FED uçot dərəcəsini nə qədər artıracaq?

FED uçot dərəcəsini nə qədər artıracaq? 

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası start götürür. İclasın sonuncu günündə uçot dərəcəsinə yenidən baxılacaq.

Report.az hesab edir ki, FED ardıcıl olaraq üçüncü dəfə uçot dərəcəsinin 0,75 faiz bəndi həddində artırılması haqqında qərar verəcək. Bununla da uçot dərəcəsinin 3-3,25 faizə çatacağı gözlənilir.

Tənzimləyicinin martdan bu yana sərgilədiyi aqressiv siyasətə sadiq qalacağına dair inamı artıran başlıca arqument avqustda inflyasiya üzrə gözləntilərin özünü doğrultmamasıdır. Belə ki, enerji daşıyıcılarının qiymətlərinin düşməsindən dolayı hesabat ayında cüzi də olsa azalmanın olacağı gözlənilirdi. Lakin istehlak qiymətləri indeksində avqustda 0,1 faiz artım qeydə alındı. İnflyasiyanın nə dərəcədə sabit olacağının əsas göstəricisi olan baza qiymətlər avqustda 0,6 faiz artaraq proqnozları iki dəfə üstələdi.

İllik ifadədə baza inflyasiyasının artımı 6,3 faiz təşkil etdi ki, bu da hədəflənən inflyasiya (2%) həddini üç dəfədən çox üstələyir. Mövcud durumda FED üçün son 40 ilin ən böyük inflyasiyasının qarşısını almaq və qiymətlərin sabitliyini təmin etmək əsas prioritetə çevrilir. FED-in inflyasiyanı azaltmaq üçün iqtisadiyyatın “soyudulması” və faiz dərəcələrinin artırılması istiqamətindəki addımları ev təsərrüfatları və müəssisələr üçün problemlər yaratsa da, tənzimləyici bu yolda qalmaqda qətiyyətlidir. Görünən odur ki, inflyasiyanı aşağı salmaq üçün tənzimləyiciyə hələ ən azı bir neçə ay lazım gələcək.

Xatırladaq ki, FED martda 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5 faizə çatdırdı. Mayda uçot dərəcəsi 0,50 faiz bəndi artırılaraq 0,75-1 faizə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 faizə, iyulda daha 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 faizə çatdırıldı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi