Füzulili ziyalılar Prezidentə təşəkkür məktubu ünvanladı-

Füzulili ziyalılar Prezidentə təşəkkür məktubu ünvanladı- Sevincimizin həddi-hüdudu yoxdu

Füzuli rayonun akademik və professorları Hətəm Quliyev, Əli Nuriyev, Akif Musayev, Arif Quliyev, Şəfa Əliyev, Qalib Qarayev, eləcə də yazıçı və şairləri Seyran Səxavət, Vaqif Bəhmənli, Çingiz Əlioğlu, Cavad Zeynal, o cümlədən 50-dən çox ziyalı Füzuli rayon ziyalıları adından prezident İlham Əliyevə şanlı Azərbaycan ordusunun qələbələrinə görə təşəkkür və müraciət məktubu ünvanlayıblar.

Faktinfo.az xəbər verir ki,məktubda ziyalılar sevinclərini, düşüncələrini bölüşərək həyata keçirilən qətiyyətli siyasət və ordu quruluculuğuna görə Prezidentə təşəkkürlərini bildirmiş və Müzəffər Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü uğrundankı şücaətini yüksək qiymətləndirmişlər: “Hörmətli cənab Prezident  və  Ali  Baş Komandan, indiki mürəkkəb və şərəfli dövrdə özümüzə borc bilərək qeyd etmək istərdik ki, biz Füzuli ziyalıları bütün xalqımız kimi Sizinlə fəxr edir, qürur duyur və Sizin daxili və xarici siyasətinizi tam olaraq dəstəkləyirik. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı kimi Sizin  əmrinizlə  işğalçı Ermənistana qarşı artıq bütün cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanılıb. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində bir çox ərazilərimiz, o cümlədən Füzuli rayonunun işğal altında olan bir çox  kəndləri də erməni qəsbkarlarından təmizlənib. Bu parlaq qələbə heç şübhəsiz ki, Sizin yürütdüyünüz qətiyyətli siyasətin və nail olduğunuz yüksək ordu quruculuğunun nəticəsidir.”

 Məktubda ziyalılar həmçinin Qarabağ həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətlərində çalışdıqlarını və beynəlxalq qurumlara müraciətlər ünvanladıqlarını bildiriblər: “Xalqımızın hər bir nümayəndəsi kimi biz də  ordumuza maddi-mənəvi və informasiya dəstəyini daha mütəşəkkil həyata keçirmək məqsədilə var qüvvəmizlə çalışır və bütün imkanlarımızı səfərbər etmişik. Cəbhədə hərbi əməliyyatlarla yanaşı, qızğın informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə biz də kütləvi informasiya vasitələrində müxtəlif çıxışlar edirik. Qarabağ həqiqətləri, erməni irqçi faşist ideologiyasının ifşa edilməsi, ədalətli dövlət siyasətinin təbliği, xalqımızın vətənpərvərlik ruhunun və haqq işinin dünya xalqlarına çatdırılması yönündə əlaqədə olduğumuz müxtəlif ölkə alimləri və ziyalılarıyla  məqsədyönlü məlumatlandırma işləri aparırıq. Dağlıq Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların daha geniş dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə xaricdə fəaliyyət göstərən beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə, ziyalılara, gənclərə, tələbələrə tərəfimizdən xüsusi məktublar  və müraciətlər göndərilib.”

 Füzuli rayon ziyalılarının müraciətində mənfur düşmənin mülki əhaliyə qarşı həyata keçirilən terror əməlləri də pislənilmiş və bu həssas zamanda hər zaman dəstəyi ilə Azərbaycanın yanında olan qardaş Türkiyə dövləti ilə dostluq əlaqələrinin sarsılmazlığı və möhkəmliyi vurğulanmışdır. Bununla yanaşı, ziyalılar Qəhrəman Azərbaycan Əsgərinin tezliklə Azərbaycan bayrağını Şuşaya, Xankəndinə sancmaqla tarixi ədaləti bərpa edəcəyinə əminliklərini ifadə edərək işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günün o qədər də uzaqda olmadığını qeyd ediblər. “Xalqımıza qürurunu, özgüvənini, inamını qaytarmış, ümidsizliyi, sınıqlığı qovmuş, birliyimizi, yekdilliyimizi bərqərar etmiş və Prezident İlham Əliyevdən Azərbaycana əbədi yadigar qalacaq “Qələbə Bayramı Günü"müzə az qalıb. İndi isə böyük qələbəyə doğru addım-addım qətiyyətlə yaxınlaşırıq. Yolumuz Qubadlıya, Şuşaya, Xankəndinə, Laçına, Kəlbəcərədir! YOLUMUZ BÖLÜNMƏZ VƏTƏNƏDİR!





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi