"Hökumətin iqtisadi komandası özü qurduğu tələyə düşüb"-

"Hökumətin iqtisadi komandası özü qurduğu tələyə düşüb"- Natiq Cəfərli

Son rəsmi statistika göstərir ki, Azərbaycanın qeyri-neft ixracında kəskin azalma var.

İqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bunun səbəbini hökumətin iqtisadi komandasının yarıtmaz fəaliyyəti ilə əlaqələndirib: “Hökumətin bacarıqsız iqtisadi komandası özü qurduğu tələyə düşüb – onlar rəqəmlərlə oynamağı, hətta “rəqs etməyi” xoşlayırlar axı, ona görə də, özlərinə sərf edən rəqəm görən kimi onu “uğur hekayəsinə” çevirirlər, sonrakı addımı düşünə bilmirlər.

Bir neçə dəfə publik çıxışlarımda demişdim ki, hökumət statistikanın təsnifatı ilə “oynayaraq” qeyri-neft ixracının rəqəmlərini şişirdir, məsələn, elektrik enerjisi ixracını qeyri-neft ixracı kimi təqdim edir (xatırlayırsınızsa, dəfələrlə demişik ki, dünyada neft və qeyri-neft iqtisadiyyatı anlayışı yoxdur, var resurs və qeyri-resurs iqtisadiyyatı anlayışı).

Keçən il, 2023-cü ilin ilk 3 ayında (yanvar-mart) hökumət rəsmi rəqəmlərlə elan etdi ki, ölkənin qeyri-neft ixracı 831 mln. dollar olub, bu ilin, yəni 2024-cü ilin eyni dövründə isə qeyri-neft ixracı cəmi 608 mln. dollar təşkil edib – eyni dövrlə müqaisədə 223 mln. dollarlıq ciddi bir azalma var. Tələ dediyim də məhz budur – indi çıxıb necə desinlər ki, biz elektrik enerjisinin satışını sevincək olub qeyri-neft məhsulu kimi təsnifata saldıq, 2023-cü ilin ilk 3 ayında 281 mln. dollarlıq elektrik enerjisi ixrac etmişdik, amma bu ilin ilk 3 ayında isə cəmi 40 mln. dollarlıq elektrik enerjisi ixrac edilib – 241 mln. dollarlıq azalma var.

İndi bacarıqsız iqtisadi komanda necə desin ki, bəh-bəhlə təqdim etdikləri qeyri-neft sektorunun ixracı azalıb, yaxşı, bunu da keçdim, bəs kimsə çıxıb elektrik enerjisi istehsalı və ixracının nədən kəskin azaldığını izah edəcəkmi?! Heç biri olmayacaq, çünki nə deməyə sözləri, nə də vətəndaşa nəsə izah etməyə ehtiyacları var...”/Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi