Ağstafadan yazırlar: “Başçı kəndə gəlsin, dinləsin...”

Ağstafadan yazırlar: “Başçı kəndə gəlsin, dinləsin...” 

Kəndə verilən maye qazın təzyiqi çox aşağıdır, kəndin bir hissəsinə qaz xətti çəkilməyib, işıqlarımız tez-tez sönür, yollarımıza asfalt örtük vurulmur, sözümüzü deməyə bələdiyyə sədrimiz belə yoxdur, kənddə ev tikmək istəyən “qoyulan məhdudiyyət”ə əməl etməlidir.

Özünə balaca bir koma tikmək istəyənə Ağstafa RİH Memarlıq və Tikinti şöbəsinin müdiri Sənan Mustafayevin verməli olduğu “xeyir-dua” xatırladılır, belə də dərd olar”. (Sənan Mustafayevin adından suii istifadə də oluna bilər,onunla bağlı səsləndirilən fikirlər qarşı tərəfin mövqeyini öyrənməyə əsas yaradır. Bu səbəbdən mövzuya qayıdacağıq).

Bu fikirlər Ağstafa Rayonunun Qıraq Kəsəmən kəndindən Faktinfo.az saytına göndərilən şikayət məktubundandır. Anonimliyini qoruduğumuz şəxsin bildirdiyinə görə, Qıraq Kəsəmən kəndində çoxsaylı problemlər mövcuddur, bunların həllinə çalışan isə ümumiyyətlə yoxdur. “Elə mücərrəd məsələlər də deyil ki, həll edə bilməsinlər, sadəcə kəndimizə ögey münasibət var”, - deyən şəxsin bildirdiyinə görə, əksər kəndlərdə yol problemi həll edilib, kənd yollarına asfalt örtük çəkilib. Ağstafa Yol İstismar İdarəsinin rəisi, aidiyyatı MMC kəndimizi yol çəkilişi növbəsindən çıxarmış kimi davranır. Yİİ-nin rəisinin bizim kənd camaatı ilə nə ədavəti var ki, bütün ətrafımızda olan kəndlərdə yol çəkilişi həyata keçirilib, Qıraq Kəsəmən kəndinə 2021-ci ilə nəzərdə tutulmuş yol çəkilişini təxirə saldılar. Məqsəd nədir? Bəlkə kənd əhalisi yığıb onlara pul verməlidi, bilmirik…?

Eləcə də bilirsiniz ki, bir neçə ildir bələdiyyə seçkiləri keçirilib. Bu seçkilərə milyon manatlarla dövlət vəsaiti ayrılıb. Kəndimizdəki seçkilərin keçirilməsinə də bir neçə 10 min manat xərclənib. Bələdiyyənin kəndin məktəb direktorundan ibarət 9 üzvü var. Amma bələdiyyə sədri yoxdur ki, yaranmış vəziyyətlə bağlı sualımıza cavab tapaq və ya hansısa “eksterni” vəziyyətdə çıxış yolu axtaraq. Sual olunmazmı ki, bələdiyyə fonduna aid torpaqların müqavilə əsasında istifadəsi necə həyata keçirilir. Araşdırılası məsələdir ki, hazırki şəraitdə icarədarlarla icarə müqaviləsi necə bağlanır. Bütün bu suallar hüquqi məsuliyyət yaradır. Nə vaxta kimi RİH-də oturan müavinlər belə özbaşınalıqları himayə edəcəklər? Yəni, Ramiz Tatarovun kadrları olmuş bu şəxslərə sələflərinin aqibəti yetərli olmadı, onlar bu “nümunə”dən nəticə çıxarmadılar? Belə görünür, bu şəxslər RİH başçısı Seymur Orucovun səmimiyyətindən istifadə edib onun  reputasiyasına xələl gətirməkdədirlər, onun gələcək prespektivini “xərcləyirlər”.

Bu qədər də olmaz, rayon rəhbərliyi Ağstafanın maneəsiz idarəedilməsinə bir başa cavabdehdir. Nədən icra başçısının özü  “Azəriqaz” və “Azərişıq” ASC-nin Ağstafa rayon şöbələrindən soruşmur ki, qış fəslidir, kəndlərə verilən qazın təzyiqi niyə aşağıdır, işıqlar nə səbəbə tez-tez söndürülür?

Məqsədəuyğundur ki, icra başçısı kəndə gəlsin, orta məktəbi, uşaq bağçasını gəzsin, ərzaq təminatı ilə tanış olsun, qış fəslinin yaratdığı problemləri görsün, bununla da kənd camaatı maraq dairəsində olan bir neçə suala cavab tapsın.

Qeyd edək ki, internet üzərindən axtarış verəndə Ağstafada yerləşən uşaq bağçalarında neqativ vəziyyətləri əks etdirən onlarla məqaləyə də rast gəlinir.

Firuddin Orucov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi