Mirdamət Sadıqov hansı səbəbdən təhsil sistemindən uzaqlaşdırıldı?!

Mirdamət Sadıqov hansı səbəbdən təhsil sistemindən uzaqlaşdırıldı?! -İcra başçısı niyə tənqid olunur?!

Son bir həftədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bir neçə saytda davamlı şəkildə tənqid olunur.Yazılanları oxuyarkən belə qənaətə gəlmək olur ki, İcra başçısı haqqında tənqid yazılmır, ona şər, böhtan atılır.

Bir  neçə saytın adını da çəkmək olar.Amma düşünəndə ki,onları şərəfləndirmiş olarıq,buna ehtiyac duymadıq. Əgər onlar Mirdamət Sadıqov barəsində tənqid yazarkən sıradan biri haqqında deyil, tanınmış bir alimin,professorun qərəzli şəkildə hədəf seçilməsini  nəzərə almadılarsa,biz onları niyə reklam edək ?

 Mirdamət Sadıqov kimdir, o nədən təhsil sistemindən uzaqlaşdırılaraq İsmayıllı rayonuna İcra başçısı göndərildi -sualına aydınlıq gətirək.Bilənlər bilir ki, məlum İsmayıllı hadisələri zamanı rayonda hansı vəziyyət yaranmışdı,vəziyyətin bu həddə gəlib çatmasına səbəb olan amillər nələrdən ibarət idi?! Qısası, hakimiyyətin yuxarı eşalonunda baş verənləri yaxşı anlayır,mövcud vəziyyəti ən incə elementlərinə qədər  təhlil edirdilər.Təbii,ilk əvvəl baş verən qiyamı yatırtmaq, sonrakı mərhələdə sabitliyin bərqərar olması üçün doğru bir təyinatı həyata keçirmək lazım idi.Belə bir həssas məqamda əslən İsmayıllı rayonundan olan tanınmış ziyalı,Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ,professor Mirdamət Sadıqovun təyinatı  təsadüfi sayıla bilməzdi.Hadisələrin sonrakı inkişafı subut etdi ki,ölkə rəhbərliyinin bu seçimi milli mənafe baxımından ali məqsədə xidmət edib.

Əlqərəz, indi bir sıra saytlar  bütün bunları görməzdən gəlir,şəxsi istək və arzudan irəli gələn bir şəkildə M. Sadıqovun fəaliyyətində nöqsan axtarırlar. Onu nələrdə suçlamırlar ki?..

Guya, İcra başçısı sakinlərin qayğısına qalmır,hətta onları təhqir edir.Əvvəla ,bu absurd fikirdi.Niyə? Ona görə ki, bir neçə il bundan qabaq sakinlərin qayğısına qalmayan,idarəetməyə qeyri-ciddi yanaşan sabiq icra başçısının fəaliyyətinə dair vəziyyət  o həddə çatmışdı ki,onun ətrafı sakinlərin qayğısına qalmır,onları təhqir etməkdən belə çəkinmirdilər.Nəticəsi nə oldu? İsmayıllılar kükrədilər,şahə qalxdılar,aşağılanmağı qəbul etmədilər. Məhz bu səbəbdən M.Sadıqov rayona rəhbər göndərildi. Bəlkə, belə deyil? Bir düşünün: indi onun özü sələfini təkrarlaya bilərmi?!

M.Sadıqov brilyant  biznesində ittiham olunur.Əvvəla, mətbuatı izləyənlər bilir ki,İcra başçısı saytlara dəfələrlə açıqlama verib ki,onun heç bir brilyant  biznesi yoxdu,şəriki kimi adı hallandırılan Sevda,adlı qadını isə, ümumiyyətlə tanımır. Kiminsə bu barədə faktı ,subutu varsa, ortaya qoysun. Bu barədə bir ziyalı,professor,İcra başçısı başqa nə cavab verməlidir ki?..

Digər bir məqam : guya M.Sadıqov rektor işlədiyi dövrdə hansısa işçisini hədələyərək “... başını bədənindən yox edərəm” deyib,onu ölümlə təhdid edib. Bir düşünün: fakt elə bir təkzibedilməz dəlildir ki,onu heç cür təhrif etmək olmur.Köhnə xatirələrin qiyafəsinə bürünürsünüzsə, “yaddaşlarda ilişib qalanı” xatırlatmaq indi yada düşürsə, heç olmasa təkzib olunmaz fakt ortaya qoyulmalı,bilinməlidir ki,təhqir olunan,hədələnən şəxs kim olub? Əgər bu yoxdursa, demək ki,silahınızı kinlə ,küdurətlə əvəz edib qələmə sarılmısınız ki,bu da  yanlış hərəkətdir.

İcra başçısına qarşı irəli sürülən daha bir ittiham ondan ibarətdir ki,o külli miqdarda korrupsiya halına yol verib.Onu deyə bilərik ki, bir müddət əvvəl Maliyyə Nazirliyi,daha sonra Hesablama Palatası rayonda yoxlama aparıb.Əgər belə bir fakt olsaydı,ictimaiyyətə açıqlanardı,hüquqi müstəvidə ölçü götürülərdi.Demək ki,bu ittihamın  iqtisadi mənimsəmə ilə hər hansı bağlılığı yoxdur,M.Sadıqova  qarşı irəli sürülən bu ittiham da yersizdir.Bir qrup sayt ,onların əqidəsinə yoldaş olan şəxslərin uydurmasıdır.

Bütün bunlar azmış kimi,hətta İcra başçısı Prezidentin açdığı müəssisələri işləməyə qoymamaqda,ətrafında qohum- əqrəba idarəçiliyi yaratmaqda günahlandırılır.Qəribədir, bu qədər yalan,bu qədər şər-böhtan yazanlar hansı məntiqə əsaslanırlar? 

Bununla həm də yazılarında qəti imkan tədbiri seçib özlərini çətin duruma salırlar.Axı, bu elə bir ciddi  ittiham hədəfidir ki,yazılanlar subut edilməzsə, qarşı tərəfin özü çətin duruma düşə bilər. Bu onunla izah olunur ki,iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması önəm kəsb etdiyi,bu barədə ən yuxarı səviyyədə müzakirələrin getdiyi bir vaxtda hansı İcra başçısı,hansı məmur tabeliyindəki müəssisənin işinə maneçilik törədib özünü çıxılmaz vəziyyətə qoyar? O da ola  ki,bunu Mirdamət Sadıqov kimi təcrübəli şəxs etsin.Gülüncdür, deyilmi?

O ki,qaldı İcra başçısının qohum- əqrabasını ətrafına yığması məsələsinə,əgər onun rayonda bir qohumu vəzifədə çalışırsa və öz işini vicdanla yerinə yetirirsə, bunun nəyi pisdir? Yox, əgər M.Sadıqov əvvəlki İcra başçısının dövründə rayon sakinlərini incidən, onlara ”hara şikayət edirsən, et”deyən bəzi məmurları işdən kənarlaşdırıbsa, bu o deməkdir ki,onun idarəetmə sistemində güclü kollektivçilik ,kollegiyaçılıq mövcuddur. Bunu da bu gün istəməyənlər var və işdən kənarlaşdırılmış bu kəsimin narazı olması başa düşüləndir. 

 

Bəzi məlum saytlarda yayılan yazılarda, həmçinin M.Sadıqovun rayondakı istirahət mərkəzlərinə “əl qoyması”,onlardan xərac toplaması fikri irəli sürülür.Ancaq bu məsələ ilə bağlı nə bir istirahət mərkəzinin,nə də bir şəxsin adı çəkilir.Demək ki,bu fikir də heç bir fakta söykənmir,inandırıcılıqla əsaslandırılmır. Belə çıxır ki,məqsəd şayiələr yaymaqla İcra başçısını nüfuzdan salmağa cəhd göstərməkdir.

 Bu yerdə qısa bir xatırlatma edək: Heç kimə sirr deyil ki, rayonlarda insanlar rayon rəhbərliyi ilə aralarında yaranan problemləri yoluna qoya bilməyəndə yerli rəhbərliyin özbaşınalığı ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət göndərirlər. Və bu şikayətlər qeydiyyata götürülür, sonradan Prezident Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə əlaqədar şöbəsi tərəfindən ictimaiyyətə ildə iki dəfə açıqlanır.Bu halın özündə  həm islaholunma, həm də ictimai nəzarətin həyata keçirilməsi, ictimai qınaq da dayanır. Respublika vətəndaşları bilir ki, hansı rayonlardan vətəndaşlar daha çox şikayət edir. Bunu da KİV-lər dərc edir. Belə şikayətlərin qrup halında, yoxsa fərdi qaydada olduğu aşkarlanır. Son belə açıqlama bir müddət əvvəl Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov tərəfindən edildi. Siyahıda İsmayıllı rayonunun adı qeyd olunmamışdı. Buradan da aydın olur ki, İsmayıllı rayonunun insanları indiki İcra başçısı Mirdamət Sadıqova hörmətlə yanaşırlar. Belə  məlum olur ki, Mirdamət Sadıqov insanları narazı salmır, mümkün olduğu qədər onlara qayğı ilə yanaşır.Belə olan halda Mirdamət Sadıqov qərəzli şəkildə niyə tənqid olunur?!

Nəzərə alaq ki,vətəndaş-məmur münasibətlərini tənzimləyib, ictimai nəzarəti həyata keçirən vasitələrdən biri də mətbuatdır. Məmurun hərəkətinin ictimailəşməsinin aparıcı katalizatoru da mətbuatdır. Bu səbəbdən istənilən məmurun hərəkətləri və idarəetməsi pis halda mətbuatın qınağına tuş gəlmək məcburiyyətində qalır. Bu isə mətbuata dair müsbət haldır. Mətbuat yalan yazırsa, xəbərin ictimai müzakirəsi olmur, məmur həm də oxucular üçün mətbuat adiləşir, hörmətdən düşür. Məgər, “Yazılan tənqidi məqalələrə reaksiya verilmir”, “Mətbuatdır, yazır yazsın, onların da peşəsi yazmaqdır”, “Mətbuatın yazısı ilə məmurları işdən çıxarsaydılar, bütün məmurlar işdən çıxmış hesab edilməli idi” və s. məzmunlu fikirlərə media orqanlarında çalışan şəxslər azmı təsadüf edir.

Qısası, ölkə prezidentinin etimad göstərib, İsmayıllı rayonuna rəhbər göndərdiyi dəyərli bir professoru saytlarda əsassız yerə tənqid edib, qaralamaq yolverilməzdir. Nəzərdən qaçırmamalıyıq ki, vəzifəmiz təkcə vətəndaşlara xəbər çatdırmaq deyil, həm də xəbərin hansı səbəbdən qaynaqlana biləcəyini araşdırmaqdan ibarətdir...

Fuad İsgəndərov 

Faktinfo.az-ın baş redaktoru

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi