Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir 

Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri quran Azərbaycan dünya birliyinin fəal üzvü kimi hər bir məsələdə söz sahibliyini, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir.

  Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq kimi qatılması və bu tribunadan Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması da deyilənlərin təsdiqidir. Prezident İlham Əliyev təşkilatın Səmərqənd Sammitində hazırkı dövrün əsas çağırışlarını, vacib mesajları səsləndirərək Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı. Sözügedən Sammitin yekununda qəbul edilən Bəyannamədə regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi kimi məsələlər öz  əksini tapıb.

Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli ölkəmizin qlobal məsələlərin həllinə öz töhfələrini verməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Ölkəmiz tranzit və nəqliyyat-logistika imkanlarını davamlı olaraq inkişaf etdirir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində böyük rolu var.

Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına Xəzər dənizi, avtomobil və dəmir yolları, həmçinin hava yolları daxildir. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodunda bütün növ gəmilər istehsal edilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin ildə 25 milyon tona qədər artırılacağı qarşıya məqsəd qoyulub. Eyni zamanda, son 20 ildə ölkəmizdə 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilməsi və ya əsaslı təmir edilməsi də Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının inkişafına xidmət edir. Həmçinin, 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu da inşa edilir ki, bu da həmin istiqamətdə həyata keçirilən işlərə böyük töhfədir. Bundan əlavə, Azərbaycan regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olan ölkədir. 

2024-cü ilin sonuna qədər ölkəmizdə beynəlxalq hava limanlarının ümumi sayının 7-dən 9-a çatdırılması ölkəmizin bu sahədə də birinciliyini qoruyub saxlamasını şərtləndirəcək.
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində çıxış edərkən bildirib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. Prezident, həmçinin, Sammit iştirakçılarının diqqətinə çatdırıb ki, bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıblar. Dövlətimizin başçısı çıxışı zamanı münaqişənin həllinə məsul olan beynəlxalq qurumların səmərəsiz fəaliyyətinə də toxunub, bunun narahatlıq doğurduğunu bəyan edib. Prezident İlham Əliyev 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Nəticədə, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

Əminliklə qeyd etmək olar ki, Azərbaycan bundan sonra da öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Çünki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və nüfuz sahibi olan ölkələrdən biridir. 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur.

 

Mais Günəşli,
Salyan rayon gənci, YAP fəalı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi