İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri külli miqdarda pul qazanır-

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri külli miqdarda pul qazanır- İDDİA

Hamıya məlum olduğu kimi son illər Azərbaycanda səhiyyə sisteminin beynəlxalq standartlar səviyyəsində qurulması məqsədi ilə bir neçə Dövlət Proqramı təsdiq olundu və zaman-zaman bu proqramlar həyata keçirildi.

 Müasir dövrdə səhiyyənin inkişafına və ən müasir ləvazimatlarla təchiz olunması məqsədilə bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin yeni formalarının tətbiq edilməsi, habelə yeni təsərrüfat mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər öz nəticəsini verdimi?

Azərbaycanda “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması səhiyyə sistemində aparılan islahatların tərkib hissəsi oldu. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. Prezident İlham Əliyevin 2018-ci ilin dekabrında imzaladığı fərman da məhz ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi daşıyırdı.

Bundan sonra respublikamızın şəhər və rayonlarında fəaliyyətdə olan bir çox tibb müəssisəsi Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildi. Bunların arasında elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, təcili tibbi yardım müəssisələri, ambulator-poliklinikalar, poliklinikalar və digər müəssisələrlə yanaşı Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazası da yer alıb. Səhiyyə Nazirliyinin alınaraq TƏBİB-ə verilən tibb müəssisələrinin konkret sahələr üzrə insanların sağlamlığının qorunmasına, müayinə və müalicəsinə xidmət etdiyini hər birimiz bilirik. Bəs Xüsusi Tibbi Təchizat Bazasının Səhiyyə Nazirliyinin tərkibindəki funksiyası nədən ibarət olub?

Sözügedən qurumun istər Səhiyyə Nazirliyinin tərkibində, istərsə də TƏBİB-in tərkibindəki fəaliyyətini araşdırarkən ətraflı heç bir məlumat əldə edə bilmədik. Qeyd edək ki, Azərbaycanda bir çox nazirliklərin təchizat idarələri,bazaları mövcuddur ki, onların funksiyalarına büdcə vəsaiti hesabına aid olduqları nazirliklərə tabeli obyektlərin təmir-tikintisi, bərpası, zəruri olan mal-materialların alınması, xidmətlərin göstərilməsi və sair daxildir. Amma bizə məlum olduğuna görə səhiyyə müəssisələri təmir, bərpa, təsərrüfat materialların alınmasını və xidmətlərin göstərilməsini satınalmalar yolu ilə həyata keçirir. TƏBİB-ə tabeli Xüsusi Tibbi Təchizat Bazası da bu kimi xidmətləri satınalmalar yolu ilə həyata keçirir. Amma necə?

Aktualinfo.org dövlət satınalmalarının vahid internet portalı üzərindən ( TƏBİB-ə tabe olmasına baxmayaraq Səhiyyə Nazirliyinin qurumu kimi göstərilir) Xüsusi Tibbi Təchizat Bazası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışdır. Məlum oldu ki, burada keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilib, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməyib, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələr naməlum səbəblərdən ictimaiyyətə açıqlanmayıb.

Məsələn Xüsusi Tibbi Təchizat Bazası tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, dəftərxana və təsərrüfat malları, tikinti materialları üzrə 11.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun, tikinti materialları üzrə 21.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun, dəftərxana və təsərrüfat malları üzrə 09.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Xüsusi Tibbi Təchizat Bazasının Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Təchizat Bazası tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.

Xüsusilə qeyd etmək istərdik ki, apardığımız araşdırmalar zamanı TƏBİB-ə tabeli Xüsusi Tibbi Təchizat Bazası Tender Komissiyasının keçirdiyi tender və kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasında ümumiyyətlə heç bir məlumat yerləşdirilmədiyini müəyyən etdik.

Bu nəzarətsizlik haradan qaynaqlanır? Təbii ki, Xüsusi Tibbi Təchizat Bazasının tabe olduğu TƏBİB-dən və onun üst qurumu olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən. Son vaxtlar yaradılmış bu hər iki qurumun fəaliyyəti ilə dövrü mətbuatda çoxsaylı məlumatlar yayılmaqdadır. Elə ictimaiyyət arasında da bu qurumların fəaliyyəti qənaətbəxş hesab edilmir.

Dövrü mətbuat yazır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev rəhbərlik etdiyi qurumlar tərəfindən keçirilən tenderlərdən külli miqdarda pul qazanır. İstər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, istərsə də TƏBİB-in keçirdiyi tenderlərə bir çox məsələlərə görə vəsaitlər ayrılır. Buraya tibbi avadanlıqların alınması, təmir-tikinti ilə yanaşı, xəstəxanaların pulsuz təchiz edildiyi dərman vasitələri də daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin açıqlamasına görə 2020-ci ildə xəstəxanaların təchiz edildiyi dərman vasitələrinin sayı 126-dan 334-ə qaldırılıb. Bütün bunları isə Dövlət Agentliyi ilə TƏBİB həyata keçirir ki, tenderlərin qalibi daim eyni şirkətlər olur. Onda sual yaranır. Bəs Xüsusi Tibbi Təchizat Bazasının funksiyaları nədən ibarətdir?

Respublikanın tibb müəssisələrini lazımı mal materiallrla təchiz etmək, yoxsa gizli yollarla tender və kotirovka sorğuları adı altında ayrılan vəsaitləri naməlum istiqamətlərə yönəltmək? Çox istərdik TƏBİB bunlara aydınlıq gətirsin. Biz cəhd etdik, sorğumuza belə cavab vermədilər. Sözügedən qurumun keçirdiyi tender və kotirovka sorğuları barədə məlumatlar nə üçün ictimaiyyətə açıqlanmır, gizli saxlanılır. Burada məqsəd nədir?
Aktualinfo.org 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi