
İcbari Tibbi Sığorta Fondu ciddi pozuntulara yol verib - 760 mln. manatlıq satınalma
İcbari Tibbi Sığorta Fondunun satınalmalarında şəffaflıq və səmərəlilik pozulub.
Hesablama Palatasının (HP) İcbari Tibbi Sığorta Fondunda apardığı auditin nəticələrinə əsasən, 2023–2024-cü illərdə satınalma fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb.
Hesabat dövründə Fond üzrə 277 satınalma keçirilib və ümumilikdə 757,1 milyon manatlıq müqavilə bağlanıb. Lakin audit bu satınalmaların 43%-nin bir mənbədən satınalma üsulu ilə həyata keçirildiyini, bu üsulla bağlanan müqavilələrin dəyərinin isə cəmi 6,7%-ni təşkil etdiyini müəyyən edib.
Bundan əlavə, satınalma planlamasında və icrasında nöqsanlara, o cümlədən ehtiyacların düzgün qiymətləndirilməməsinə, malların vaxtında çatdırılmamasına, eyni malın fərqli qiymətlərlə alınmasına, artıq ehtiyatda olan malların yenidən alınmasına yol verildiyi məlum olub.
Audit göstərib ki, bəzi dövlət proqramları çərçivəsində dərman vasitələri və tibbi ləvazimatlar təxmini qiymətlərdən və Tarif Şurası tərəfindən müəyyən edilmiş hədlərdən baha qiymətə alınıb. Həmçinin, malların proqnozlaşdırıla bilən olmasına baxmayaraq satınalmaların 70%-i ilin son iki rübündə həyata keçirilib ki, bu da planlaşdırma və effektivlik baxımından ciddi çatışmazlıq kimi qiymətləndirilib.
Hesablama Palatası nəticə olaraq vurğulayıb ki, satınalma prosesində şəffaflıq, qənaətlilik və məqsədyönlülük prinsiplərinin pozulması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olub.
Bu xəbər üçün şərh yazın