Bir şuba nə qədər can alır: qiyməti, keyfiyyəti...

Bir şuba nə qədər can alır: qiyməti, keyfiyyəti... 

Soyuqların düşməsi ilə isti geyimlərə tələbat da durmadan artır.

Xüsusilə Bakı kimi qışı bir qədər quru, ancaq şaxtalı keçən şəhərlərdə qadınlar adətən isti üst geyimi olaraq, xəz paltolara (şuba) üstünlük verirlər. Lakin xəz paltolar heç də hər kəs üçün əlçatan deyil.

Axar.az xəbər verir ki, bu gün Bakıda xəz-dəri satışını həyata keçirən yüzlərlə mağaza var. Müxtəlif adda və marka altında satışa çıxarılan bu xəz geyimlərin qiyməti kifayət qədər yüksək və demək olar ki, hər mağazada eynidir. Çünki bu gün Bakıda xanımlara təklif edilən bütün xəz dəri məhsulları eyni yerdən – Çindən idxal edilir.

Dərisi Kanadadan gətirilən “kitayski şuba”lar

“Sədərək” Ticarət Mərkəzində xəz dəri satışını həyata keçirən iş adamının sözlərinə görə, hazırda xəz bazarında olan bütün şubalar Çindən gətirilir. Tikiş Pekində həyata keçirildiyi üçün xəz məhsulları da oradan gəlmiş sayılır. Lakin dəri əsasən Kanadadan idxal olunur:

“Dünyanı xəz dərisi ilə, demək olar ki, Kanada və Amerika təmin edir. Hazırda İtaliya, Yunanıstan, Türkiyə kürkləri anlayışı da var. Ancaq bu ölkələrin heç birində kürk yoxdur. Kürk adətən su samuru (norka) adlanan heyvanın dərisindən alınır ki, o heyvan da şimal ölkələrində suyun içində yaşayır. İtaliyada xəz yoxdur. Onlar sadəcə bu geyim növünün istehsalını həyata keçirirlər. Çində isə ucuz işçi qüvvəsi olduğu üçün əksər şirkətlər Kanadadan xəzi alıb tikiş üçün Çinə göndərirlər”.

İş adamı bildirib ki, ancaq bu həmin xəzlərin “kitayski” olması mənasına gəlmir. Çünki sadəcə tikiş orada həyata keçirilir.

Bir qadının bəzəyi - 60 su samuru

Maraqlıdır, bəs bir şubanın hazırlanması üçün neçə su samuru sərf edilir?

Şuba satışını həyata keçirən mağaza sahibinin sözlərinə görə, bir xanım üçün kürkün hazırlanmasına 40-60 su samuru lazımdır:

“Qısa kürklərin başa gəlməsi üçün ən azı 40 ədəd su samuru lazımdır. Ancaq standart şuba 60 su samuru hesabına başa gəlir. 80-90 ədəd su samurundan hazırlanan kürklər də var. Ancaq ən bahalı şubalar təbii su samurundan hazırlananlardır. Bu heyvanın süni şəkildə yetişdirilənləri də var. Ancaq onların dərisi olduqca cod olur. Təbii dəridən çox seçilir. Geyim hazırlanan zaman da bir o qədər üstünlük verilmir süni şəkildə yetişdirilən su samurunun dərisinə. Hətta xəz dəridən bir o qədər başı çıxmayanlar da bu fərqi hiss edə bilərlər”.

Hər fəsilə davamlı su samuru, yoxsa həssas dovşan?

Şubalar arasında qiyməti nisbətən ucuz olan və əsasən quru havalar üçün nəzərdə tutulanlar dovşan dərisindən hazırlanan xəzlərdir. Həmsöhbətim bildirib ki, dovşan dərisi olduqca həssas və kövrəkdir:

“Belə xəzlərin üstünə bir damla yağış düşən kimi keyfiyyətini itirir, cırılır. Dovşan dərisindən hazırlanan xəzlər tamamilə quru havalar üçündür. Bir dəfə yağış suyu dəyərsə, cırılacaq, tükləri bir-birinə yapışacaq. Elə xəzləri nə yumaq olur, nə qurutmaq. Bu səbəbdən alıcılara bu haqda məlumat veririk ki, aldanmasınlar. Ancaq su samurundan (norka) hazırlanan xəzlərə nə yağış, nə qar - heç bir təsir edə bilmir. Su samuru suda yaşadığı üçün dərisi və tükü hər fəsilə davamlıdır”.

Qiyməti “cib yandıran” su samuru

Şubalar barədə danışıb onların qiymətindən söz açmamaq günah olardı. Hazırda xəz bazarında xəz dəri geyimlərin qiyməti demək olar ki, standartdır.

Ümumilikdə xəz dükanlarında 1500 manatdan 20 000 manata qədər xəz kürk tapmaq mümkündür. Məsələn, bu ilin ən dəbli hesab edilən qısa gödəkcə tipli kürklərin qiyməti 1800-2000 manatdan başlayır. Bir qədər uzun, lakin həm də qısa ola bilən xəzlərin qiyməti isə bir qədər daha yüksəkdir – 2500-3000 manat arasındadır. Müxtəlif rənglərdə olan şubalar isə əsasən sifarişlə və tək-tək hazırlandığı üçün qiyməti daha yüksək olur.

Satıcı bildirib ki, hazırda qadınlar çox vaxt pulları çatmadığı halda belə xəz almaqdan əl çəkmir və kreditlə şuba alırlar.

Bir şuba nə qədər can alır: qiyməti, keyfiyyəti...Bir şuba nə qədər can alır: qiyməti, keyfiyyəti...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi