Milli Kitabxanada “Rəsul Həmzətov -100” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu

Milli Kitabxanada “Rəsul Həmzətov -100” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu - FOTOLAR

Bu gün tanınmış avar şair, yazıçı, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 100 ili tamam olur.

Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açmışdır. Onun ilk müəllimi atası olmuşdur. Rəsul Həmzətov özünün ilk şeirini 11 yaşında olarkən yazmışdır. O, orta məktəbi bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur. 1943-cü ildə ilk şeirlər toplusu “Sevgi məşəli və acı ədavət” çap olunmuşdur. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil almışdır. 1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görmüşdür.

Rəsul Həmzətov Dağıstanın Xalq şairi, Sosialist Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, “XX əsrin ən yaxşı şairi” beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülmüşdür.

O, Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb başa çatsa da, Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub.

Rəsul Həmzətov 2003-cü il noyabr ayının 3-də vəfat etmişdir.

Faktinfo.az xəbər verir ki,yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Rəsul Həmzətov – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, Rəsul Həmzətovun müəllifi olduğu kitablar, həmçinin haqqında Azərbaycan və rus dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının fondunda mühafizə olunan kitablar, ədibin əsərlərinə bəstələnmiş not məcmuələri, tərcümə etdiyi kitablar, ön söz yazdığı kitablar və s. materiallar nümayiş olunur.

Faktinfo.az bildirir ki,virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Resul_Hemzetov/index.htm linkindən istifadə edə bilərlər.


Milli Kitabxanada “Rəsul Həmzətov -100” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olunduMilli Kitabxanada “Rəsul Həmzətov -100” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olundu
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi