"Aztelekom" və "Baktelekom " özəlləşdirilir? -

"Aztelekom" və "Baktelekom " özəlləşdirilir? - ARAŞDIRMA

Prezident İlham Əliyev ötən ayın sonunda özəl yatırım cəlbini nəzərdə tutan dövlət müəssisələrinin siyahısını təsdiqləmişdi.

Həmin sərəncamda özəlləşdirilə biləcək səkkiz dövlət müəssisəsinin – o sıradan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibindəki "Baktelekom" və "Aztelekom" MMC-lərinin də adı çəkilmişdi.

"Aztelekom" və "Baktelekom" dövlətə məxsus internet provayderləridir. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, bu sahədə özəl sektorun payı azdır. Əslində, ölkədəki özəl internet provayderlərini internetlə təmin edən də elə "Aztelekom" və "Baktelekom"dur. Ekspertlərin fikrincə, Azərbaycanda internetin sürət və qiymətindən narazılıqlar məhz bu sahədə dövlətin payının yüksək olmasından qaynaqlanır. Axı özəl sektorun inkişafı rəqabətin yaranması deməkdir. Rəqabətsə istər xidmət keyfiyyətinin artmasına, istərsə qiymət səviyyəsinin normal həddi aşmamasına yol açır.

Adıçəkilən qurumların özəlləşdirilməsi daha öncə də dəfələrlə hökumət gündəmində yer alıb. Ancaq vəd edilsə də, bu sahədəki durum dəyişməz qalıb. Hələ 2016-cı ildə qəbul edilən və 2020-ci ilədək icrası nəzərdə tutulan "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə bu qurumların özəlləşdirilməsinin gözdən keçiriləcəyi bildirilmişdi.

Özəlləşdirmə niyə vacibdir?
"Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd edilirdi ki, Azərbaycanda sabit şəbəkədə genişzolaqlı xidmətlərin 50 faizindən çoxunu azsaylı bazar subyektləri təqdim edir. Üstəlik, digər bir çox bölgə ölkələrindən fərqli olaraq, bu azsaylı oyunçuların bazar payı artmaq əvəzinə azalıb. Məsələn, bölgə ölkələrində sabit genişzolaqlı xidmət üzrə yüksək özəl çəkili iştirakçıların bazar payları 2010-2015-ci illərdə azaldığı halda, Azərbaycanda belə iştirakçılar öz abunəçi bazasını genişləndirməklə bu göstəricini 2010-cu ildəki 40 faizdən 2015-ci ildə 66 faizə artırıblar. Həmin müddət ərzində dominant bazar iştirakçılarının bazar payı Türkiyədə 21 faiz, Qazaxıstanda 15 faiz, Şərqi Avropada 10 faiz azaldığı halda, Azərbaycanda 26 faiz çoxalıb.

Bu baxımdan, genişzolaqlı şəbəkə bazarının liberallaşdırılması ölkədə rabitə əlaqəsinin gücləndirilməsi istiqamətində əsas təkanverici amillərdən biri ola bilər. Beynəlxalq təcrübədə dünya ölkələri bazarlarda rəqabət mühiti yaratmaqla iştirakçıların paylarının effektiv tənzimlənməsi istiqamətində tədbirlər görür. Bu üzdən, Azərbaycanın telekommunikasiya bazarında müşahidə edilən meyllər həmin trendə uyğunlaşdırılmalıdır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və Bakı Telefon Rabitəsi (Baktelekom) MMC-lərinin antiinhisar qanunvericiliyini pozmasını müəyyənləşdirib. Dövlət Xidməti özəl internet provayderlərindən gələn müraciətlər əsasında bu iki qurum haqqında araşdırma da başlatmışdı. Araşdırmadan üzə çıxmışdı ki, hər iki şirkət dövlətin (Tarif Şurası) tənzimlədiyi xidmətlərlə eynipredmetli xidmətlərin tariflərini özü müəyyənləşdirərək bir sıra qanunvericilik aktının tələblərini pozub. Nəticədə hər iki dövlət qurumuna pul cəriməsi tətbiq edilməsinə qərar verilmişdi.

Tək özəlləşdirmə yetərlidirmi?
Azərbaycanın internet sektoru ilə bağlı problemlərə yol açan səbəblər məhdud rəqabət imkanları ilə yanaşı, həm də bazarda müstəqil tənzimləyicinin olmamasından irəli gəlir. Müstəqil ekspertlərin fikrincə, bu sektorun inkişafı baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kommersiya səlahiyyətlərinə son qoyulmalıdır. Axı eyni qurumun həm tənzimləmə aparması, həm də satışla məşğul olması maraq toqquşması doğura bilər.

Hökumətin də açıqlamalarında ölkədə müstəqil tənzimləyici yaradılmasının planlaşdırıldığı bildirilib. 2016-cı ildə təsdiqlənən Strateji Yol Xəritəsində də qeyd edilən strateji hədəflərdən biri ölkədə müstəqil tənzimləyici qurumun yaradılması idi. Ancaq yol xəritəsinin qəbulundan yeddi il ötsə də, hökumət hələ də bu vədini yerinə yetirməyib. Həmin sənəddə inkişaf etmiş ölkələrin təcrübəsinə dayanaraq göstərilir ki, müstəqil tənzimləyici qurumun telekommunikasiya bazarını düzənləməsi bazarın inkişafına və daha çox investisiya yatırılmasına zəmin yaradır.

Beynəlxalq təcrübəyə görə, bazarın liberallaşdırılması xidmət qiymətlərini optimallaşdırır, investisiya qoyuluşlarının həcmini və xidmətlərin keyfiyyətini artırır. Beynəlxalq Telekommunikasiya İttifaqının araşdırmasına görə, bazar iştirakçıları arasında rəqabət ortamının təkmilləşdirilməsi beynəlxalq zənglərin orta qiymətlərinin 48 faiz, genişzolaqlı şəbəkə qiymətlərininsə 32 faiz aşağı salınmasına imkan verə bilər. Bununla yanaşı, internet infrastrukturu üzərində cəmi bir neçə üstün mövqeli oyunçunun olduğu ölkələrdə qanunsuz trafik toplam beynəlxalq trafikdə 30-60 faiz aralığında paya malikdir və bu da, öz növbəsində, vergidən yayınmalarla müşayiət edilir./AzadlıqRadiosu

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər