" Madər Musayevə fokuslanmaq..."

" Madər Musayevə fokuslanmaq..." -Əksəriyyətinin yaşı 70-80-dən yuxarı olan ABŞ Konqresi

10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürmüş Madər Musayevin seçki qərargahı bəyənat yayıb.Bəyənatın təfərrüatına varmırıq,sadəcə yayılmış müraciətdə hər şeyin həqiqətən də seçicilərin iradəsi ilə həll olunacağının vurğulanmasını qeyd etmək istəyirik.

Hazırda Azərbaycanda ən çox gündəm mövzusu olan məsələlərdən biri fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkiləridir. Artıq qeydə alınmış  namizədlərin adları da bəllidir və yanvarın 17-si saat 00:00-dan etibarən təbliğat-təşviqat kampaniyasına start veriləcək. Hal-hazırda görünən odur ki, yeni namizədlərlə yanaşı, əvvəllər bir neçə çağırış millət vəkili seçilmiş bəzi şəxslərin  adı ciddi müzakirə obyektinə çevrilib. Hətta onların bəziləri haqqında KİV-lərdə çox kəskin tənqidi yazılar yayımlanmaqdadır.


Belə şəxlərdən biri də 10 saylı  Binəqədi üçüncü Seçki Dairəsindən növbəti dəfə namizədliyini irəli sürmüş Madər Musayevdir. El arasında daha çox Hacı Madər kimi tanınan bu şəxs 1990-cı ildən etibarən deputat statusu daşıyır və həmin vaxtdan indiyə qədər keçirilən bütün parlament seçkilərində iştirak etdiyi dairədə digər rəqiblərinə aşkar üstünlüklə qalib gəlib. Elə buna görə də, onun yenidən millət vəkili seçilmək istəyi təbii qarşılanmalıdır. Əgər ədalət hissini itirməyib, əlavə olaraq, hazırkı qanunvericiliyin tələblərini də unutmamışıqsa,qəbul etməliyik ki,istənilən yuxarı yaş qrupuna aid Azərbaycan vətəndaşına parlament seçkilərində iştirak məhdudiyyəti qoyulmayıb.Digər tərəfdən götürdükdə, Madər Musayev Milli Məclisdə təmsil olunan deputatların heç də hamısından yaşlı deyil. Bir də ki, dünyaya nümunə göstərilən ABŞ Konqresində təmsil olunanların yaşına diqqət yetirək. Məgər konqresmenlərin  mütləq əksəriyyətinin yaşı 70-80-dən yuxarı deyil?! Belədirsə, Madər Musayevin alternativləri, eləcə də bəzi KİV-lər üçün bir yol qalır, onu Milli Məclisdə qanunların müzakirəsi zamanı az danışmaqda,bəzən də, ümumiyyətlə danışmamaqda günahlandırmaq, ona bu mövzuda təkrar fokuslanmaq.


Bu mövzuda isə bəzən yanlışlığa yol verilir. Unudulur ki, Milli Məclisdə deputatların mütləq əksəriyyəti məhsuldar danışmır, publika xatirinə görüntü yaradırlar. Bəzən isə məsələlərin müzakirəsi zamanı elə ifadələr işlədirlər ki,həmin ifadələr aylarla ictimai rəydə gülüş obyekti yaradır, sonda da siyasi yükə çevrilir. Məsələn, "müəllim dolana bilmirsə, işdən sonra restoranda qab yusun", "İş tapmır, getsin soğan əksin" , "himnimizin sözləri dəyişdirilsin" və s. Yüzlərlə belə misal çəkmək olar. Danışmaq xatirinə bu cür yersiz ifadələr səsləndirmək kimə lazımdır? Məgər, bütün deputatlar lazımi anda Fəzail İbrahimli kimi ağıllı, məntiqli danışır? 

Belə olanda bəzən, Madər Musayevə bəraət də qazandırmaq olar ki, onun danışığı gülünc obyektinə çevrilməyib. Önəmlisi isə odur ki, Madər Musayevə seçicisinin gözü ilə baxaq. Lazım olanda seçicisinin yanında olan, hər birinin ailə üzvünə çevrilən Madər Musayev ona görə arxayındır ki, o neçə illərlə xeyriyyəçiliklə məşğul olub, ehtiyacı olan hər bir seçicinin hörmət və ehtiramını qazana bilib. Yəni, təhsil haqqı ödəyib, xəstələrə əməliyyat pulu verib, xeyir-şər məclislərinə yardım göstərib və s. İllərlə bu mövzuda dairəsi üzrə birinciliyi qoruyub. Seçicisinə də bu lazımdır ki, Madər Musayev illər uzunu bu xeyirxah əməllərini davam etdirib. Qəbul edək ki, bu Azərbaycan reallığıdır. Bunu qəbul etməmək mümkün deyil. Elə seçicini də Madər Musayevin MM-də danışması yox, onun iradəsini bu şəkildə təmsil etməsi maraqlandırır.


Ancaq nədənsə bəzi media qurumları Hacı Madərin növbəti dəfə parlament seçkilərinə qatılmaq istəyinə qısqanclıqla yanaşır və əks-təbliğat kampaniyası aparmağa çalışırlar. Bu zaman onlar daha çox Hacı Madərin Milli Məclisin iclaslarında aktiv iştirak etməməsini səbəb kimi göstərirlər. Lakin nəzərdən qaçırılır  ki, yerli-yersiz hər iclasda danışmaq, müzakirəyə çıxarılan hər bir məsələyə münasibət bildirmək hələ yaxşı millət vəkili olmağa dəlalət etmir.


Hacı Madəri tanıyan hər kəs yaxşı bilir ki, o həmişə az danışıb çox iş görməyi, seçicilərinin problemləri ilə yaxından maraqlanmağı, onların qayğısına qalmağı hər şeydən üstün tutub. Elə buna görə də, hər dəfə parlament seçkiləri zamanı seçiciləri yekdilliklə ona səs verib, onun mandat daşımasına şərait yaradıblar.


Bir də axı demokratiyadan, azad seçkilərdən danışırıqsa, “seçkilərin nəticələrini seçicilərin iradəsi həll etməlidir” deyiriksə, onda Hacı Madərə gəlincə niyə ədalət hissini itiririk? Əgər Binəqədi camaatı bu şəxsə böyük ehtiramla yanaşırsa, heç bir təzyiq olmadan ona həvəslə səs verirsə, o nədən kənara çəkilməli, niyə millət vəkili kimi fəaliyyətini davam etdirməməlidir?

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi