Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub 

May ayının 11-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.

Faktinfo.az xəbər verir ki,bu münasibətlə 13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanmışdır. 

Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Xalq yazıçısının yubileyi münasibətilə “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub. 

İcmalda “Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”, Xalq yazıçısının həyat və fəaliyyətini əks etdirən yazı, Əməkdar jurnalist Əli Nəcəfxanlının yubileylə bağlı dərc etdirdiyi “Ədəbiyyatımızın zadəgan nasiri” adlı məqalə yer almış, yazıçının müxtəlif dillərdə çap edilmiş kitabları, həmçinin ona həsr edilmiş kitab və dövri mətbuat materialları əks olunub. Sonda, “Əlavələr” hissəsində isə ictimai xadimə Əməkdar incəsənət xadimi, Xalq yazıçısı adlarının verilməsi, adına Yaradıcılıq Mərkəzinin açılması, ədibin Şöhrət, Şərəf və İstiqlal ordenləri ilə təltif edilməsi haqqında fərman və sərəncamlar verilib.

Biblioqrafik icmal ilə tanış olmaq istəyənlər https://www.anl.az/down/M.Ibrahimbeyov.pdf linkindən istifadə edə bilərlər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi