Hər ikisi futbol dahisi hesab olunur-Bəs fərqləri nədədir?

Hər ikisi futbol dahisi hesab olunur-Bəs fərqləri nədədir? 

Futbol ictimaiyyəti arasında ən böyük mübahisələrdən biri hesab olunan məsələ bu günlərdə yenidən aktuallaşıb: Lionel Messi, yoxsa Dieqo Armando Maradona?

Statistikaya baxanlar üçün cavab adətən Messidir. Emosiyalara, futbolun romantikasına və meydandan kənardakı simvolikaya üstünlük verənlər üçün isə Maradona hələ də əlçatmaz zirvədir. Çünki bu müqayisə təkcə qolların, kubokların və rekordların müqayisəsi deyil. Bu, iki fərqli dövrün, iki fərqli xarakterin və iki fərqli dünya görüşünün müqayisəsidir.

Hər ikisi futbol dahisi hesab olunur...

Həm Maradona, həm də Messi futbol tarixinin ən böyük istedadları sırasında yer alır.

Hər ikisi Argentinanı dünya çempionu edib, hər ikisi "10 nömrə"nin simvoluna çevrilib, hər ikisi inanılmaz driblinq bacarığı, oyunu oxuma qabiliyyəti və qeyri-adi texnikası ilə milyonları valeh edib.

Onların karyerasında Avropa klubları xüsusi yer tutur. Messi , "Barselona"nın tarixini yenidən yazdı. Maradona isə qısa müddət burada çıxış etsə də, daha sonra "Napoli"ni Avropanın nəhənginə çevirməklə əfsanəsini yaratdı.

Futbol baxımından hər ikisi oyunun sərhədlərini dəyişdirən fenomenlər idi.

Maradona dünya çempionatlarında Argentina tarixinin ən böyük simalarından biri hesab olunur. 1986-cı ildə komandasını faktiki olaraq təkbaşına dünya çempionu etdi. 1990-cı ildə isə Argentinanı yenidən finala çıxardı və ardıcıl ikinci dünya çempionluğuna çox yaxın oldu, lakin finalda Almaniyaya uduzdular.

Messi isə uzun illər dünya çempionluğu həsrəti yaşadı. Yalnız 2022-ci ildə bu arzusuna çatdı. O da Maradona kimi Argentinanı zirvəyə yüksəltdi, lakin ikinci dünya çempionluğunu qazana bilmədi.

Bununla belə Maradona dünya çempionatlarında daha uzun müddət dominant fiqur kimi qiymətləndirilir.

Fərq harada başlayır?

Messi daha intizamlı, sakit və peşəkar futbolçu obrazı yaradıb. O, demək olar ki, heç vaxt siyasi və ya ictimai qarşıdurmaların mərkəzinə girməyib.

Maradona isə tam əksinə idi. O, meydanda olduğu qədər meydandan kənarda da qalmaqallı, emosional və üsyankar xarakteri ilə seçilirdi. Səhvləri çox idi, şəxsi həyatı dəfələrlə tənqid olunurdu. Amma o, heç vaxt fikirlərini gizlətmirdi.

Maradona üçün futbol həyatdan ayrı deyildi.

Maradona təkcə futbolçu deyildi, Messi isə tamamilə fərqli yol seçdi...

Maradonanın fərqini yaradan əsas məqam meydandan kənarda formalaşan obrazı idi. O, açıq şəkildə ABŞ siyasətini tənqid edir, Latın Amerikasında sol hərəkatlara simpatiyasını gizlətmirdi. Fidel Kastro və Uqo Çaveslə yaxın münasibətləri vardı. Fələstin məsələsində dəfələrlə fələstinlilərə dəstək ifadə etmiş, İsrailin siyasətini sərt tənqid etmişdi.

Maradona güclülərə qarşı zəiflərin tərəfində olan biri kimi çıxış edirdi, "əzilən dünyanın" yanında yer alır, bunu aşıq şəkildə ifadə etməkdən çəkinmirdi. Məhz bu mövqeyi onu xüsusilə Latın Amerikasında, Yaxın Şərqdə və digər bölgələrdə çoxları üçün simvola çevirmişdi.

Messi isə tamamilə fərqli yol seçdi. O, demək olar ki, heç vaxt geosiyasi münaqişələr barədə açıq siyasi mövqe nümayiş etdirməyib. Bu neytral yanaşma bəziləri tərəfindən peşəkarlıq kimi qiymətləndirilsə də, digərləri bunu qlobal brendlərlə, transmilli şirkətlərlə, imperialist dairələrlə əməkdaşlıq edən superulduzun riskdən yayınması kimi şərh edir.

İctimai müzakirələrdə bəzən Messinin İsraildə keçirilən xeyriyyə və futbol tədbirlərində iştirakı və müxtəlif beynəlxalq kampaniyalarda görünməsi onun Təl-Əvivə yaxınlığı kimi təqdim edilib ki, bu da sol hərəkatın, həmçinin İslam dünyasının müəyyən hissəsində ona qarşı xoş olmayan münasibət yaradıb.

Baxmayaraq ki, bunlar  onun mövcud İsrail hökumətinin siyasətini dəstəklədiyini sübut etmir...Hətta Messi UNICEF-in xoşməramlı səfiri kimi müxtəlif humanitar layihələrdə, o cümlədən Fələstinli uşaqlarla bağlı proqramlarda da iştirak edir. Ancaq onun, məsələn Qəzzada baş verənlərə səssizliyi, Maradona, Ronalda kimi mövqe ortaya qoymaması müəyyən dairələrin qınağına, hətta hədəfinə çevrilməsinə səbəb olub...

Niyə Messi Maradonna ola bilmədi?

Əlbəttə ki, bunu səbəbini futbolda, onlarn oynadıqları oyunda axtarmaq doğru olmaz. Qeyd etdiyimiz kimi, hər ikisi futbol dahisi hesab olunur. 

Futbol baxımından Messi demək olar ki, qazana biləcəyi hər şeyi qazanıb. Bir çox statistik göstəricidə hətta Maradonanı da geridə qoyub.

Lakin Maradona təkcə futbolçu kimi deyil, həm də siyasi və ictimai simvol kimi yadda qalıb. O, daim tərəf seçən, fikrini açıq deyən, bunun bədəlini ödəməkdən çəkinməyən bir obraz idi.


Messi isə daha çox qlobal futbol ikonası, kommersiya baxımından uğurlu və mümkün qədər mübahisələrdən uzaq duran idmançı modelini təmsil edir.

Məhz buna görə də çoxluq hesab edir ki, Messi futbol baxımından əfsanə olsa da, Maradonanın yaratdığı mifi və onun qazandığı statusu təkrarlaya bilmədi!  

Elman İsmayıllı 

Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi