Azərbaycan qazandığı Zəfərlə kağız üzərində qalmış qətnamələrin icrasını təmin etdi

Azərbaycan qazandığı Zəfərlə kağız üzərində qalmış qətnamələrin icrasını təmin etdi 

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi Qələbə tarixi ədalətin bərpa edilməsini təmin etdi.

Beynəlxalq hüquqa qətiyyən hörmət etməyən, cinayətkar əməllərdən çəkinməyən Ermənistanın terrorçu əməllərinə layiqli cavab olan Vətən müharibəsi 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilə sonlandı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu 44 günə şanlı tarix yazmaqla yanaşı kağız üzərində qalmış beynəlxalq qətnamələrin icrasını təmin etmiş oldu.

Bu qətnamələrdən biri də işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılması ilə bağlı idi. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan, füsunkar təbiəti ilə göz oxşayan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.

Vətən müharibəsi nəticəsində Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Bu barədə Prezident İlham Əliyev öz fikirlərini belə ifadə etmişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Hazırda rəsmi olaraq Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq start verilmişdir.

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş və hazırda sürətli bərpa-quruculuq işləri gedən ərazilərimizdən biri də Füzuli rayonudur. Rayonumuzda cəmi 8 aya inşası yekunlaşan Füzuli Beynəlxalq Hava Limanı artıq ilk sərnişinlərini qəbul edib. Füzuli rayonu ərazisində yol-nəqliyyat infrastrukturu müasir standartlara cavab verən, yüksək səviyyədə qurulur. Horadiz-Ağbənd dəmir yolunun çəkilişi davam edir.

Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş bölgələrimizə səfərlər etməsi, ölkə başçımız tərəfindən mühüm obyektlərin təməlqoymalarının və açılışlarının həyata keçirilməsi tezliklə bu ərazilərə qaynar həyatın qayıdışından xəbər verir. Eyni zamanda bütün bu görülən işlər dövlətimizin iqtisadi gücünün və potensialının göstəricisidir.

Nazimə Şamıyeva 

Füzuli rayon M. Xəzani adına Musiqi təmayüllü, internat tipli gimnaziyanın direktoru

Azərbaycan qazandığı Zəfərlə kağız üzərində qalmış qətnamələrin icrasını təmin etdi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi