Milli Kitabxanada Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə tədbirlər həyata keçirilir

Milli Kitabxanada Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə tədbirlər həyata keçirilir 

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Prezident təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.

Milli Kitabxanada bu münasibətlə,  “Maqsud İbrahimbəyov -90” adlı elektron məlumat bazası, “Xalq yazıçısı Maqsud İbrahimbəyov -90” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi  istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər  Maqsud İbrahimbəyov  haqqında”, “Təbriklər”, “Mükafatları”, " Nəşrlər", " Haqqında", " Xatirəsinin əbədiləşdirilməsi" və bir sıra materiallar tammətnləri ilə nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər

https://anl.az/el/emb/Maqsud_Ibrahimbeyov/index.html linkindən istifadə edə bilərlər.

Sərgilərdə isə yazıçının əsərləri, həyat və yaradıcılığı haqqında kitablar, rəsmi sənədlər, mükafatları, dövri mətbuatda çap olunan  məqalələr, fotolar nümayiş olunur. 

Virtual Sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/M.Ibrahimbeyov/index.htm   linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Xatırladaq ki, Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, 1964-cü ildə Moskvada ali ssenari kurslarını, 1973-cü ildə isə ali rejissor kurslarını bitirib. 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib, sonrakı illərdə bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.

 Maqsud İbrahimbəyov istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. 60-cı illərdə ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə geniş oxucu rəğbəti qazanıb. Yazıçının əsərləri kütləvi tirajla çap edilib, bir çox dünya dillərinə tərcümə olunub, pyesləri tamaşaya qoyulub.

Maqsud İbrahimbəyov "Bütün yaxşılıqlara görə ölüm", "Truskaveçə kim gedəcək" , "Ondan yaxşı qardaş yox idi", " Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu" və s. romanların müəllifidir.  "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilib.

O, həmçinin hamının sevdiyi "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Ən vacib müsahibə" və s. filmlərin ssenari müəllifidir.

Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı uğurlu ictimai fəaliyyət göstərib, bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Yazıçının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Xalq yazıçısı” fəxri adına (1998), “Şöhrət” (1995), “İstiqlal” (2005) və “Şərəf” (2015) ordenlərinə layiq görülüb.

13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb.

Faktinfo.az


 



Milli Kitabxanada Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə tədbirlər həyata keçirilir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi