Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

Faktinfo.az xəbər verir ki,22 iyul 2026-cı il tarixində Milli Kitabxanada milli mətbuatın yaranmasının 151 illiyi münasibətilə “22 İyul – Milli Mətbuat və Jurnalistika  Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsərləri, milli mətbuat və jurnalistika haqqında, həmçinin milli mətbuatın yaranmasında xüsusi xidmətləri olan Azərbaycanın dahi ədiblərinin həyat və yaradıcılığını əks etdirən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/22_iyul/index.html     linkindən istifadə edə bilərlər.

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə ilk Azərbaycan milli mətbuatının əsası qoyulub. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, bütün dövrlərdə həqiqət carçısı olub. “Əkinçi” qəzetinin nəşrindən sonra   XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr etməyə başlanılıb. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra 22 iyul ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunmağa başlayıb.

Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.

Faktinfo.az

Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunubMilli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi