
“Kimsə devalvasiyanın nə vaxt olacağını bilirsə, ona sərf edər ki, mənzilini satsın, pulunu dollara çevirsin” - AÇIQLAMA
“Devalvasiya olarsa, daşınmaz əmlakın qiyməti milli valyutada dəyişməz, amma dollar ekvivalentində dəyişəcək, o qədər də artmayacaq.
Kimsə devalvasiyanın nə vaxt olacağını dəqiq bilirsə, ona sərf edər ki, mənzilini, evini satsın, pulunu dollara çevirsin. Devalvasiyadan sonra o dollarla daha çox milli valyuta almaq olar. Lakin devalvasiyanın vaxtını heç kim bilmədiyi üçün bunu heç kim edə bilməz. Kimsə belə bir şey etmək istəyirsə, üzərinə risk alır. Adi vətəndaşlarımıza valyuta oyunlarına girişmələrini tövsiyə etmirəm. Əllərində olan-qalan son pulla xarici valyuta alıb, nəsə gözləyəcəklər. Dollar alacaqlar, sabah milli valyutaya ehtiyacları olacaq. Gərək, yenidən dolları milli valyutaya çevirsinlər”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
Ekspert bildirib ki, Azərbaycanda yaxın üç-beş il ərzində devalvasiya olacaq: “Çünki neft hasilatımız azalır, neftin qiyməti düşür. Yəni valyuta ehtiyatlarımız azalacaq. Hələlik isə valyuta ehtiyatlarımız çoxdur. Bu gün devalvasiya təhlükəsi yoxdur, ola bilər, gələn il də olmasın. Vətəndaş hər bir halda riskə gedir. Axı heç kim devalvasiyanın vaxtını deyə bilməz. Vətəndaş evini niyə sırf devalvasiyaya görə satışa çıxarmalıdır? Devalvasiyanın vaxtı dəqiq bəlli olsaydı, şəxsən mən və ya digəri nə edərdik? Banka gedib, kredit götürərdik, milli valyutada borc alardıq, bu pulu dollara çevirərdik. Deyərdik ki, onsuz da bu gün-sabah devalvasiya olacaq. Sonra həmin pulun bir hissəsini yenidən manata çevirərdik, borcu bağlayardıq. Və udduq...”, - o bildirib.
Bu xəbər üçün şərh yazın