Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına dair təşəbbüsləri yüksək qiymətləndirilib

Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına dair təşəbbüsləri yüksək qiymətləndirilib 

Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində keçirilən Parlamentlərarası İttifaqın (Pİ) Gənc Parlamentarilərin IX Qlobal Konfransı keçirilir. 15-17 sentyabrda keçirilən tədbirdə ölkəmizi Milli Məclisin deputatları Könül Nurullayeva və Naqif Həmzəyev təmsil edir.

Qeyd edək ki, Vyetnam Milli Assambleyası və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən konfrans “Rəqəmsal transformasiya və innovasiya vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının sürətləndirilməsində gənclərin rolu” mövzusuna həsr edilib.

Faktinfo.az xəbər verir ki,konfransın açılış mərasimində Vyetnam Prezidenti Vo Van Thuonqdan, Vyetnam Milli Assambleyasının sədri Vuonq Dinh Hue, Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko, Pİ-nin Gənc Parlamentarilər Forumunun İdarə Heyətinin sədri Den Karden, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq və Vietnam Milli Məclisinin Gənc Parlamentarilər Qrupunun prezidenti Nquyen Anh Tuan çıxış edərək öz fikirlərini səsləndiriblər. "Rəqəmsal transformasiya", "İnnovasiyalar və startaplar" və "Davamlı inkişafı dəstəkləmək üçün mədəni müxtəlifliyə hörmətin təşviq edilməsi" mövzularına həsr edilmiş üç sessiyadan ibarət konfransda millət vəkillərimiz Könül Nurullayeva və Naqif Həmzəyev də ölkəmizin informasiya texnologiyaları, rəqəmsal dəyişim sahəsində təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Deputat Könül Nurullayeva və Naqif Həmzəyev, eyni zamanda qardaş Türkiyə Respublikasının nümayəndə heyətinin üzvləri Zəhranur Aydəmir və Selman Özboyacı, konfransa ev sahibliyi edən Vietnam Sosialist Respublikasının rəsmiləri və digər iştirakçı ölkələrin təmsilçiləri ilə görüşüblər. Görüş zamanı sözügedən mövzular ətrafında müzakirə aparmaqla yanaşı, deputatlarımız qarşı tərəfin Azərbaycan həqiqətləri və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə bağlı suallarını cavablandırıblar. Qeyd ediblər ki, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da artıb. Beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində təsiri də güclənib. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Təsadüfi deyil ki, Bakıda əsası qoyulan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım oldu. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Təbii ki, bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır.

Azərbaycan həqiqətlərinə gəlincə, millət vəkilləri diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycan Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində real addımlar atmaqdadır. Təbii ki, bu addımların daha effektiv nəticə verməsi üçün bütün region dövlətlərinin konstruktiv yanaşma sərgiləməsinə ehtiyac var.


Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına dair təşəbbüsləri yüksək qiymətləndirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi