Faşizm üzərində qələbə naminə döyüşmüş SABİRABADLI

Faşizm üzərində qələbə naminə döyüşmüş SABİRABADLI 

Artıq 80 ildir ki, 9 May - faşizm üzərində Qələbə günü ölkəmizdə təntənəli şəkildə qeyd olunur.

Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub.Həmçinin, qələbənin əldə olunması  Azərbaycan xalqına asan başa gəlməyib.Müharibədə iştirak etmiş Azərbaycanın yüzlərlə, minlərlə mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər.1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətini – fədakarlığını, vətənpərvərliyini, sarsılmaz mərdliyini nümayiş etdiriblər. Onlar doğma Vətənin hüdudlarından çox-çox uzaqlarda mərdliklə,hünərlə vuruşublar.170 mindən çox həmvətənimizin orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.


Bu mənada  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, İsrafil Məmmədovun, Azərbaycan şahini Hüseynbala Əliyevin, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, partizan hərəkatının fəal iştirakçısı, "Fransanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları dillər əzbəri olmuş, tarixə düşmüşdür.

Amma siyahı bu qəhrəmanlardan əlavə qələbənin qazanılmasında həmyerlilərimizlə həmişə fəxr ediləcək qədər daha uzundur.


Faktinfo.az  "pamyat-naroda.ru"-ya istinadən xəbər verir ki,belə qəhrəman oğullarımızdan biri də 1920-ci ildə Azərbaycanın Sabirabad rayonunun Türkədi kəndində anadan olmuş Şıxəliyev Hacılı Şalı oğludur. O,1941-1945-ci illər müharibəsində alman faşizminə qarşı mərdliklə, hünərlə vuruşduğuna görə,Qırmızı Ulduz Ordeni ilə təltif olunub.Belə ki,Hacılı Şıxəliyev ilkin olaraq sravi əsgər kimi Stalinqrad uğrunda gedən döyüşlərdə iştirak edib.Sonra isə o,serjant(çavuş) rütbəsinə yüksəlib və kəşfiyyatçı kimi Odessa şəhərinin faşizmdən azad edilməsi yolunda fədakarcasına fəaliyyət göstərib.


Müharibədən sonrakı illərdə hərbi bacarığı nəzərə alınaraq, Hacılı Şıxəliyev Azərbaycanda hərbi hissələrdən birində hərbi qulluqçuların şəxsi heyətlə iş üzrə muavini(zampolit),sonralar isə hərbi müəllim kimi işləyib.O,1986-cı ildə doğulduğu Sabirabad rayonunun Türkədi kəndində dünyasını dəyişib.


Göründüyü kimi,Qələbənin 80 illiyinin qeyd edilməsinin əsl səbəbkarları, düşmənin məğlub edilməsində böyük şücaətlər göstərmiş, canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmiş, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızdır, həmdə. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Çünki faşizm üzərində tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının ön və arxa cəbhələrdə göstərdikləri şücaətlər danılmazdır.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi