
Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır
Azərbaycan-Türkiyə birliyinin bu gün nə qədər güclü olduğunu görmək üçün iyunun 19-da Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminə diqqət yetirmək kifayətdir.
İki qardaş ölkə Liderinin iştirak etdiyi bu törəndə Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır, sözün həqiqi mənasında, qardaşlıq coşqusu yaşanırdı. Bu mənzərəni izləyən hər kəs, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığını həzm edə bilməyən ümumi bədxahlarımız bir daha əmin oldular ki, ortaq tarixə və milli-mənəvi dəyərlərə söykənən səmimi birlik ən dağıdıcı təbii fəlakətin ağır fəsadlarına belə, sinə gərmək gücündədir.
2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ 11 əyalətdə 53735 insanın həyatına son qoydu, təsəvvürə gəlməyən dağıntılara yol açdı. Elə bu səbəbdən, o, “Əsrin fəlakəti” adlandırılır. Yaşananlar, həqiqətən, böyük insanlıq faciəsi idi. Buna baxmayaraq, həmin günlər sosial şəbəkələrdə bir insanlıq rəzaləti də yaşanırdı. Azərbaycan və Türkiyənin ortaq bədxahları internet resurslarının onlara aid olan seqmentində öz sevincini gizlətmir, əsl xislətlərini ortaya qoyaraq can itkisinin çoxluğundan namərdcəsinə zövq alırdılar. Ən dəhşətlisi o idi ki, hər iki cəmiyyətdə öz içərimizdən olan bəzi müxalif siyasətçilər də bu rəzilliyə qoşulmuşdu. Onlar sevinməsələr də, insanlıq faciəsi üzərindən siyasi dividend qazanmğa çalışır, Ərdoğan hakimiyyətini ağlasığmaz iddialarla ən sərt formada tənqid edirdilər. Siyasi natamamlıq sindromunun və uzun illərin siyasi uğursuzluğunun ağırlığı altında əzilən belələri az qala iddia edirdilər ki, təbii fəlakətin günahkarı da guya Ərdoğan hökumətidir. Ölkəmizdəki radikal müxalifətin ayrı-ayrı təmsilçiləri isə ən azından vəfa borcuna sadiq qalmaq və təbii fəlakətin ağrı-acısını bölüşmək əvəzinə, Ərdoğan iqtidarını hədəfə almışdı. Belələri riyakarcasına elə zənn edirdilər ki, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi mövqeyi nə qədər zəifləyərsə, bu, ölkəmizin ictimai-siyasi mənzərəsini də bir o qədər təsirləndirə və bulanıq suda balıq tutmaq arzularını gerçəkləşdirə bilər. Bir vaxtlar İlham Əliyevin prezidentliyi dövründə torpaqlarımızın bir qarışı da işğaldan azad edilməyəcək fikrini cəmiyyətimizə sırımağa çalışanların türk həmrəyliyi ilə bağlı amalı bu qədər saxta və mənən də bu qədər ucuzdur.
Hər birimizin şəxsi həyatında olduğu kimi, dövlətlərarası münasibətlərdə də etibarlılıq və sədaqət amili olduqca önəmlidir. Bir çox mürəkkəb beynəlxalq faktorlardan asılı olan dövlətlərarası münasibətlərdə isə həmin keyfiyyətləri qorumaq, dar gündə dost və qardaş ölkənin yanında durmağı bacarmaq, əməli iş görmək, şübhəsiz ki, daha çətindir. Türkiyədə baş verən zəlzələnin ilk saatlarından etibarən Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın dövlət orqanlarından tutmuş sıravi vətəndaşına qədər, hər kəs sözdə deyil, əməli ilə Türkiyənin yanında oldu. Bu, həm xaricdəki bədxahlarımıza, həm də cəmiyyətlərimizdəki siyasət qısqanclarına ən kəsərli ibrət dərsi idi. Azərbaycan Prezidenti və xalqımız bir daha sübut etdi ki, hətta ən dəhşətli təbii fəlakət üzərindən məkrli plan quranların və bu oyunda iştirak edənlərin səyləri əbəsdir, rüsvayçı sonluğa məhkumdur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Kahramanmaraşda sıfırdan inşa olunan “Azərbaycan” məhəlləsi Qardaşlığın rəmzi olmaqla yanaşı, bədxahlarımıza və siyasət nadanlarına ən tutarlı cavabdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində söylədiyi bu fikirlər Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə yüksələn münasibətlərin təməlində ortaq tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və xalqlarımızı birləşdirən tellərlə yanaşı, Lider iradəsinin dayandığının əyani sübutudur:
“Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var... Burada böyük məmnunluqla demək istəyirəm ki, cənab İlham Əliyevin liderliyi ilə yardım edən bu qardaşlıq əli Maraşın qəlbinə qardaşlıq möhürünü vurub. Burada atılan hər addımda, vurulan hər mismarda, -istər Anadoluda, istər Azərbaycanda olsun, -türkün alın təri, səmimiyyəti və duası vardır”.
Təşəbbüskarı olduğu “Azərbaycan” məhəlləsinin - 1200 mənzildən ibarət 90-dan çox binanın açılış mərasimində iştirak etmək üçün Türkiyəyə məxsusi səfər edən Prezident İlham Əliyev kahramanmaraşlılar tərəfindən böyük coşqu və “Qarabağ Fatehi” sədası ilə qarşılandı. Çünki qardaş ölkədə də yaxşı bilirlər ki, Azərbaycan tarixi Zəfəri ilə türk dünyasının gücünə güc qatıb və onu beynəlxalq faktor kimi dünya gündəliyində yenidən aktuallaşdırıb. Son beş ildə ölkəmizə, ilk növbədə, Azərbaycan Prezidentinə qarşı edilən hücumların və aparılan çirkin qarayaxma kampaniyasının əsas səbəbi də elə budur. Ən məkrli bədxahlarımız belə, bu tarixi Qələbənin təməlində şəksiz Lider amilinin və bu faktor ətrafında birləşən ümumxalq iradəsinin dayandığını çox yaxşı bilir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Kahramanmaraşdan verdiyi bu mesaj, eynilə Şuşa Bəyannaməsi kimi, Türk dünyasını nə qədər məmnun etdisə, bədxahlarımızı da bir o qədər məyus edəcək:
“Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir. Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan- iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir... Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var”.
Azərbaycan-Türkiyə münasibətlərinin tarixində fərqli dövrlər mövcuddur. Dövlət səviyyəsində əlaqələrimiz heç vaxt indiki qədər yaxın və doğma olmayıb. Bu gerçəkliyin özü də bir daha sübut edir ki, ortaq tarixi yaddaşımızın bütövləşərək yaşadılmasında Lider faktorunun rolu, iki qardaş ölkənin dövlət başçıları tərəfindən müstəqil və qətiyyətli siyasət yürüdülməsinin əhəmiyyəti danılmazdır. Ortaq tarixə və milli-mənəvi dəyərlərimizə söykənən Liderlərimizin siyasi iradəsi bütövlükdə Türk dünyasının daha da möhkəmlənməsinə, türkdilli dövlət və xalqların bir-birinə daha çox yaxınlaşmasına xidmət edir. Ən başlıcası, Türk dünyasını təmsil edən Türk Dövlətləri Təşkilatı etibarlı beynəlxalq faktor kimi formalaşmaqda olan yeni dünya düzənində yalnız Avrasiya məkanında deyil, daha geniş coğrafiyada sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhfə vermək gücündə olduğunu hər ötən gün daha çox sübut edir.
Ülvi Quliyev
Milli Məclisin deputatı
Bu xəbər üçün şərh yazın