“İrşad Telekom”un sahibinin valideynləri kömək istəyir - həyat yoldaşı susur...

“İrşad Telekom”un sahibinin valideynləri kömək istəyir - həyat yoldaşı susur... 

“İrşad Telekom” MMC-nin rəhbəri, 40 yaşlı İrad Hacıyevin ötən il sentyabrın 14-də müəmmalı ölümü ilə bağlı atası Ağahüseyn Hacıyev danışıb.

Ağahüseyn Hacıyev yerli mətbuata açıqlamasında deyib ki, oğlunun ölümü ilə bağlı hüquq-mühafizə orqanları bu günədək onlara hər hansı bir məlumat verməyib: “Bu barədə bizə heç nə demirlər. Oğlumun ölümü ilə bağlı araşdırmanın nəticəsini gözləyirik”.

Ağahüseyn Hacıyev biznesmen oğlunun ölümündən sonra mərhumun dostlarından da narazılıq edib: “Bir-iki dostundan başqa, digərləri qapımızı döymür, bizi axtarmır. O, bir-iki nəfər arada gəlib-gedirlər. Dünya qurulanda da belə olub”.

“İrad Hacıyevin ”İrşad Telekom" MMC-dəki dostları sizi axtarırmı" sualına Ağahüseyn Hacıyev əsəbi cavab verib: “Mənə artıq sual verməyin. Bu barədə açıqlama verə bilmərəm. Heç nə bilmirəm”.

İrad Hacıyevin müəmmalı ölümündən sonra anası Züleyxa Hacıyevanın da müalicəsi yarımçıq qalıb.

Bu haqda Züleyxa Hacıyeva özünün sosial şəbəkədəki hesabında yazıb.

O yeriyə bilmədiyini, ağır xəstə olduğunu diqqətə çatdırır, oğlunun qanının yerdə qalmaması üçün çağırış edir: “Sizə yalvarıram, oğlumun qanın yerdə qoymayın. Elə oğul 100 min adamdan bir dünyaya gəlir”.

İrad Hacıyevin ölümündən sonra onun qurub genişləndirdiyi biznesi - “İrşad Telekom”da da müəmmalı proseslər gedir. Şirkət qəfildən böyüməyə başlasa da, belə aydın olur ki, bundan Hacıyevin valideynləri xeyir görmürlər. Əks təqdirdə İrad Hacıyevin anasının müalicəsinin yarımçıq qalmasına nə səbəb ola bilər?

Qeyd edək ki, son 18 il ərzində Azərbaycanda telekommunikasiya biznesi sahəsində böyük uğurlar əldə etmiş məşhur iş adamının həyatdan intiharla, qəfil ölümlə ayrılmadığı qənaəti var.

Bu qənaəti dərinləşdirən İrad Hacıyevin həyat yoldaşı Nigar Hacıyevanın mövqeyidir. O, mətbuat nümayəndələrindən qaçır, suallara cavab verməkdən yayınır, eyni zamanda, mətbuatda İrad Hacıyevin intiharı ilə bağlı məlumatları məmnuniyyətlə paylaşır. Eyni paylaşımları Nigarın anası Fazilə Qəhrəmanovanın da facebook səhifəsində görmək olur.

Bir daha həmin günə - 14 sentyabr 2018-ci ilə qayıdaq. Ortada olan məlumatlardan belə aydın olur ki, həmin gün səhər İrad Hacıyev evdən çıxıb işlərinin dalınca getməyə hazırlaşıb. Gündəlik idman stilindən həmin gün imtina edən məşhur biznesmen klassik geyimdə evdən çıxmağa hazırlaşırmış. İrad Hacıyev kostyum geyinib evdən çıxıb, işgüzar görüşə gedəcəkmiş...

Lakin İrad Hacıyev iş dalınca gedə bilməyib. Həmin gün onun meyitini mənzilindəki vanna otağında həyat yoldaşı aşkar edib. Aşkarlanarkən İrad Hacıyevin cansız bədəni vannanın içində olub. Mərhum kostyumda imiş. Yanında da həmin o preparatlar, hansıları ki, illərlə onun həyat yoldaşı qəbul edib, onların boş qutuları olub.

Hadisə yerinə istintaqçılar gəlib və klassik intihar səhnəsinin şahidi olublar. Vannanın içində cansız bədən və boş dərman preparatlarının qutusu.

İrad Hacıyevin müəmmalı ölümü ilə bağlı başlanmış cinayət işinin məhkəmə-tibb ekspertinin rəyinə əsaslanaraq intihar etməsi qənaətinə gəlməsi də şübhəlidir. İrad Hacıyevin əmisi qızı Mətanət Əzizovanın iddia etdiyi kimi, yaxınlarının versiyaları istintaq tərəfindən niyə araşdırılmayıb?

İrad Hacıyevin meyitini mənzilindəki vanna otağında onun həyat yoldaşı aşkarlayıb. O, istintaqçılara deyib ki, İrad Hacıyev həmin gün işlərinin dalınca şəhərə çıxmağa hazırlaşıb. Həyat yoldaşı isə ondan əvvəl mənzili tərk edib və geri dönüb. Geri qayıdanda meyiti aşkarlayıb və bu haqda xəstəxanaya, polisə məlumat verilib. Belə iddialar da var ki, İrad Hacıyev ölümündən az əvvəl həyat yoldaşı ilə boşanması üçün konkret olaraq addımlar atıb, ölkədən gedərək xaricdə yeni həyat qurması planlarını gizlətməyib. Bunu ailəsində hər kəs bilib.

Hətta qadına boşanmaya razılıq verməsi üçün 100 min avro ödədiyi də gələn məlumatlar sırasındadır. Belə bir vaxtda onun qəfil və müəmmalı ölümü baş verib. Bu ölümə dərhal intihar adı verilir, yaxınları, ailəsi də susur. İş adamı İrad Hacıyevi tanıyanlar onun sağlığında ciddi problemlərin olmadığını deyirlər. Belə bir halda yaxınları onun ölümünün araşdırılmasını niyə tələb etmirlər?

Nigar ərinin ölümü ilə bağlı çox etinasız cavablar verməklə, “Yoldaşımın işi prokurorluqdadır” deməklə, “Mən intervyu vermirəm, suallarınız var, prokurorluğa verin” söyləməklə suallara cavab verməkdən yayınır.

Belədə ortaya sual çıxır - Nigar Hacıyeva danışıb nələrisə deməkdən niyə qorxur?

Yada salaq ki, İrad Hacıyevin əmisi qızı Mətanət Əzizova çox ciddi ittihamlarla dolu bir status paylaşmışdı. Həmin statusunda M.Əzizova yazırdı: “Təsəvvür edin, insanın meyitini evdə tapırlar, amma hüquq-mühafizə orqanlarının nümayəndələri evdə heç bir istintaq addımları atmırlar, hadisə yerindən əl izləri götürülmür, yaxın qohumların ifadəsi dinlənilir, nə də ki, yaxınları tərəfindən onlara təqdim edilən versiyalar araşdırılır. Təsəvvür edin ki, ”sudmedekspertiza" rəy verir və rəsmi sənəddə ölümün səbəbini intihar yazır. Ay həkim, tibbi səbəbini yaz, a bala, ürəyimi dayanıb, beynimi, axı sən həkimsən, istintaq orqanı deyilsən, intihar və ya qəsdən öldürülmə bu müstəntiqin işidir, həkimin yox. Və həkimin rəyi əsasında cinayət işində ölümün səbəbi kimi intihar göstərilir".
“Yeni Müsavat” 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi