Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” – FOTO

Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” – FOTO 

Ölkə başçısının mayın 13-də imzaladığı sərəncamla Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Anar Qocayev sosial şəbəkədə öz yeni kabinetində çəkdirdiyi fotosunu paylaşıb.

 Bu fotoya baxıb, “Allah xeyir versin” deməkdən başqa əlac qalmır...

Məntiqlə qaçqın rayonu olan Kəlbəcərin icra başçısının ilk addımları və paylaşımları qaçqın şəhərciklərində yaşayan, yaxud sosial durumu ağır olan kəlbəcərlilərə baş çəkməsilə bağlı olmalıydı. Ancaq yeni başçı rahat kreslosuna oturar-oturmaz öz yaraşıqlı kabinetindən “pozlar” verməyi üstün tutub. Təbii ki, Anar Qocayevin yaşı nəzərə alındıqda, bu sevincini anlamaq çətin deyil. Son təyinatadək "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində hansısa ortabab vəzifə tutan bu gəncin nə zamansa icra başçısı olacağı bəlkə də heç ağlına belə gəlməzdi...

Kəlbəcər işğal ediləndə cəmi 8 yaşı olan A.Qocayevi kəlbəcərlilərin neçə faizinin tanıması məsələsini bir tərəfə qoyaq. Sadəcə, xatırladaq ki, ölkə başçısının onu təyinatı ilə bağlı videoformatda qəbul etməsindən heç bir həftə də keçməyib. Həmin qəbulda Prezident bəzi icra başçılarının həbsi, korrupsiya ilə mübarizə tədbirlərinə dair çıxış etdi və tapşırıqlarını verdi. Dedi ki, əhali ilə işləmək, insanların sosial problemlərinin həllinə çalışmaq, neqativ əməllərə yol verməmək lazımdır. Bundan əvvəl də ən yüksək səviyyədə məmurların sadə, səmimi, təmtəraqsız və işgüzar olmalarının vacibliyi vurğulanıb. Bütün bunların fonunda xüsusilə də qaçqın rayonunun “çiçəyi burnunda” icra başçısının öz yeni kabinetindən məmur ədalı fotolarını paylaşması yumşaq desək, qeyri-adekvat təsir bağışlayır.

Digər tərəfdən, təəssüf ki, bəzi gənc kadrların, deputaların hansısa ixtisas, xarici dil üzrə bilikləri olsa da, siyasi savad, eləcə də cəmiyyətdəki prosesləri, ab-havanı dərk etmək sarıdan zəif olduqları nəzərə çarpır. Elə həmin A.Qocayevə ölkə başçısı tamamilə başqa işlər tapşırmışdı axı, kabinetə daxil olan kimi şəkil çəkib paylaşmağı yox. Təbii ki, gəncləşmə, yeniləşmə dövrün və cəmiyyətin sifarişidir. Ancaq görünür, bu proses də asan başa gəlmir. Bunu bir müddət əvvəl İsmayıllıya yeni təyin olunan icra başçısına töhmət verilməsi də sübut edir...

“Xalqla bir yerdə olun, xalqın problemləri ilə yaşayın və elə işləyin ki, vətəndaşlar da sizdən razı olsunlar, hakimiyyət də”. Bunu da ölkə başçısı cəmi 6 gün əvvəl şəxsən A.Qocayevə demişdi. Təbii ki, indidən gənc başçının bu tapşırıqları necə yerinə yetirəcəyini proqnozlaşdırmaq hələ tezdir. Ancaq tez-tələsik paylaşdığı bu fotodan belə görünür ki, hələlik vətəndaşlar və hakimiyyət olmasa da, özü özündən kifayət qədər razıdır...

C.Məmmədov

“AzPolitika.info”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi