
“Biz ölkəmizi satmırıq, bu, dizel yanacağı deyil!..” – Trampa ağır SÖZLƏR
ABŞ prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin arasından yenə “qara pişik” keçib. Hərçənd münasibətlərdəki soyuqluğun baiskarı Zelenski yox, Konqresə aralıq seçkiləri öncəsi yanacağın qiymətini Rusiya ilə anlaşma hesabına endirməyə, öz reytinqini isə qaldırmağa çalışan Tramp sayılmalıdır. Yəni, sırf konyuktur maraqlar.
Belə çıxır ki, Ukrayna xalqının 5 ildir işğalçıya qarşı apardığı azadlıq müharibəsi ABŞ hökuməti üçün dizel yanacağı qədər də dəyərli deyilmiş və hətta axırıncı planda imiş. O halda Amerika kimi supergücün etibarlı dost-müttəfiq olması məsələsi avtomatik gündəmə gəlir...
Bu gün isə Tramp Zelenski ilə danışmaq istəmədiyini deyib, “çünki o, Rusiya ilə danışıqlar aparmaq, Putinə güzəştə getmək (?! – Z.S) fikridə deyil”. “Zelenskini ünsiyyət qurmalı olduğumuz insan hesab eləmirəm”, - Tramp bildirib. Ardınca iddia edib ki, Rusiya ilə sülh razılaşması hazırkı Ukrayna liderinin iştirakı olmadan baş tutacaq.
Ağ Ev lideri bir az da qabağa gedərək, Ukrayna qüvvələrinin Rusiyanın neft emalı zavodlarına növbəti zərbələrini pisləyib. Sitat: “Zelenskinin dayanmasını istəyirəm, Putindən də eyni şeyi istəyirəm. İndi, əgər mənə Ukraynanın təzədən Rusiyanın neft emalı zavodlarına hücum etdiyini deyirsinizsə, deməli, Zelenski yalnız qlobal neft qiymətlərinin daha da qalxmasına səbəb olur. Düşünürəm ki, bu, sadəcə rüsvayçılıqdır”...
![]()
Belə. İndi də Tramp Volodimir Zelenskidən işğalçıya güzəşt gözləyir. Ki, nəyin bahasına olur-olsun, müharibə dayansın. Amma görəsən, güzəşt edilən işğalçı ədalətli sülhə meyllənərmi? Ukrayna öz qanuni ərazilərini necə peşkəş edə bilər? Daha təhlükəlisi, bu, digər dövlətlər, xüsusən də Rusiya ilə həmsərhəd postsovet ölkələri üçün son dərəcə pis presedent yaratmazmı? Günün birində Moskva eyni güzəşti Moldovadan, Qazaxıstandan tələb eləməzmi? Yoxsa beynəlxalq hüquq, BMT Nizamnaməsi artıq dəfn olunub?
Təsadüfi deyil ki, Trampın Putinlə enerji atəşkəsi və dizellə bağlı razılaşmasından sonra Zelenski özünü “xəyanətə uğramış” kimi hiss etdiyini söyləyib. Ukrayna prezidenti bildirib: “Güclü bir tərəfdaşımızı itirməyimiz çox təəssüf doğurur”. Lakin o, hansısa yanacaq anlaşması naminə ölkənin suverenliyindən imtina etmək niyyətində olmadığını da izhar edib. “Biz ölkəmizi satmırıq. Bizim üçün bu, biznes deyil, həyatımızdır”. Ardınca yenə Trampın mövqeyini tənqid edərək, ABŞ prezidentinin heç olmasa neytral qalmalı və Rusiyanın tərəfini tutmamalı olduğunu vurğulayıb.
Zelenski bunu da qeyd edib ki, əgər vəzifəsindən getsə, başqa bir prezident – kişi və ya qadın – ölkəni müdafiə etməyə davam edəcək: “Çünki bura bizim evimizdir”. Hərgah, o, hakimiyyətdən getmək niyyətində olmadığını da diqqətə çatdırıb...
Maraqlıdır ki, Trampın Ukrayna siyasətindən amerikalı seçicilər də narazıdır. Məsələn, son rəy sorğusuna görə, Ağ Ev sahibinin Rusiya lideri ilə dizel razılaşması Amerika cəmiyyətində birmənalı qarşılanmayıb. Bəlli olub ki, anlaşmanın əleyhdarları (40%) tərəfdarlarından (33%) çoxdur.
Ayrı sözlə, prezidentin xarici siyasət uğuru kimi təqdim etməyə çalışdığı sövdələşmə əslində seçicilər arasında əks-reaksiya doğurub. Üstəgəl, məlum olub ki, amerikalıların 57 faizi Rusiyaya qarşı sanksiyaların saxlanılmasını dəstəkləyir. Sanksiyaların əleyhinə çıxanlar isə cəmi 11 faizdir.
Beləcə, aydın olur ki, amerikalılar Trampdan çox Zelenskinin yanındadır. Çünki adam bütün hallarda haqlı. Bu fakt noyabrın 3-dəki aralıq seçkilər zamanı ABŞ prezidenti və onun tərəfdarlarının əleyhinə işləyə bilər. Demək ki, Tramp faktiki öz ayağına güllə sıxıb...
Z. SƏFƏROĞLU












Bu xəbər üçün şərh yazın