"Azərişıq" söz verdi: İşıqlar sönməyəcək

"Azərişıq" söz verdi: İşıqlar sönməyəcək 

Qış aylarında istehlakçılar keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaqlar. Cari payız-qış mövsümü ərzində Azərişıq ASC-nin istehlakçılara göstərdiyi xidmətin səviyyəsi əvvəlki illərdən fərqlənəcək.

Bunu Axar.az-a “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Qurum rəsmisi qeyd edib ki, abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək:

"Əsas missiya 24 saat ərzində hər bir abonentin keyfiyyətli elektrik enerjisi ilə təchizatıdır. 2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. Son illərdə apardığımız yenidənqurma, əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir. Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız, maşın-mexanizmlərimiz var. Hazırda bütün yarımstansiyalarımızda cari təmir işləri başa çatdırılır. Elektrik şəbəkələri hava şəraitinin şıltaqlığı nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ aradan qalıdırılmasına tam hazırdır. 24 saat çağrı mərkəzi fəaliyyət göstərir və abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər".

T.Mustafayevin sözlərinə görə, ötən 12 ildə Azərişıq ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kV-luq yarımstansiyalar inşa edilib: "Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 163-ə çatır. 2006-2018-ci illərdə 5 322 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 759 580 dayaq quraşdırılıb, 47 650 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına Azərişıq ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2018-ci ilin 9 ayının yekununa görə 10%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü Azərişıq ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9 500 meqavoltamperdən 2018-ci ilin sonuna bu göstərici 12 900 meqavoltamperə çatdırılacaq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi