AzTV-nin maliyyə müdiri işdən çıxarıldı:"Dedim ki, Allah xeyir versin, qardaş..."

AzTV-nin maliyyə müdiri işdən çıxarıldı:"Dedim ki, Allah xeyir versin, qardaş..." 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlandığı xəbəri yayılıb.

Hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması ilə təmizləmələrə başlayıb.

Belə ki, teleradio şirkətinin maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifələrindən azad olunublar. Onların vəzifədə olduğu müddətdə həyata keçirdikləri bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb.

Bununla bağlı musavat.com-a danışan Şahrza Əliyev könüllü şəkildə ərizə yazaraq, vəzifəsindən istefa verdiyini təsdiqlədi.

O, AzTV-də yeni rəhbərliyin təzə komanda yığdığını bildirib: “Mən də dedim ki, Allah xeyir versin, qardaş. Ərizəmi yazdım və xahiş etdim ki, tutduğum vəzifədən azad edəsiniz. Arif Alışanovla sentyabrdan işləyirdik, cəmi 4 ay işlədik”.

Ş.Əliyev bildirib ki, audit yoxlaması ilə bağlı yayılan xəbər yalandır: “Planlı yoxlama gözlənilirdi. Çünki 2-3 il yoxlama olmamışdı. Hesablama Palatasının planına daxil edilib. İndi yoxlama üçün 2 aya yoxsa, 3 aya gələrlər, bilmirəm. Yəni, mənimlə bağlı elə bir söhbət yoxdur. Sadəcə, dedilər ki, yeni komanda yığırıq, mən də söylədim ki, yeni heyətdə yoxamsa, gedirəm”.

Ş.Əliyev Təhsil Nazirliyində maliyyə şefi postundan çıxdıqdan sonra bir müddət özəl şirkətlərdə mühasib işlədiyini bildirdi: “Əlimizdə mühasibat sənəti var, iqtisad elmləri doktoruyam. Bizə həmişə ehtiyac var, iş tapılır. Mən mühasibatçı deyiləm, mühasibatçıların mühasibatçısıyam. Çünki elə-belə, orda-burda müdafiə etməmişəm. Akademik Azad Mirzəcanzadənin şəxsən əmri ilə təşkil edilmiş komissiyada müdafiə etmişəm. Bu günə qədər o işimlə həmişə fəxr edirəm ki, Kiyevdə, orda-burda yox, Azərbaycanda, görkəmli akademikimizin komissiyasında müdafiə etmişəm”.

A.Mirzəcanzadədən alimlik dərəcəsi almağın çətinliyindən danışan Ş.Əliyev qeyd etdi ki, bunun üçün yetərincə əmək verib: “Onunla vuruşa-vuruşa, yazdıqlarımı sübut edəndən, Azad müəllim işimi tam oxuyandan sonra nəhayət, məni müdafiəyə buraxdı”.

Ş.Əliyev AzTV-nin sabiq sədri Arif Alışanovla tələbəlik illərindən tanış olduğunu vurğuladı: “İndiki Dövlət İqtisad Universitetində (O zaman Xalq Təsərrüfatı İnstitutu – E.S) oxuyurduq. Eyni vaxtda təhsil almışıq. Sonra mən Təhsil Nazirliyində, Alışanov isə AzTV-də maliyyəyə rəhbərlik edib. Məni bir neçə dəfə dəvət eləmişdi, açığı, getmirdim. Sonra getdim ki, ona kömək eləyim. Nə etməli, qismətdir, 4 ay işlədik. Yeni planlarımız var idi. Amma bir daha təkrar edirəm ki, hər hansı təhlükə, şəxslimlə bağlı audit yoxlaması yoxdur. 2017-2018-ci illər üçün planlı yoxlama olmalıdır. Hər il büdcə təşkilatları yoxlanır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi