Heydər Əliyevin sabiq müşaviri:“Növbədənkənar parlament seçkisi üçün zərurət yaranıb”

Heydər Əliyevin sabiq müşaviri:“Növbədənkənar parlament seçkisi üçün zərurət yaranıb” 

“Ölkədə məmur özbaşınalığına tədricən olsa da, son qoyulmağa başlanılıb.

Sıravi insanları incitməyi özlərinin peşələri sayanlar idarəetmədən uzaqlaşdırılır. Bununla da idarəetmə humanist xarakter daşımağa başlayıb. Düşünürəm ki, idarəetmənin qolları arasında əlaqələrin yaradılmasına ciddi ehtiyac duyulur”.

Bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı səslənən fikirləri “Yeni Müsavat”a şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, hakimiyyətin icraedici orqanları ilə qanunverici orqanları, eləcə də məhkəmə orqanları arasında bölgünün dəqiqləşdirilməsi, ”hakimiyyətin üç qol prinsipi”nə dünya praktikasına uyğun olaraq əməl edilməsi məsələsi də gündəmə gəlir: “Bu gün bəzi məsələlərlə bağlı etiraf etmək lazımdır ki, qanunverici hakimiyyətin rolu bəzən icraedici hakimiyyətin rolu ilə qarışdırılır. Məhkəmə orqanlarında ciddi siyasi islahatlara ehtiyac var. Bu orqanların müstəqilliyi xeyli artırılmalı, onun işinə ictimai nəzarətin gücləndirilməsi xeyli vacib görünür”.

Onun sözlərinə görə, nəticə etibarı ilə qəbul edilmiş qərarlar qanunvericiliyə söykənməlidir: “Prezident bunların anonslarını verib, növbəti islahatların məhkəmə orqanlarını əhatə edəcəyi barədə fikirlər səsləndirib. Düşünürəm ki, bu kontekstdə qanunverici hakimiyyətin yenilənməsinə, işinin daha da səmərəli olmasına ehtiyac duyulur. Çünki vəzifələrindən istefa vermiş deputatlar var,  dünyasını dəyişən deputat da var. Kifayət qədər passiv, qanunvericilik hakimiyyətinin səlahiyyətlərini bilməyən, qanunvericilik məsələsində səsi olmayan adamlar da az deyil. Parlament sözün həqiqi mənasında peşəkar olmalıdır. Milli Məclis peşəkar adamlardan, özü də qanunvericilik məsələlərini dərindən bilənlərdən təşkil olunmalıdır. Bu məsələdə iş təcrübəsinə önəm verilməlidir ki, qanunverici hakimiyyət ölkədə möhkəmlənsin, digər proseslərə təsir etmək imkanları olsun. Düşünürəm ki, parlament seçkilərinin qabağa çəkilməsində heç bir qəbahət yoxdur. Bunun üçün hətta kifayət qədər zərurət yaranıb”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi