Ərdoğanın qərarı Bakıya da tətbiq edilə bilər? - Ekspert

Ərdoğanın qərarı Bakıya da tətbiq edilə bilər? - Ekspert 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və İstanbul kimi şəhərlərdə tikilən binalarda mərtəbələrin sayının məhdudlaşdırılacağını deyib. Binalarda maksimum mərtəbə sayının 6 olacağını deyən prezident yeni qərarın ətraf mühitin mühafizəsi üçün vacib olduğunu bildirib.

Məsələ ilə bağlı Axar.az-a danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, tanınmış inşaatçı Cahangir Qocayev deyib ki, hazırda İstanbul və Ankara kimi əhalinin sıx yerləşdiyi şəhərlərdə bu qərar zəruri olsa da, təhlükə Bakı üçün keçərli deyil:

“Bu məhdudlaşdırma iqlimlə və digər məsələlərlə əlaqəlidir. Böyük şəhərlərdə məskunlaşmanın həddən artıq sıx olması ekoloji baxımdan ağacların da məhvinə səbəb olur. Düşünmürəm ki, Azərbaycanda hazırda belə bir qərarın təsdiq olunmasına ehtiyac yoxdur. Təkcə İstanbul şəhərinin əhalisi Azərbaycanın bütün əhalisindən 2 dəfə çoxdur. Əhali sıxlığı Bakıdakından qat-qat çoxdur. Məsələn, Moskvanın ərazisi Bakının yarısı qədər olsa da, 10 milyon əhali yaşayır. Çox güman ki, Türkiyədə göydələnlərlə bağlı tədqiqat aparıblar və belə qənaətə gəliblər ki, məhdudiyyətlər tətbiq etmək lazımdır”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov isə belə bir qərarın Azərbaycanda da tətbiq olunmasının zəruri olduğunu düşünür:

“Türkiyə prezidenti belə bir sərəncamı çox güman ki, ekoloji səbəbə görə deyil, zəlzələ səbəbilə verib. Adətən inşaat şirkətləri bina tikəndə əhalinin təhlükəsizliyini yox, öz xeyirlərini düşünür. Onlar binanı 100 faiz təhlükəsiz tikmək istəsələr, gəlir əldə edə bilməyəcəklər. Son illər baş verən zəlzələlərdə Türkiyə inşaat şirkətlərinin tikdiyi binaların çoxu dağılıb-töküldü. Ona görə də Ərdoğan belə sərəncam verib ki, binaların hündürlüyü 6 mərtəbədən yuxarı olmasın”.

Ekspertin sözlərinə görə, inşaat şirkətləri bu gün sementdən, kərpicdən, daşdan və s. materiallardan kəsərək bina tikdikləri üçün nəticə qorxulu olur:

“Sementin bərkimə vaxtı var. Aşağı keyfiyyətli sement tez boşalır və nəticədə qısa müddətdən sonra qopub tökülməyə başlayır.

Hələ neçə il bundan öncə Ümumilli lider Heydər Əliyev demişdi ki, 12 mərtəbədən yuxarı bina tikmək olmaz. Həmin binalar da yalnız o şərtlə tikilə bilər ki, 9-10 ballıq zəlzələyə davam gətirə bilsin”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi