Kirayə qaldığınız mənzili ala biləcəksiniz – Şərtlər

Kirayə qaldığınız mənzili ala biləcəksiniz – Şərtlər 

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondundan kirayəyə ev götürərək gələcəkdə onun sahibinə çevrilmək istəyən ölkə vətəndaşlarının müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır.

Bu barədə Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi, “Fondun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda bildirilir.

Qaydaya əsasən, kirayə müqaviləsi bağlanıldıqdan sonra tam ödəniş 3 ildən tez həyata keçirilməməli, kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən ödəməlidir. Müqavilə maksimum 25 il müddətinə bağlanıla bilər. Kirayə müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, aylıq ödənişlər geri qaytarılmır.

Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququ dövlət qeydiyyatına alınmalı, yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır.

Fond kirayəçiyə yaşayış yeri üzrə qeydiyyata alınmasına kömək göstərməli, kirayəçi isə Fondun yazılı razılığı olmadan yaşayış sahəsində əsaslı təmir və yenidənqurma işləri aparmamalı, evdən başqa təyinat üzrə istifadə etməməlidir.

Bundan başqa, kirayəçi Fondun razılığına əsasən, müqavilə üzrə hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Kirayəçi vəfat etdikdə, müqaviləsi üzrə hüquq münasibətləri onun vərəsələrinə keçir.

Kirayə müqavilə elektron sistem vasitəsilə edilmiş müraciət əsasında, növbəlilik prinsipi ilə, Fondun razılığından sonrakı 10 iş günü ərzində bağlanılır. Kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər.

Bununla yanaşı, əgər kirayəçi bu Qaydada nəzərdə tutulmuş öhdəlikləri pozduqda, habelə ödənişləri 60 gün gecikdirdikdə müqaviləyə xitam verilə bilər. Kirayəçi kirayə hüququnu başqa şəxsə ötürmək barədə Fonda müraciət etdikdə, bu müddət 30 günə qədər uzadıla bilər. Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul etdikdə, bu barədə kirayəçiyə və ya onun vərəsələrinə 3 iş günü müddətində bildiriş göndərməlidir.

Fondun mülkiyyətində olan yaşayış sahəsi iqtisadi cəhətdən səmərəli olmadıqda (daşınmaz əmlak bazarında qiymətlər azaldığı halda və s.) daşınmaz əmlak əldə edilmiş qiymətdən 20% ucuz olmaqla, hərrac yolu ilə satıla bilər. Amma buna Fondun Himayəçilik Şurası qərar verməlidir.Report.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi