“Azərbaycan ayıq başla yaşanılası bir ölkə deyil” - KƏRAMƏT BÖYÜKÇÖL

“Azərbaycan ayıq başla yaşanılası bir ölkə deyil” - KƏRAMƏT BÖYÜKÇÖL 

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/men_atamin_ters_uzuyem_-_kramt_bykl)

- Bəs ananızla münasibətiniz necədir?

- Anam atamdan da ötədir bu məsələdə. O da daim mənə görə narahat olur. Bir müddət əvvəl belə bir status yazmışdım: “Yazılarıma görə məni təhqir edən adamlarla oturub 5-10 dəqiqə söhbət edirəm, boynumu qucaqlayıb deyirlər ki, ay qardaş, sən nə yaxşı adamsanmış”. Görünür Azərbaycan xalqının hər bir nümayəndəsi ilə ayrı-ayrılıqda tanış olmaq lazımdır ki, məni tanısınlar. Bax siz məni tanımırdınız, bu gün görüşdük, oturub söhbət etdik. Necə təsir bağışladım sizə?

- Özünəməxsus fikri, düşüncəsi olan, istedadlı bir insan gördüm qarşımda.

- Rafiq Tağıya deyirlərmiş ki, sənin yazılarını oxuyanda fikirləşirsən ki, harda qarşına bir adam çıxsa, vurub öldürərsən. Amma görüşüb söhbət edəndən sonra anlayırsan. Atam öz müsahibəsində ki, kəpənək kimi bir adam sanmış, təxminən həmin fikri özümə də aid edirəm.

- Doğrudanmı, deyildiyi qədər çox içirsiniz?

- Atam öz müsahibəsində deyib ki, Kəramət 24 saat içir, ayılmır. İndi mən içkiliyəm? Yox. Bəs niyə yalan danışır? Üç aydır dilimə içki vurmuram.

- Ümumiyyətlə içməyəcəksiniz daha?

- Yox. Niyə ki? Sadəcə hələlik ürəyim istəmir. Axşam ürəyim istəsə, içəcəyəm.

- Yəni sizin üçün bu problem deyil, içki düşkünü deyilsiniz?

- Yox, qətiyyən. Bir yazımda qeyd etmişəm ki, Azərbaycan ayıq başla yaşanılası bir ölkə deyil. Yəni ölkədə baş verən hadisələrə ayıq gözlə baxmaq mümkün deyil, gərək içəsən ki, bir az rahatlıq tapasan. Tarix boyu içki bütün şairlərin, yazıçıların, ümumiyyətlə yaradıcı insanların mənəvi dayağı olub.

- Siz də həmin ənənəni davam etdirmək üçün içirsiniz?

- Xeyr, ənənəni davam etdirmirəm, bu, təbii prosesdir. Narkotik maddələrdən uzağam, damara qulluq etmirəm.

- Yəni təb gəlsin deyə içməlisinizmi mütləq?

- Açığı, içki bu məsələdə kömək edir. Müsahibələrdən birində Pasternaka belə bir sual verirlər: “Deyilənə görə, siz çox içirsiniz, bu həqiqətən belədir?” Pasternak da cavab verir ki, xeyr, çox içmirəm, ömrümdə bircə dəfə içmişəm, qalan günlər paxmel açmışam. İndi onun kimi mən də içməsəm də, onsuz da özümü sərxoş kimi hiss edirəm.

Mən hazırda da sərxoşam. Çünki cəmiyyətə qarşı çıxan, qəbul olunmuş stereotiplərə cavab verməyən hər bir insan cəmiyyətin gözündə sərxoşdu. Misal üçün, əgər mən deyirəmsə ki, vətəni sevmirəm, demək sərxoşam.

- Belə demək olarmı ki, siz zəmanəmizin “Kefli İsgəndəri”siniz?

- Bəli. Mən fikirlərimlə, düşüncələrimlə sərxoşam. Misal üçün, bir dəfə yazmışdım ki, bizə dedilər, biriniz od olanda, biriniz su olun. Biz də birimiz od, birimiz su olduq deyə, ocağımız söndü. Ya da yazmışdım ki, göy üzünün hər iki üzünü çox sevirəm, bilmirəm, hansı üzünə tüpürüm. Yəqin fikirləşirlər ki, bunu ancaq içkili vəziyyətdə yazmaq olar. Amma içməyib e, sadəcə düşündüyünü yazıb.

- Belə anlaşırlır ki, siz bu cəmiyyətin, bu dünyanın adamı deyilsiniz...

- Bəli, deyiləm.

- Bəs gələcəyinizi necə görürsünüz?

- Narahat. Gələcəyim necə olmalıdır ki? Elə belə də olacaq da.

- Heç bu dünyada özünüzü tapmaq haqda düşünürsünüz?

- Yaradıcılıq özünü tapmaq deyil, əslində özünü tapmamaqdır, yəni daimi axtarışdır. Əgər özünü tapsan, onda nə yazacaqsan? Yazıçı, yaradıcı insan bütün ömrü boyu özünü axtarır, onun axtaışları elə yaradıcılıqdır.

- Və heç nəyə baxmayaraq, məruz qaldığınız bütün hücumlara, üzləşdiyiniz neqativ münasibətə rəğmən yazmaqdan çəkinməyəcəksiniz?

- Çəkinməyəcəksiniz deyəndə ki, neçə ildir heç nə yazmırdım, küsmüşdüm, amma bu cür kitab satışı aksiyası məni yazıb-yaratmağa ruhlandırır. Əsərlər yazıb, oxucularıma satacağam. Əminəm ki, bu ölkədə bir kitabımı 100 manata almağa hazır olan 200 nəfər sadiq oxucum var.

Odur ki, növbəti əsərimi, “Leli və Məcnun” romanımı cəmi 200 tirajla çap etdirəcəyəm. Bir kitabı 100 manatdan satsam, 20 min manat qazanc götürəcəyəm. Bu 20 min manatı bir ilə paylaşdıracağam, olacaq mənim aylıq maaşım.Və bir ilə yeni roman yazacağam.

Mən millətin, xalqın ədəbiyyatını yaradıram. Təbii ki, kimsə deyə bilər ki, sənin yaratdığın ədəbiyyat bizə lazım deyil. Qoy olsun. Kim istəmirsə, oxumasın. Mən dediyim o 200 nəfər üçün yazacağam.

- Maraqlı müsahibəyə görə təşəkkür edirəm və sizə yaradıcılıq uğurları, diləklərinizin gerçəkləşməsini arzulayıram.

- Təşəkkür edirəm. Siz də sağ olun.

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Qeyd: Kəramət Böyükçöllə söhbətimiz maraqlı alındı. Səsli-küylü çayxanada keçdi görüşümüz, bu üzdən bir neçə hissəyə böldüyüm yazı bir az gec hazır oldu, çünki ətrafdakı uğultu çox vaxt Kəramətin səsini üstələyirdi, bu da onu eşidib söylədiklərini köçürməyə mane olurdu. Amma peşman olmadım bu insanı tanımağıma. Çünki əslində bütün bu qalmaqallı fikirlərin, bəzən adama məntiqsiz görünən çıxışların, həddən artıq iddialı yazıların arxasında əslində istedadlı bir insanın durduğunu anladım.

Onun “Pozğun” povestini (gah roman adlandırır bu əsəri, gah da povest, amma həcminə görə elə povestdir) də oxudum. Həqiqətən bu əsər oxucusu ilə rəmzlərin dili ilə danışır. Amma bu əsəri oxuyanda 60-cı illərin novator yazıçıları olan Mövlud Süleymanlı, Əkrəm Əylisli kimi qələm ustalarının əsərlərini xatırladım. Mənə görə, üslub eynidir. Kəramət heç bir yenilik etməyib bu əsəri ilə. Doğrudur, mövzu orijinaldır, amma yanaşma çox tanışdır. Odur ki, bu gün onun: “mən Cəlil Məmmədquluzadədən daha yaxşı yazıçıyam”,- deməyə haqqı çatmır əslində.

Bir də, axı Mirzə Cəlil sağlığında heç vaxt özünün kimdənsə daha istedadlı olduğunu iddia etməyib, sadəcə yazıb, yaradıb və özünə ölümündən sonra ölməz bir abidə ucaldıb hər birimizin qəlbində.

Təbii ki, bu günün iddialı gənc yazıçılarının da nə vaxtsa bu yüksəkliyə ucalmalarını çox istərdim, bu yüksəkliyə, zirvəyə aparan yeganə yolsa yalnız və yalnız həqiqi istedaddan və yaradıcılıqdan keçir.

Qalmaqallı çıxışlarla, keçmişi qamçılamaqla ucuz piara nail olmaq çətin deyil, amma çox az olur bu cür “məşhurlug”un ömrü. Bu günün iddialı gənc yazıçıları, Kəramət Böyükçöl də onların sırasında, heç şübhəsiz istedaddan xali deyillər, amma çox təəssüf ki, öz istedadlarını doğru yola istiqamətləndirmirlər, onların istedadı xeyirli (qurucu) istedaddan çox, ziyanlı (dağıdıcı) istedad təsiri bağışlayır.

Orijinallıq xatirinə bayağı fikirlər söyləmək, bayağı mövzulu əsərlər yazmaq onların adını tarixdə yaşadacaqmı görəsən? Şəxsən mən buna inanmıram.

Mənə görə əsl yaradıcılıq realist sənətlə bayağılıq arasındakı çox incə keçidi görüb aşmamaqdır. Təəssüf ki, bu günkü gənc qələm sahiblərimiz bu keçidi kobudcasına aşır, hər şeyi öz adı ilə çağırmağı özünəməxsusluq, orijinallıq, daha bilmirəm nə sayırlar.

Kəramət mənim xahişimlə mənə 10 manata satdığı “Pozğun” kitabına avtoqraf əvəzinə bu sözləri yazdı: “Mən pozğun deyiləm”. Onun və yaşıdı olan bu günün gənc qələm sahiblərinin pozğun olmadığına inanaraq bu yazını yekunlaşdırıram.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi