
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Milli Kitabxanada təcrübə keçiblər - FOTO
6-8 may tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları peşəkarlıq səviyyəsinin artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi məqsədilə Milli Kitabxanada təcrübə keçiblər.
Faktinfo.az xəbər verir ki, 3 gün davam edən təcrübə proqramında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova və Kitabişləmə və kataloqlaşdırma şöbəsinin baş kitabxanaçısı İsmayıl Quliyev, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova iştirak ediblər.
Təcrübə proqramı çərçivəsində əməkdaşlar Milli Kitabxananın İnformasiya resurslarının komplektləşdirilməsi şöbəsində müxtəlif növ yeni ədəbiyyatın ayrı-ayrı komplektləşdirilmə mənbələrindən qəbul edilməsi, elmi və texniki işlənilməsi, kitabxananın şöbələri və yarımbölmələri arasında bölünməsi, barkodlaşdırılması, elektron kataloq üzrə məlumat bazasına ilkin şəkildə daxil edilməsi, Ədəbiyyatın elmi sistemləşdirməsi və elektron axtarış sistemlərinin inkişafı şöbəsində isə Azərbaycan və xarici dillərdə olan ədəbiyyata təsnifat cədvəlləri üzrə indekslərin verilməsi, biblioqrafik yazılarda predmet rubrikalarının açılması, biblioqrafik yazılarının tərtib olunub redaktə edilərək məlumat bazasına daxil edilməsi, nüfuzlu fayl yazılarının yaradılması prosesləri ilə tanış olublar.
Təcrübə müddətində Elmi-tədqiqat kitabxanaşünaslıq şöbəsində tədqiqatın mövzusunun seçilməsi, proqramının işlənilməsi, həyata keçirilməsi üzrə təşkilati iş, elmi işin nəticələri üzrə materialların hazırlanması prosesləri, eləcə də metodik vəsaitin, tövsiyənin, yazılı məsləhətin, metodik məktubun tərtibi, uçot formalarının, cədvəllərin, nümunələrin işlənilməsi, kitabxanalara gedişlər, metodik köməklik məqsədilə ezamiyyələrin təşkili haqqında məlumat alıblar.
Bundan başqa, kitabxananın bütün xidmət sahələri - Uçot, qeydiyyat və nəzarət bölməsi, Açıq kitabxana-sərbəst mütaliə bölməsi, Uşaq bölməsi və uşaq istirahət guşəsi, Tələbə gənclərə xidmət zalı, Dövri mətbuat zalı və elmi zallarında, eyni zamanda Elektron dissertasiya fondunun təşkili və ondan istifadə, Not nəşrləri və səsyazıları, Elmi-biblioqrafik və elektron informasiya xidməti və digər şöbələrdə olublar. Mütəxəssislər iş proseslərində və xidmət sahələrində tətbiq olunan yeniliklərlərdən yararlanıblar.








Bu xəbər üçün şərh yazın