Milli Kitabxanada "18 iyun - Milli İnsan Hüquqları Günü" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "18 iyun - Milli İnsan Hüquqları Günü" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 

İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir.

Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq ölkə başçısı cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur.

İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ulu Öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması nəzərdə tutulub.

2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. 2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb.

Bu islahatlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. 

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/18_iyun/index.html  linkindən istifadə edə bilərlər.

Virtual sərgidə rəsmi sənəd, fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.


 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər