
“Milli mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə dünya kitabxanalarında mühafizə olunan Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının reprint nəşrlərinin təqdimatı keçirilib -FOTOLAR
23 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan “Milli mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə dünya kitabxanalarında mühafizə olunan Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının reprint nəşrlərinin təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçıları salamlayaraq layihənin milli-mədəni irsimizin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, müxtəlif dövrlərdə Azərbaycan hüdudlarından kənara çıxarılmış, hazırda dünyanın ayrı-ayrı kitabxana, muzey və arxivlərində mühafizə olunan klassik irsimizə aid qiymətli əlyazmaların aşkar edilərək elektron surətlərinin ölkəmizə gətirilməsi milli yaddaşımızın zənginləşdirilməsinə xidmət edir. Professor Kərim Tahirov layihə çərçivəsində həyata keçirilən tədqiqat və axtarış işlərinin Azərbaycan xalqının zəngin yazılı irsinin daha dərindən öyrənilməsinə, elmi dövriyyəyə daxil edilməsinə və geniş ictimaiyyətə tanıdılmasına yeni imkanlar yaratdığını qeyd edib.Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Əkrəm Bağırov çıxış edərək Azərbaycan əlyazma irsinin elmi, tarixi və mənbəşünaslıq baxımından əhəmiyyətindən danışıb. O, klassik mütəfəkkirlərimizin əsərlərinin müxtəlif ölkələrin kitabxana və arxiv fondlarında qorunub saxlanılmasının Azərbaycan ədəbi və elmi fikrinin geniş coğrafiyada yayılmasının göstəricisi olduğunu bildirib. Əkrəm Bağırov bu əlyazmaların surətlərinin Azərbaycana gətirilməsinin mətnşünaslıq, ədəbiyyatşünaslıq və əlyazmaşünaslıq sahələrində yeni tədqiqatların aparılması üçün mühüm elmi mənbə bazası formalaşdırdığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən İordaniya Milli Kitabxanasının baş direktoru Firass Atallah Mohammad Darabah yazılı mədəni irsin qorunmasının ümumbəşəri əhəmiyyətini vurğulayaraq Azərbaycan Milli Kitabxanasının bu istiqamətdə həyata keçirdiyi təşəbbüsü yüksək qiymətləndirib. O, tarixi əlyazmaların müəyyənləşdirilməsi, rəqəmsallaşdırılması və tədqiqatçılar üçün əlçatanlığının təmin edilməsində milli kitabxanalar arasında beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını qeyd edib.
Azərbaycan Milli Kitabxanasının elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova çıxışında “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsinin əsas məqsədi, elmi əhəmiyyəti və həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, layihə çərçivəsində dünyanın müxtəlif ölkələrinin kitabxana, muzey və arxivlərində mühafizə olunan Azərbaycan klassiklərinə məxsus 560-dan artıq əlyazmanın elektron surəti ölkəmizə gətirilib, onlardan 200-dən çoxu reprint üsulu ilə nəşr edilərək Azərbaycan Milli Kitabxanasının Nadir kitablar fonduna daxil edilib. Ədibə İsmayılova bu istiqamətdə həyata keçirilən fəaliyyətin milli yazılı irsimizin qorunması, elmi tədqiqi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirə yekun vuran Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov son bir il ərzində üç qiymətli orijinal əlyazma nüsxəsinin də Milli Kitabxanaya gətirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Təqdimatın sonunda iştirakçılar “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində Azərbaycana gətirilmiş klassiklərimizin əlyazmalarının repirint nəşrlərindən ibarət sərgi ilə tanış olublar.
Faktinfo.az





















Bu xəbər üçün şərh yazın