“İnanmıram ki, doğma yurdu işğaldan azad olunmuş hansısa vətəndaş ora qayıtmaqdan imtina etsin”

“İnanmıram ki, doğma yurdu işğaldan azad olunmuş hansısa vətəndaş ora qayıtmaqdan imtina etsin” -DEPUTAT

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Elman Məmmədov “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna edilən dəyişiklik fonunda yaranan müzakirələr zamanı məcburi köçkün statusunun birdəfəlik ləğvi barədə səslənən fikirlərə münasibət bildirib.

 

Faktinfo.az xəbər verir ki,E.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, hazırda məcburi köçkün ifadəsinin əvvəlinə “keçmiş” sözü də əlavə olunur.

 

Deputat Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunu xatırladıb: “1990-cı illərdən başlayaraq qanun qəbul edilib, sonradan müəyyən dəyişikliklər olunub. Məcburi köçkün öz doğma yurd-yuvasına qayıtdıqdan, müvafiq mənzillə təmin olunduqdan sonra statusunu itirir. Lakin dövlət burda da müəyyən güzəştlər tətbiq edir. Doğma yurd-yuvasına qayıdan keçmiş məcburi köçkünlərimizə üç il müddətində müavinət və digər güzəştlər olunur. Məcburi köçkün statusunun ləğvi məsələsinə gəlincə, indiyə qədər məcburi köçkünlərimiz üçün dövlətimiz respublikanın rayonlarında qəsəbələr salmışdı, mənzillər, evlər inşa etmişdi. Ancaq bunların hamısı dövlətin balansında qalır. Bütün bunlar məcburi köçkünlərə müvəqqəti verilmişdi. Qanuna edilən yeni dəyişikliyə əsasən, artıq məcburi köçkün öz doğma yurd-yuvasına qayıdıb mənzillə təmin olunduqda artıq həmin mənzil ona öz şəxsi xüsusi mülkiyyəti kimi veriləcək. Məcburi köçkün doğma yurduna qayıdış zamanı müəyyən olunmuş ərazidə yaşamaqdan imtina edərsə, üç il müddətində yenə də onun statusuna toxunulmur, lakin üç il sonra isə məcburi köçkün statusunu itirir".

 

E.Məmmədov qeyd edib ki, hər kəs yurduna qayıtmalıdır: "Mən inanmıram, doğma yurd-yuvası işğaldan azad olunmuş hər hansı vətəndaşımız yurduna qayıtmaqdan imtina etsin. Çünki biz uzun illər bu qayıdışı gözləmişik. Dövlətimiz var olsun, dövlət başçımız, qalib, qəhrəman Azərbaycan Ordusu və onun bütün şəxsi heyəti sağ olsun ki, torpaqlarımız işğaldan azaddır. Biz bunun davasını edirdik, bunu arzulayırdıq. İndi bu məsələ həll olunub. Hesab edirəm, kimə öz doğma yurdunda ev təklif olunubsa, o da bundan imtina etməməli, yurduna qayıtmalıdır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi