“Azərbaycan, Qazaxıstan və Rusiyanın büdcələri ciddi defisitlə üzləşəcək”

“Azərbaycan, Qazaxıstan və Rusiyanın büdcələri ciddi defisitlə üzləşəcək” – Dünya Bankı hesabat açıqladı

Bu il Avropa və Orta Asiya regionuna pul köçürmələri əhəmiyyətli dərəcədə azalacaq – təxminən 28 faiz. Buna həm koronovirus pandemiyası, həm də neftin ucuzlaşması təsirini göstərəcək.

AzPolitika.info  “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Dünya Bankı (DB) yeni hesabatında belə bir proqnoz irəli sürüb.

Dünya üzrə pul köçürmələrin isə bu il 20 faizədək azalacağı proqnozlaşdırılır.

Hesabatda deyilir ki, 20 faiz yaxın tarixin ən kəskin azalmasıdır. Miqrantların maaşlarının kəsilməsi, iş yerlərini itirməsinin də bunda rolu var. Belə ki, onlar işlədikləri ölkələrdə həssas qrup sayılırlar.

Bank bildirir ki, regionun ən böyük neft istehsalçıları olan Azərbaycan, Qazaxıstan və Rusiyanın büdcələri ciddi defisitlə üzləşəcək, milli valyutalarına təzyiq artacaq, iqtisadi azalma mümkündür.

Rusiyadan pul baratlarının azalması bu puldan asılı Qırğızıstan, Tacikistan və Özbəkistan iqtisadiyyatlarına təsirsiz ötüşməyəcək. Rusiyada əsasən tikinti sektorunda çalışan milyonlarla mirqrantın göndərdiyi pullar Qırğızıstan və Tacikistanın ÜDM-nin üçdə ikisini bərabərdir.

“2020-ci ilin ilk iki ayı ərzində Qırğızıstana pul göndərişləri ötən ilin eyni dövrüylə müqayisədə 9 faiz azalıb”, – Dünya Bankı bildirir.

Ötən il Avropa və Orta Asiyaya göndərilən pulun həcmi 6 faiz artaraq 65 milyard dollara çatmışdı. Regionda bu pul ən çox Ukraynanın payına düşüb – 16 milyard dollara yaxın. Pulun mənbə ölkələrinə gəlincə, birinci yerdə Polşa, daha sonra Çexiya Respublikası, Rusiya, BirləşmişŞtatlar və Birləşmiş Krallıq gəlir.

Pul köçürmə xərcləri 2020-ci ildə nisbətən azalıb, amma yenə də 6,8 faiz yüksək göstərici sayılır. Avropa və Orta Asiya regionuna 200 dollar göndərməyin ortalama xərci 6,48 faizə düşüb. 200 dolları ən aşağı qiymətə Rusiyadan köçürmək olur, amma bu göstərici də 1,9 faizdən 2,1 faizə yüksəlib.

200 dollar yollamaq ən baha Türkiyədən Bolqarıstana, ən ucuz isə Rusiyadan Azərbaycana başa gəlir.

Bu il aşağı və orta gəlirli ölkələrə pul köçürmələrin 19,7 faiz azalaraq 445 milyard dollara düşəcəyi gözlənir. Ötən il bu məbləğ 554 milyard dollara bərabər olmuşdu. Amma yenə də pul köçürmələr bu ölkələr üçün vacib xarici maliyyə mənbəyi olaraq qalacaq. DB gələn il bu ölkələrə pul baratlarının yenidən yüksələrək 470 milyard dollara çatacağını proqnozlaşdırır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər