Milli Kitabxanada “Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev” adlı kitab sərgisi açılıb 

Milli Kitabxanada ədəbiyyatşünas, sənətşünas professor Timuçin Əfəndiyevin anadan olmasının 80 illik yubileyi münasiəti “Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev” adlı kitab sərgisi açılıb.

Sərgidə professor Timuçin Əfəndiyevin Azərbaycan ədəbiyyatşünaslığı və sənətşünaslığı haqqında tədqiqat əsərləri, elmi redaktor və məsləhətçi olduğu dərsliklər, həyatı, mühiti, yaradıcılığı, elmi, pedaqoji və təşkilati - idarəetmə fəaliyyətindən bəhs edən  Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Timuçin İlyas oğlu Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə, 1969-cu ildə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. 1972-ci ildə "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda namizədlik,  1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifərində çap olunub.

Professor Timuçin Əfəndiyev Azərbaycan ədəbiyyatşünaslığı və sənətşünaslığında xüsusi yeri və çəkisi olan professional tədqiqatçıdır. Alimin müxtəlif illərdə çapdan çıxmış "Hüseyn Cavidin ideyalar aləmi" (1985), “Azərbaycan dramaturgiyasında metodlar” (2002), “Azərbaycan mədəniyyəti və İncəsənəti” (2003), “Azərbaycan teatr tarixi” (2009), “Mədəniyyətdə tarixilik və müasirlik” (2011), “Hüseyn Cavid: ideal həqiqət axtarışı” (2013), “İllərin izi ilə” (2015), “Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri” (2020) və s. əsərləri yüksək nəzəri səviyyəsi və elmi yeniliyi ilə seçilir.

Professor Timuçin Əfəndiyevin yaradıcılıq diapazonu genişdir. O təkcə ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi kimi yox, həm də sənətşünas alim kimi də səmərəli fəaliyyət göstərir. Onun musiqi sənəti, xoreoqrafiya, təsviri sənət, kino və ekran sənətləri, rəssamlıq, kulturologiya sahəsindəki miqyaslı araşdırmaları da yetərincədir.

 Professor Timuçin Əfəndiyev mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə “Əməkdar incəsənət xadimi” (2000), elm sahəsindəki xidmətlərinə görə “Əməkdar elm xadimi” (2013) fəxri adları və “Şöhrət” (2005) ordeni ilə təltif edilib.

2004-cü ildə "Humay" və Akademik Yusif Məmmədəliyev adına mükafatlara, 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl Medalına,  2015-ci ildə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na, 2019 – cu ildə “Cümhuriyyətin 100 illiyi” medalına və s. mükafatlarla təltif edilib.

Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi