
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən faciə iki nəfərin həyatına son qoyub. Hadisədən sonra diqqətlər mərkəzin sahibi kimi təqdim olunan iş adamı Hacı Məhərrəm Novruzova yönəlib.
Bəs Məhərrəm Novruzov kimdir, hansı sahələrdə fəaliyyət göstərir və onun adı daha əvvəl hansı mübahisələrdə hallanıb?
Modern.az xəbər verir ki, ilkin məlumata görə, “Şəki Yaylası”nda əyləncə məqsədilə istifadə edilən qurğunun trosunun qırılması nəticəsində 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov həyatını itirib.
TƏBİB təcili tibbi yardım briqadasının hadisə yerində iki nəfərin ölümünü qeydə aldığını bildirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Mediada yayılan məlumatlara əsasən, “Şəki Yaylası” istirahət mərkəzi iş adamı Hacı Məhərrəm Novruzova məxsusdur.
Açıq mənbələrdə yer alan məlumatlara görə, Məhərrəm Novruzov uzun illərdir tikinti, daşınmaz əmlak, turizm, iaşə və idman sahələrində fəaliyyət göstərir. Onun adı xüsusilə “Bağçalı Evlər” MTK və bu şirkətin həyata keçirdiyi layihələrlə əlaqələndirilir.
“Bağçalı Evlər” MTK-nın 2006-cı ildən Azərbaycanda müxtəlif layihələrə sərmayə yatırdığı bildirilir. Şirkətin əsas layihələrindən biri Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksidir.
Novruzovun adı kompleksin ərazisindəki “Şən Yuva” uşaq əyləncə mərkəzi, “Qurtuluş-93” parkı, hazırlıq kursları, klinika, “Yeni Saray” şadlıq sarayı və “New City” hoteli ilə də əlaqələndirilir. Ərazidə, həmçinin supermarketlər, restoranlar, idman zalları, üzgüçülük hovuzu, türk hamamı, oxu zalı və müxtəlif ticarət obyektləri fəaliyyət göstərir.
İş adamının turizm və istirahət sektorunda da fəaliyyət göstərdiyi qeyd olunur. Novxanıda, Xəzər dənizinin sahilində yerləşən “My Beach” hotel-restoran kompleksinin də Məhərrəm Novruzov tərəfindən təsis edildiyi bildirilir.
M.Novruzovun adı idman layihələri ilə də bağlıdır. O, “Əlincə” İdman Klubunun və “Əlincə” futbol komandasının yaradılmasına sərmayə qoyan şəxs kimi təqdim olunur. İş adamının 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş 15 min tamaşaçı tutumlu “Əlincə Arena”nın yaradılmasına da vəsait yatırdığı bildirilir.
Açıq mənbələrdə Novruzovun Şabran rayonunda idman akademiyasının filialı, idmançılar üçün hotel, müxtəlif tutumlu üç idman meydançası və park saldırdığı barədə də məlumatlar yer alır. Onun məktəb tikintisi və digər sosial layihələr həyata keçirdiyi qeyd olunur.
Məhərrəm Novruzovun adı əvvəlki illərdə mediada müxtəlif mübahisələr fonunda da hallanıb.
2017-ci ildə Ukrayna vətəndaşı olan azərbaycanlı Nazim Qəzənfərov iş adamına qarşı maliyyə mübahisəsi, əmlakın mənimsənilməsi və hədə-qorxu ilə bağlı iddialar səsləndirib.
M.Novruzov həmin ittihamları qəti şəkildə rədd edərək, yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. İş adamı, əksinə, N.Qəzənfərovun müxtəlif sənədləşmə və tikinti işləri adı altında ondan külli miqdarda vəsait aldığını və nəticədə ona ciddi maddi ziyan vurduğunu iddia edib.
Novruzov Qəzənfərova və onun yaxınlarına təzyiq göstərməsi barədə deyilənləri də təkzib edib. O, məsələni yalnız hüquqi müstəvidə həll etməyə çalışdığını bildirib. Tərəflərin qarşılıqlı iddiaları üzrə məhkəmə prosesinin hansı nəticə ilə başa çatdığı barədə açıq məlumat yoxdur.
Qeyd edək ki, əvvəlki mübahisələrin “Şəki Yaylası”nda baş verən hadisə ilə əlaqəsi barədə hər hansı məlumat yoxdur.
İstirahət mərkəzindəki faciəyə görə konkret şəxslərin məsuliyyət daşıyıb-daşımadığı da hələ müəyyənləşdirilməyib. Şəki Rayon Prokurorluğunda aparılan araşdırma zamanı qurğunun texniki vəziyyətinin, təhlükəsizlik qaydalarına əməl olunmasının və mərkəzin məsul şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi gözlənilir.












Bu xəbər üçün şərh yazın