ci ilin oktyabr ayında başa çataraq istifadə olunsa da, indiyədək rəsmi qaydada istismara qəbulu təmin edilməyib.

Obyekt üzrə smeta sənədlərində nəzərdə tutulmuş “müvəqqəti bina və qurğular”a görə 34 821,74 manat və “nəzərdə tutulmayan işlər və xərclər”ə görə 53 496,08 manat, “İşlərin qəbulu haqqında Akt”lara bir sətirlə daxil edilərək cəmi (ƏDV-siz) 88 317,82 manat vəsait podratçı təşkilata ödənilib. Bununla yanaşı, yerinə yetirilməyən işlər “İşlərin qəbulu haqqında Akt”larına daxil edilərək, 2017-cü ilin yanvar-mart aylarında 2 480 manat, may-iyul aylarında 18 763,5 manat və avqust ayında 58 822 manat olmaqla, podratçıya cəmi 80 065,5 manat məbləğində vəsaitin artıq ödənilməsinə yol verilib.  Həmçinin bağlanmış müqavilənin 18.1-ci bəndinin şərtlərinə əməl edilmədən, keyfiyyət zəmanəti kimi saxlanmalı 148,6 min manat miqdarında son ödəniş texniki təminat müddəti başa çatmadan icraçıya ödənilib. Eyni zamanda Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin NÜMUNƏSİ"nin tələblərinə əməl olunmayaraq, podratçı təşkilatdan müqavilənin yerinə yetirilməsi təminatı tələb edilmədən 2 977,7 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.

Satınalmalar keçirilərkən “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə tam riayət olunmayıb. Qanunun tələblərinə uyğun olaraq malgöndərənlərin (podratçıların) ixtisasına dair, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması və vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında iddiaçı (podratçı) təşkilatdan qeyd olunan arayışlar və digər təsdiqedici sənədlər tələb edilmədən 2 977,7 min manat ehtimal dəyəri olan obyektin satınalması keçirilib. Eyni zamanda Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№li Milli Mühasibat uçotu Standartının tələblərinə əməl olunmayaraq, maliyyə hesabatları tərtib edilməyib./ONA.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi