Ciddi rəqabətin yaşanacağı 15 saylı Yasamal 1-ci Seçki Dairəsini qiymətləndirərkən...

Ciddi rəqabətin yaşanacağı 15 saylı Yasamal 1-ci Seçki Dairəsini qiymətləndirərkən... - Ülvi Quliyev,Arif Hacılı,yoxsa Sərdar Cəlaloğlu?

15 saylı Yasamal 1-ci Seçki Dairəsindən VI çağırış Milli Məclisə keçiriləcək 9 fevral parlament seçkilərində rəqabətli seçki mühitinin olacağını qabaqcadan proqnozlaşdırmaq olar.Elə bir az əvvəl deputatlığa namizəd Sərdar Cəlaloğlunun saytlarda yayımlanan məlum müsahibəsi də bəzi mətləblərdən xəbər verirdi. 3-4 belə dairədən biri kimi bu ərazidə seçkilərin gərgin mübarizə şəraitində olacağını bəri başdan söyləmək mümkündür.Sözsüz, parlament seçkilərindən bir müddət sonra belə bu dairə barəsində mətbuatda müzakirələr aparılacaq.

Müstəqil namizəd Ülvi Quliyev “Müsavat”partiyasının başqanı Arif Hacılı və ADP sədri Sərdar Cəlaloğluna qarşı mübarizə seçkidən əvvəl olduğu kimi,sonrakı hallarda da fikir ayrılıqlarını dərinləşdirəcək.Beləliklə,hakimiyyətə yaxın bitərəf  deputat Ülvi Quliyevin 15 saylı Yasamal 1-ci Seçki Dairəsindən namizədliyini irəli sürəcəyinə dair məlumatlar çoxdan var idi.Çünki,ötən parlament seçkilərində deputat seçildiyi dairədən təkrar namizədliyini irəli sürmək və seçilmək onun üçün daha məqbul olardı, nəinki o başqa dairəni seçsəydi.Amma ona qalan qaranlıq məqam  onun kimlərlə mübarizə apara biləcəyi ola bilərdi. Yəni mümkün deyildi ki,Ülvi Quliyevin bu dairədən namizədliyinin təkrar  irəli sürülməsi qiymətləndirilmiş olmasın və onun kimlərə qarşı mübarizə aparacağı bir neçə istiqamət xətti seçilməklə nəzərə alınmasın.


 Ümumiyyətlə,Ülvü Quliyevin özü də fikirləşməyə bilməzdi ki,ona göstərilən etimadı doğrulda biləcək,yoxsa mübarizəni Arif Hacılı və ya Sərdar Cəlaloğluna uduzub,siyasi hakimiyyətin etimadını itirəcək.Üstəlik bu dairədən namizədliyini irəli sürmüş AVP,AMİP-in namizədlərini də nəzərə aldıqda çoxları fikirləşə bilər  ki,Ülvi Quliyevi ikiqat çətin mübarizə gözləyir.Belə demək mümkünsə,bu dairədəki mübarizə Ülvü Quliyev üçün deputat seçimindən daha çox həm də bir siyasi imtahandır ki,bu heç beynəlxalq müşahidəçilərin də diqqətindən yayınmayacaq.


Lakin Ülvi Quliyevin 15 saylı Yasamal 1-ci Seçki Dairəsindən namizədliyini təkrar irəli sürməsi heç də təsadüfi görünmür.Eləcə də nəzərə almaq olar ki,bu dairədə  seçkini müşayiət edəcək xarici nümayəndələrin olma ehtimalı böyükdür,ona görə də seçkilərin şəffaflığı baxımından heç nə əsirgənilməyəcək.İstənilən müşahidəçiyə hər şey açıq olacaq.Göründüyü kimi,bütün əmsalları da nəzərə alanda Ülvi Quliyevin üzərinə çox böyük məsuliyyət qoyulub, o da böyük məsuliyyətin altına girib. Yəni, söhbət təkcə Ülvi Quliyevin deputat olmasından getmir, onun ona tapşırılan işin xətasız və qüsursuz necə yerinə yetirilməsindən, müxalif namizədlərin əlinə əsas verməməsindən gedir.


Faktinfo.az-ın araşdırmasından o da aydın olur ki, Ülvi Quliyevin seçki qərargahına savadı və intellektual səviyyəsi yüksək olan 100-ə yaxın gənc, orta yaşlı nəslin nümayəndələri cəmləşdirilib.Onların əksəriyyəti 15 saylı Yasamal 1-ci Seçki Dairəsinə  aid ərazidə yaşayan şəxslərdir.Məqsəd və məram aydındır, seçki qərargahının hər bir üzvü təşviqat müddəti səhər saat 08:00-dan axşam 00:00-dək işləməlidir. Çünki,Arif Hacılıya,Sərdar Cəlaloğluna və digər namizədlərə qarşı mübarizədə təkcə büdcə təşkilatlarının Ülvi Quliyevin xeyrinə qələbəni təmin edəcəklərinə inanılsa idi,geniş heyyətə malik seçki qərargahının üzvlərinin toplanmasına yəqin ki, ehtiyac qalmazdı. 


O ki qaldı, Ülvi Quliyevin qələbəsini təmin edəcək formulaya,böyük ehtimalla 9 fevral 2020-ci il parlament seçkilərində qələbəni təmin edəcək əsaslardan birincisi iki müxalifət liderinin eyni dairədən namizəd olmasıdır.Belə ki,bu hal müxalifət meyilli seçicilər arasında səslərin parçalanmasına gətirib çıxaracaq ki,nəticədə də Ülvi Quliyev inamla önə çıxa biləcək.Təsadüfi deyil ki,daha öncə namizədliyini irəli sürən Sərdar Cəlaloğlu sonradan bu addımı atan Arif Hacılıya ciddi etirazını bildirmiş və onun bu hərəkəti ilə məğlubiyyətə zəmin yaratdığını sətiraltı da olsa vurğulamışdı.Hətta bir neçə gün əvvəl onun Azpolitika.info-ya verdiyi müsahibəsində də hər iki müxalifət namizədin eyni dairədən namizədliyini irəli sürməsini ,eləcə də bu barədə Arif Hacılı ilə əvvəlcədən söhbət aparmasını,hazırda buna təkrar ehtiyac duymadığını deməsi, onların səslərinin parçalana biləcəyinə bəri başdan  ehyam vurmaq idi.Eləcə də, ADP sədri  məlum  müsahibəsində  bir az da irəli gedərək ötən parlament seçkilərində İsa Qəmbərin yüksək faizlə Ülvü Quliyevə məğlub olmasını açıq şəkildə qabartması, Arif Hacılının 15 saylı Yasamal 1-ci Seçki Dairəsində fəxri statusda olan başqanından da aşağı səs toplaya biləcəyinə bəri başdan verilən qiymətdir.


Digər tərəfdən isə  nəzərə alsaq ki,Əli Kərimlinin rəhbəri olduğu AXCP seçkilərdə iştirak etməyəcək,onda müxalif namizədlərin şansı bir qədər də azalmış olur.

Ülvi Quliyevin şanslarını dəyərləndirərkən bir məsələni də nəzərdən qaçırmamalıyıq. Belə ki,KİV-lərdə reklam etdirməsə də,Ülvi Quliyev daim seçiciləri ilə sıx təmasda olub,bayramlarda aztəminatlı ailələrə maddi yardım göstərib,müalicəyə ehtiyacı olanların bir çoxunun dərmanla,müalicə xərcləri ilə təmin edib.Sözsüz ki, bu amil də seçki günü öz təsirini göstərəcək.


Beləliklə, çıxarılan qənaət odur ki,9 fevralda VI çağırış Milli Məclisə keçirələcək parlament seçkilərində 15 saylı Yasamal 1-ci Seçki Dairəsində maraqlı  seçki ab-havası hökm sürəcək.Ona görə də  bu dairədə seçkiləri izləməyə dəyər.

Fuad İsgəndərov

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi