“AtaBank”da yoxlamalar başlandı

“AtaBank”da yoxlamalar başlandı – Mərkəzi Bank açıqlama yaydı

Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra “AtaBank” ASC-də ilkin araşdırmalar aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Araşdırmaların bankda əmanətləri olanlar arasında yaranmış narahatlıqla bağlı aparıldığı bildirilir. Belə ki, bəzi məlumatlara görə əmanətçilərin “AtaBank”dan əmanətlərini götürməsində problemlər var.

Məlumata görə, araşdırmalar nəticəsində “AtaBank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi “Atabank”da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB Bankda yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq.

2019-cu il oktyabrın 1-nə “Atabank”ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4% az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2% az), balans kapitalı isə 142,636 milyon manat (1,3% az) təşkil edib. Bununla belə, Bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4% az) başa vurub.

“AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi