
Milli Kitabxana tərəfindən hazırlanmış “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub
Faktinfo.az xəbər verir ki,Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən və sentyabrın 30-dək davam edəcək Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsait hazırlanaraq onlayn rejimdə istifadəçilərin istifadəsinə təqdim edilmişdir.
Metodik vəsait dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq fəaliyyətinin, milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinin və zəngin irsinin kitabxana-informasiya mühitində təbliği və öyrənilməsinin metodik təminatına həsr olunmuşdur.
Vəsaitdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin formalaşması və inkişafında mühüm rolu, çoxşaxəli yaradıcılıq irsi, ictimai-mədəni fəaliyyəti və milli musiqi məktəbinin inkişafına verdiyi töhfələr haqqında məlumatlar sistemləşdirilmişdir.
Nəşrdə, həmçinin bəstəkarın irsinin kitabxanalarda təbliği və istifadəçilərə çatdırılması məqsədilə müxtəlif mədəni-maarif və kütləvi tədbirlərin təşkili üzrə metodik tövsiyələr təqdim edilmişdir.
Metodik vəsaitdə Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında ümummilli lider Heydər Əliyevin Fərmanı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə bağlı məlumatlar, dahi bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, eləcə də görkəmli şəxsiyyətlərin Üzeyir Hacıbəylinin şəxsiyyəti və yaradıcılığı haqqında söylədikləri fikirlər də yer almışdır.
Vəsaitin əsas məqsədi Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin kitabxana-informasiya müəssisələrində sistemli şəkildə təbliğinin təmin edilməsi, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı tarixi rolunun geniş oxucu auditoriyasına çatdırılması və bəstəkarın irsi ilə bağlı mədəni-maarif tədbirlərinin təşkilinə metodik dəstək göstərilməsidir.
Metodik vəsait ilə https://anl.az/down/nesrler2026/U.Hacibeyov.Metodik_vesait.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.
Faktinfo.az













Bu xəbər üçün şərh yazın